Sülhəddin Əkbər: “Zəngəzur dəhlizinə heç bir üçüncü ölkə tərəfindən nəzarət olmamalıdır”
Azad Demokratlar Partiyasının sədri, geosiyasət üzrə mütəxəssis Sülhəddin Əkbər regionda gedən proseslərlə bağlı “AzPolitika.info”nun suallarını cavablandırıb. O, Prezidentin andiçmə mərasimində yeni dövrlə bağlı açıqladığı konsepsiyasını dəyərləndirib, Azərbaycan-Ermənistan münaqişəsinin həlli, Rusiya hərbçilərinin ölkədən çıxarılma perspektivlərini, Qərb müstəvisində sülh danışıqlarının bərpa imkanlarını şərh edib.
Müsahibənin Paralel.az-ın oxucuları üçün maraqlı olacağını nəzərə alıb, təqdim edirik:
- Sülhəddin bəy, ölkə başçısı andiçmə mərasimində yeni dövrlə bağlı konsepsiyasını açıqladı. Qarşıdakı dövrdə Azərbaycanın əsas vizyonu, istiqaməti nədən ibarət olacaq?
- Xarici siyasət prioritetlərindən söhbət gedirsə, açıqlanan və açıqlanmayan məsələləri nəzərə alsaq, təbii ki, ilk növbədə Moskva ilə müttəfiqlik münasibətlərinin gücləndirilməsi, Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinin inkişaf etdirilməsi, Türk Dövlətləri Təşkilatı daxilində aktivlik nümayiş etdirilməsi kimi məsələlər nəzərdə tutulub. Üçüncü məsələ haqqında dövlət başçısı geniş danışdı. Bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki yeni dünya nizamı qurulur, bizim də öz geopolitik proyektimiz olmalıdır və yeni dünya nizamında türk dövlətlərinin, o cümlədən Azərbaycanın öz layiqli yerini tutması üçün oyunçu olmasına ehtiyac var. Azərbaycanın kiçik dövlət olduğunu, müharibənin hələ yeni başa çatdığını və gələcəyin də qeyri-müəyyən olduğunu nəzərə alsaq, bizim geopolitik çəki yığmağa ehtiyacımız var. Bu baxımdan, Azərbaycanın öz gücü təkbaşına yetərsiz olduğuna görə onun Türkiyə başda olmaqla, türk dövlətlərinə böyük ehtiyacı var. Yəni türk dövlətləri doğrudan da birləşə, geopolitik gücə çevrilə bilərsə, o zaman yeni dünya nizamında həm bütövlükdə, həm də ayrı-ayrılıqda layiqli yer tuta bilərik. Amma bu o demək deyil ki, Azərbaycan siyasi, iqtisadi, mədəni və humanitar baxımdan inkişaf etmiş dünya ilə əlaqələrini kəsməlidir. Tam tərsinə, bu istiqamətdə qardaş Türkiyənin apardığı siyasətdən nümunə götürmək lazımdır. Türkiyə on illərdir Avropa Birliyinin qapısında gözlədilməsinə baxmayaraq, Avropa Birliyi üzvlüyündən, namizədlik statusundan imtina etmir. Əksinə, hər fürsətdə bu prosesi aktivləşdirmək istəyir. Eyni zamanda Türkiyə artıq 70 ildən çoxdur ki, NATO-nun üzvü, Qərb dünyasının bir parçasıdır. Bu baxımdan, Azərbaycanın bütün məsələlərdə Türkiyə ilə birgə hərəkət etməsinə ehtiyac var. Yəni Avropa Birliyi, NATO və ABŞ ilə münasibətlərini inkişaf etdirməlidir. ABŞ bütün tənqidlərə və problemlərə baxmayaraq, dünyanın ən güclü dövlətidir. Yeni dünya nizamı quruculuğuna, kollektiv Qərbə liderlik edən bir ölkədir.
- Əgər Avropa Birliyi və NATO Azərbaycanı orada görmək istəmirsə, necə olacaq?
