Ukrayna prezidenti Vladimir Zelenskinin martın 4-də Ermənistana gələcəyi bildirilir.
Publika.az xəbər verir ki, bu məlumat Ermənistanı qarışdırıb. Paşinyanın əleyhdarları iddia edirlər ki, Zelenskinin bu səfəri Rusiya ilə açıq düşmənçilikdir və Moskvaya qarşı ikinci cəbhənin açılmasıdır.
Məsələ ilə bağlı danışan hüquq müdafiəçisi Avetik İşxanyan isə bir qədər də irəli gedərək, bunun Azərbaycan üçün hədiyyə olduğunu bildirib.
“Bu planlaşdırılan səfər, məncə, hamı üçün sürpriz oldu. Əslində Rusiya ilə müharibədə olan ölkənin prezidenti Ermənistana səfər edir. Təəccüblüdür ki, Rusiya ilə müharibə vəziyyətində olan ölkənin prezidenti Ermənistana səfər etməyə vaxt tapır.
Yeri gəlmişkən, 2020-ci ildə Ukrayna rəsmi olaraq Azərbaycanı təbrik etdi, məğlubiyyətimizə sevindi. Buradan acınacaqlı nəticəyə gəlmək olar ki, 2018-ci ildə hakimiyyətə gələn baş nazir də Azərbaycanın müttəfiqi olub.
Sual yaranır ki, o səfərin səbəbi nədir? Aydındır ki, onun Ukraynadan nə iqtisadi, nə də hərbi sahədə heç bir gözləntisi yoxdur. Bu, Ermənistanın növbəti anti-Rusiya hərəkətidir. Baş nazir on dəfədir ki, Ermənistanın Rusiya-Ukrayna müharibəsində Rusiyanın müttəfiqi olmadığını xüsusi vurğulayır. KTMT-yə üzv olan ölkələrin Belarusdan başqa heç biri Rusiyanı müharibədə dəstəkləmir, amma bunu demirlər. Paşinyan açıqlamaları ilə Ermənistanı bilərəkdən Rusiyaya düşmən edir. Həm də təkcə Rusiya ilə deyil, həm də təbii müttəfiqimiz İranla. Artıq bəllidir ki, baş nazir Ermənistanın təhlükəsizliyini vecinə almayaraq onu hakimiyyətə gətirənlərin növbəti tapşırığını yerinə yetirir. Rusiya ilə düşmənçilik Ermənistana qarşı yeni hücum üçün Azərbaycana böyük hədiyyədir”, - İşxanyan bildirib.