Hüquq Akademiyası layihəsinin açılışı olub

Hüquq Akademiyası layihəsinin açılışı olub
 

“ELSA Azərbaycan”ın (“Avropa Hüquqşünas Tələbələr Assosiasiyası – Bakı” İctimai Birliyi) təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Baş Prokurorluğunun tərəfdaşlığı ilə həyata keçirilən “Antikorrupsiya sahəsində Hüquq Akademiyası” layihəsinin açılış mərasimi olub.

Açılış mərasimi Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində keçirilib.

Paralel.az xəbər verir ki, açılış mərasimində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Preventiv tədbirlər və təhqiqat idarəsinin rəisi Səbuhi Alıyev çıxış edərək, korrupsiyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb, bu baxımdan “ELSA Azərbaycan”ın fəaliyyətini yüksək qiymətləndirib.

Sonra Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxış edərək, Fondun maarifləndirmə işlərini özündə ehtiva edən layihələrə daim xüsusi diqqət göstərdiyini bildirib və bu istiqamətdə “ELSA Azərbaycan”ın indiyədək bir çox layihələrinə dəstək olduğunu vurğulayıb.

Hüquq Akademiyasının açılış mərasimində, eyni zamanda, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Baş katibi Bayram Orucov, ADA Universitetinin Hüquq fakültəsinin dekanı Rəşad İbadov, Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının müdiri Əsmər Əliyeva, “ELSA Azərbaycan”ın prezidenti Nərminə Hüseynzadə və xəzinədarı Nazim Çələbiyev çıxış ediblər.

Qeyd edək ki, Hüquq Akademiyasının əsas məqsədi hüquq tələbələrini və gənc hüquqşünasları ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən islahatlar, o cümlədən institusional və qanunvericilik tədbirləri barədə maarifləndirmək, beynəlxalq antikorrupsiya tədrisi təcrübəsi nəzərə alınmaqla, onların bu sahə üzrə bilik və bacarıqlarını artırmaqdan ibarətdir.

Layihə çərçivəsində iştirakçılara 3 gün ərzində korrupsiya ilə mübarizə sahəsində peşəkarlar tərəfindən müxtəlif təlimlər keçiriləcək.

 

0.01378607749939