- Ola bilsin ki, Avropa Birliyi Azərbaycanı öz tərkibində görmək istəməsin. Amma bizə bu standartları yaxalamaq lazımdır. Bizə Avropa Birliyi üçün yox, öz milli maraqlarımız üçün demokratikləşmək lazımdır. Müasir mədəniyyət səviyyəsinə çıxmaq lazımdır. Bizim babalarımız 100 il bundan öncə artıq bu yolu seçiblər. Nəyə görə bu yolu seçiblər? Ona görə ki, inkişafın, tərəqqinin yolu olduğunu biliblər. Çünki müasir dünyada əsl inkişaf (insan mərkəzli olmaqla, hərtərəfli, dayanıqlı və davamlı inkişaf) demokratik inkişaf yolundan keçir. Biz müasir dünyada inkişaf etmiş ölkələrin də məhz demokratik ölkələr olduğunu görməliyik. Söhbət insan mərkəzli siyasətdən - cəmiyyətin və dövlətin siyasi, iqtisadi, sosial, hüquqi və mədəni inkişafından gedir. Bu da yalnız demokratik dünyada mümkündür.
İkincisi, cəmiyyətin və millətin bütün gücünü mobilizasiya etməyin əsas yolu demokratik inkişafdır. Digər idarəçilik formaları yalnız bir adamın, yaxud da bir qrupun, ən yaxşı halda bir təbəqənin gücündən istifadəyə imkan verir. Siyasi-fəlsəfi, siyasi-praqmatik baxımdan da insanın, cəmiyyətin və dövlətin maraqları baxımından da demokratik inkişaf yolu qaçılmazdır, zəruridir. Biz demokratik inkişaf, demokratik dünyaya inteqrasiya yolunu seçməliyik.
- Prezident çıxışında həm də Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının şərtlərindən bəhs etdi. Söhbət Ermənistanın hüquqi əngəlləri aradan qaldırmasından, ərazi iddiaları əks olunan Müstəqillik aktı və Konstitusiyasının dəyişdirilməsindən gedir. Prezident bildirdi ki, əks təqdirdə, sülh sazişi olmayacaq. Bu bəyanat yaxın dövrdə sülh prosesini tezləşdirə bilərmi? Sizcə, bu ziddiyyətlər davam edərək başqa bir müstəviyə keçə bilərmi?
- Birincisi, nəzərə almalıyıq ki, yeni dünya nizamı qurulur və bununla bağlı geopolitik savaşlar gedir. Bu savaşın bir parçası da bizim torpaqlarımızda baş verir. Yəni bu münaqişə geopolitik xarakterli münaqişədir. Bu geopolitik qarşıdurma neçə ki, davam edir, münaqişənin həllini problemli görürəm. Söhbət hüquqi baxımdan nəticələrin təsbit olunmasından, sülh müqaviləsi ilə münasibətlərin normallaşmasından gedir. Xüsusi məsələlərə gəldikdə, burada iki yanaşma var. Azərbaycan tərəfinin yanaşmasını, qeyd etdiyiniz kimi, dövlət başçısı açıqlayıb. Bu, haqlı yanaşmadır. Çünki Ermənistan milli qanunvericiliyinə, Konstitusiyasına əsasən bağlanacaq sülh müqaviləsi qanuna zidd olacaq. Orada həm Azərbaycana qarşı, o cümlədən Qarabağ məsələsi ilə bağlı, həm də Türkiyəyə qarşı ərazi iddiaları var.
- Ancaq Paşinyan dedi ki, “bu bizim daxili məsələmizdir”...
