Qazi Prezidentə ƏƏSMN-dən ŞİKAYƏT ETDİ - Məni İntihar həddinə gətiriblər

Qazi Prezidentə ƏƏSMN-dən ŞİKAYƏT ETDİ - Məni İntihar həddinə gətiriblər
 

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Surəti: Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti, xanım Mehriban Əliyevaya;

Surəti: Baş Nazir cənab Əli Əsədova;

Surəti: Milli Məclisin sədri xanım Sahibə Qafarovaya;

Surəti: İnsan Hüquqları Üzrə Müvəkkil xanım Səbinə Əliyevaya;

Surəti: Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Sahil Babayevə;

Surəti: Kütləvi İnformasiya Vasitələrinə

Ali Baş Komandanın adından yalan vədlər verən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin hüquqlarımı pozmasına dair ikinci qrup əlil, qazi Cahangirov İlqar Əlsafa oğlu tərəfindən

        ŞİKAYƏT ƏRİZƏSİ


 Möhtərəm cənab Prezident!

Hörmətli Media Nümayəndələri!

Mən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əliləm. Çox sayda medallarla təltif olunmuşam. Atam Əlisafa Cahangirov birinci Qarabağ 
müharibəsinin iştirakçısı olub, anam qəhrəman ana adını alıb, bir qardaşım birinci Qarabağ döyüşlərində yaralanıb ömürlük 2-ci qrup əlildir və digər qardaşım isə birinci Qarabağ müharibəsi veteranıdır. Bir sözlə biz ailəlikcə Vətənimizə və Dövlətimizə bağlı şəxslərik.

Mən, 22 sentyabr 2023-cü il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi
nazirinin müavini Hidayət Abdullayevin qəbulunda olmuşam. Nazir müavini mənim bütün problemlərimi bir-bir diqqətlə dinləyib, ailə vəziyyətim barədə kifayət qədər məlumat əldə edib.

Mənim və ailəmin Vətənə və Dövlətə necə bağlı olduğumuzun və cənab Ali Baş Komandan İlham Əliyevin siyasi kursuna necə bağlı olub dəstəklədiyimizin şəxsən şahidi olub.

Nazir müavini Hidayət Abdullayev, görüş zamanı məni şəxsən dəstəklədiyini bildirərək, söylədi ki, sizin kimi şəxslərin hər zaman yanındayıq və sizin problemləriniz dekabr ayının sonuna qədər mütləq öz həllini tapacaq. 

Nazir müavini Hidayət Abdullayev mənə söz verib arxayın etdiyi üçün mən də səbr edib gözlədim. 2023-cü ilin dekabr ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yaxınlaşıb söylədim ki, cənab nazir müavini Hidayət Abdullayevin problemlərimin həlli ilə bağlı tapşırığı var. Lakin Nazirliyin  əməkdaşları mənə bildirdilər ki, sistemdə sizinlə bağlı heç bir məlumat yoxdur. Hətta mənim, nazir müavininin qəbulunda olmağlımla bağlı belə sistemdə heç bir məlumat yox idi.

Nazir müavini Hidayət Abdullayev qəbulda mənimlə danışarkən cənab Ali Baş Komandanın və nazir Sahil Babayevin adından mənə söyləyib ki, biz onların tapşırığı ilə sizin problemlərinizi mütləq həll edəcəyik. Lakin cənab Prezidentin və nazirin adından sui-istifadə edən nazir müavini Hidayət Abdullayev mənə
verdiyi sözü unudub. Problemlərimi həll etmək üçün mənə dekabr ayına söz vermişdi, indi isə fevralın sonudur. 

İndi heç Hidayət Abdullayevin  qəbuluna belə düşə bilmirəm. Hətta nazir müavini ilə görüşəndə təkidlə mənə 200 manat maddi yardım da etdilər ki, müvəqqəti olaraq kiçik problemlərini həll et. 

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət Abdullayevin bu hərəkəti məni mənəvi olaraq sarsıtmış və mən hazırda psixiatrik müalicə alıram ki, intihar etməyim. Bu gün nazir Sahil Babayev və onun müavini Hidayət Abdullayev cənab Ali Baş Komandanın siyasi kursuna sadiq olan, Vətən yolunda canını verib, əlil olmuş bir qazini, Ali Baş Komandanın adından yalan vədlər verərək, intihar həddinə çatdırıblar.

Mən cənab nazir Sahil Babayevə səslənib, xahiş edirəm ki, məni şəxsən qəbul etsin. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul şöbəsindən xahiş edirəm ki, məni nazirin qəbuluna yazıb, qəbulun vaxtı barədə mənə dəqiq məlumat verəsin.

Bu müraciətin başında cənab Ali Baş Komandana müraciət etsəm də, bilirəm ki, mənim bu müraciətimi Prezident Administrasiyasının məktublar şöbəsində oxuyub, kənara atacaqlar. Ona görə də doğru fəaliyyət göstərən media nümayəndələrindən xahiş edirəm ki, mənim bu müraciətimi öz saytlarında dərc etsinlər ki, bəlkə müraciətimin ictimailəşməsi nəticəsində səsim cənab Prezidentə və Birinci Vitse-Prezidentə çatdı.

Əlavə olaraq, onu da qeyd etmək
istəyirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Hidayət 
Abdullayevin mənə qarşı etdiyi bu haqsızlığa qarşı dinc etiraz aksiyasına icazə verilməsi üçün 26.02.2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əziz oğlu Əzizova ərizə ilə müraciət etmişəm. Dinc etiraz aksiyasının yeri və vaxtı barəsində bütün media nümayəndələrinə öncədən məlumat verəcəyəm.

İmza: II qrup qazi İlqar Cahangirov
Tarix: 27.02.2024

 

0.16275882720947