- Azərbaycanın yanaşması haqlı yanaşmadır. Çünki Ermənistan Azərbaycana və qardaş Türkiyəyə qarşı öz milli qanunvericiliyində təsbit olunmuş iddialarından əl çəkməyib. Ona görə də bu müqavilənin baş tutması mümkün olmayacaq. Ermənistan sülh müqaviləsi layihəsində nəzərdə tutulduğu kimi, öz qanunvericiliyini nəzərə almadan üzərinə müəyyən öhdəliklər, o cümlədən Azərbaycanın ərazi bütövlüyünü tanıması ilə bağlı öhdəlik götürə bilər. Amma Ermənistan sülh müqaviləsini parlamentdə ratifikasiya etməlidir. Ratifikasiya edəndə məsələ qalxacaq ki, bu, Konstitusiyaya ziddir və iş gedəcək Konstitusiya Məhkəməsinə. Konstitusiya Məhkəməsi də həqiqətən bunun Konstitusiyaya zidd olduğunu bildirəcək və bu sənədin ratifikasiyası mümkün olmayacaq. İkinci bir tərəfdən, Paşinyan nə zamansa hakimiyyətdən gedəcək, rejim dəyişəcək və bu məsələ yenə mübahisələndiriləcək. Ona görə də Azərbaycanın yanaşmasını haqlı hesab edirəm. Həqiqətən də, əgər Ermənistanın Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası yoxdursa, onda sual yaranır ki, niyə dəyişikliyə getmir?
- Paşinyan göstərməyə çalışır ki, daxili müqavimət var...
- Amma bu məsələni Paşinyan özü də qaldırıb axı. Digər tərəfdən, daxili müqavimət artıq Ermənistanın daxili işidir. Ermənistan daxili problemini özü həll etməlidir. Məncə, bu bir bəhanədir. Paşinyan müharibədən yeni çıxmış Ermənistanda keçirilən seçkidə qalib gəlib. Deməli, erməni cəmiyyətinin əksəriyyəti bu yanaşmanı dəstəkləyir. Bu baxımdan, Ermənistan parlamentində hakim “Vətəndaş müqaviləsi” partiyasının çoxluqda olduğunu və cəmiyyətin əksəriyyətinin bu çoxluğu dəstəklədiyini nəzərə alsaq, bu, mümkündür. Ona görə də Azərbaycan bu məsələni hüquqi baxımdan birdəfəlik həll etməlidir.
- Arxa planda bir neçə ciddi fikir ayrılığı var ki, sülhə mane olan faktorlar onlardır. Burada Zəngəzur dəhlizinin açılması şərtləri, sərhədlərin dəqiqləşdirilməsi mexanizmləri və beynəlxalq qarantiyalar məsələsini qeyd etmək olar...
- Bəli, əvvəla sülh müqaviləsinin bağlanması üçün geopolitik ziddiyətlər aradan qalxmalıdır. İkincisi, konkret sülh müqaviləsi ilə bağlı olan problemlər də geopolitik məsələlərlə əlaqədardır. Bu durumla bağlı üç məsələ var: Birincisi, Ermənistan və onun havadarları beynəlxalq zəmanətçi məsələsində maraqlıdır. Burada Rusiya, ABŞ və Qərbin maraqları üst-üstə düşür. Həm Rusiya, həm ABŞ, həm də Avropa Birliyi beynəlxalq təminat istəyirlər. Yəni bu sülh müqaviləsi beynəlxalq iştirakla bağlansın və beynəlxalq təminat olsun. İndi beynəlxalq təminatçılıq uğrunda mübarizə gedir.
İkincisi, sərhədlərin delimitasiya və demarkasiyası məsələsidir. Bu da yenə sərhəd məsələsidir və özündə münaqişə potensialı daşıyır.
Üçüncü məsələ Zəngəzur dəhlizinin hansı şərtlərlə açılmasıdır. Həmçinin Zəngəzur dəhlizinin açılacağı təqdirdə təhlükəsizliyə təminat məsələsi də var. Yəni öz həllini gözləyən 3 məsələ var. Bu baxımdan, münaqişənin tezliklə həll ediləcəyini gözləmirəm.
- Fevralın 12-də Zəngilan istiqamətində lokal qarşıdurma oldu. Burada iki məsələ ortaya çıxır. Birincisi, Azərbaycana Ermənistandan atəş açılan ərazidə Avropa İttifaqının missiyası yoxdur. Çünki oradakı Rusiya sərhədçiləri buna imkan vermir. İkincisi, atəş açanlar “Yerkrapa” terror təşkilatının nümayəndələridir. Ermənistan hakimiyyəti bəyan etdi ki, onlar nizami orduya daxil deyillər. Üçüncü məsələ Azərbaycanın sərt reaksiya verməsidir. Sizcə, bütün bu məqamlar nədən xəbər verir?
- Bu, geopolitik qarşıdurmanın şiddətlənməsindən, məsələnin həllində tərəflərin siyasi-diplomatik müstəvidə qarşıya qoyduğu hədəflər uğrunda mübarizəsinin kəskinləşməsindən xəbər verir. Yəni məsələ hərb meydanında bitib, indi siyasi, diplomatik, hüquqi müstəvidə davam edir. Yaranmış vəziyyətdən və onun inkişaf perspektivindən narazı qalan və narahat olan tərəflər bu prosesi pozmaq istəyirlər. Sizin saydığınız faktorlara birini də mən əlavə edim. Bilirsiniz ki, Şarl Mişel hər iki tərəflə əlaqə saxlamışdı. Hər iki lider yenidən Brüsseldə görüşməyə razılıq vermişdi. Digər tərəfdən bu təxribat birbaşa Ermənistan-Avropa Birliyi Tərəfdaşlıq Şurasının Brüsseldə keçiriləcək beşinci toplantısı ərəfəsində baş verdi...
- Həmin gün xarici işlər naziri Ararat Mirzoyan Brüsseldə idi...
- Bəli. Burada bütün oxlar Rusiyanı göstərir. Çünki Rusiya təşəbbüsü əldən vermək istəmir.
- Yeri gəlmişkən, KTMT-nin Baş Qərargah rəisi Serdyukov da Qərbi ittiham etdi...
- Baş Qərargah rəisinin açıqlaması da bu kontekstdə oxunmalıdır. Onlar görürlər ki, təşəbbüsü itirirlər. Təşəbbüs əldən çıxarsa, Rusiyanın Qafqazdan çıx(arıl)masının önü açıla bilər. Çünki Rusiyanın hərbi iştirakının Azərbaycanda qalması, qorunması üçün ilk növbədə ermənilər yenidən bölgəyə qayıtmalı, dəqiq desək, qaytarılmalı və Rusiyanın silahlı qüvvələri “sülhməramlı” adı altında bu ərazidə qalmalıdır. Rusiyanın hərbi mövcudluğunun Ermənistanda qalması və möhkəmləndirilməsi üçün isə Zəngəzur dəhlizi açılmalı və ora nəzarət də FSB-də olmalıdır. Gürcüstanda hərbi mövcudluq üçün isə rus hərbçiləri həm Ermənistanda, həm də Azərbaycanda qalmalıdır. Görürsünüz, bu məsələlər necə bir-birinə bağlıdır. Ermənistan açıq şəkildə Moskvanın vasitəçiliyinə, Rusiyanın dəhlizə nəzarətinə qarşı çıxır. Tam tərsinə, ABŞ-nin, Fransanın, Avropa Birliyinin regionda aktivləşməsini dəstəkləyir. Yəni Rusiyadan uzaqlaşmağa paralel olaraq sadaladığım mərkəzlərlə münasibətləri yaxınlaşdırmaq xətti götürüb. Bu da Rusiyanı çox ciddi narahat edir.
- Azərbaycan niyə Rusiyaya qarşı çıxmır?...
- Birincisi, bu, siyasi toxuma uyumu, uyğunluğu ilə bağlıdır. Azərbaycan hakimiyyəti siyasi, mənəvi və mədəni baxımdan başda Rusiya olmaqla postovet ölkələrindəki iqtidarlarla “qohumdur”, onlar bir-birilərini çox asan başa düşürlər. İkincisi, bu, geopolitik faktorla bağlıdır. Azərbaycan hazırda əsasən Rusiyanın geopolitik təsir zonasındadır. Qardaş Türkiyə ilə bizim aramızda Şuşa Bəyannaməsi, strateji müttəfiqlik sazişi olsa da, Türkiyə hələ ki, Rusiyanı tam deyil, qismən balanslaşdırır. Hələlik Azərbaycan, xüsusən də Xəzər əsasən Rusiyanın geopolitik, eləcə də hərbi-siyasi nəzarətindədir.
Üçüncüsü, bu, Azərbaycanın Qarabağ məsələsinin həllində ilk növbədə Rusiya ilə razılaşma yolunu tutmasilə əlaqədardır. Bakı bu prosesi Moskva (həmçinin Ankara) ilə birgə aparır. Bu, 2020-ci ildən başlayan prosesdir və bu gün də davam edir. Görünən odur ki, Rusiya öz geopolitik çəkisini əhəmiyyətli dərəcədə itirənə qədər də davam edəcək. Kollektiv Qərblə münasibətdə isə tam əksi baş verir. Çünki Avropa Birliyinə, NATO-ya, Amerikaya yaxınlaşmaq, demokratiya, insan haqları və qanunun aliliyi məsələsini, azad və ədalətli seçkilər məsələsini gündəmə gətirir. Ümumiyyətlə, demokratiya, korrupsiya, inhisarçılıq və gizli iqtisadiyyatla mübarizə məsələləri yumşaq desək, hakimiyyətin xoşlamadığı mövzulardır. Ona görə də bu gün bu vəziyyət yaranıb. Ermənistan belə hesab edir ki, Ankara da, Bakı da razıdır ki, proses Rusiyanın vasitəçiliyi ilə getsin və bu dəhliz də Rusiyanın nəzarətində açılsın. Amma bu, bizim milli maraqlarımıza ziddir. Çünki birincisi, ruslar heç bir halda Qarabağdan, yəni Azərbaycandan çıxmaq istəmirlər. Bu səbəblə, erməniləri bir şəkildə ora geri qaytarmaq istəyirlər.
İkincisi, bizim Türkiyə və Naxçıvanla olan nəqliyyat dəhlizimiz, həmçinin bütün türk dünyasını birləşdirəcək nəqliyyat dəhlizi FSB-nin nəzarətində olacaq. Bu, nə Azərbaycanın, nə də Türkiyənin milli maraqlarına uyğun gəlir. Ona görə də Rusiyanın bu prosesdən, ümumiyyətlə regiondan sıxışdırılıb çıxarılmasını, eyni zamanda Azərbaycanla Türkiyənin kollektiv Qərbə yaxınlaşmasını istəyən bütün tərəflər (ilk növbədə ABŞ, AB və Paşinyan rejimi) burada Azərbaycanın və Türkiyənin milli maraqlarına uyğun həll yolu tapmalıdır. Hesab edirəm ki, Azərbaycan da son zamanlar gözləmə mövqeyinə keçib və sülh prosesi ilə bağlı tələsmək istəmir. Azərbaycanın ikitərəfli danışıqları prioritet elan etməsi mənim uzun zamandır mətbuatda da dilə gətirdiyim, səsləndirdiyim məsələdir. Həqiqətən də Azərbaycanın milli maraqlarına cavab verir ki, vasitəçi olmadan ikitərəfli danışıqlara gedilsin. Çox təəssüf ki, Ermənistan bundan yayınır və özünü Azərbaycan qarşısında zəif hesab edir, qaranta ehtiyac duyur. Ermənistan anlamalıdır ki, əgər ikitərəfli danışıqlar olarsa, o zaman Zəngəzur dəhlizinə nəzarət məsələsi də gündəmdən çıxar. Ona görə də Azərbaycanın milli maraqlarına cavab verən vasitəçisiz ikitərəfli danışıqların baş tutmasıdır. Zəngəzur dəhlizinə də heç bir xarici nəzarətin olmaması bizim də maraqlarımıza uyğundur.
- Amma biz təklif edirik ki, dəhlizə Rusiya nəzarət etsin...
- Əvvəla, bu, bizim milli maraqlarımıza ziddir. İkincisi, əgər biz onu Rusiya bu məsələyə dəstək versin, təki Zəngəzur dəhlizi açılsın deyə dilə gətiririksə, heç olmasa tələb etməməliyik...
- Prezident yanvarda verdiyi müsahibədə dedi ki, biz Ermənistanın qarantiyalarına inanmırıq. Ona görə üçtərəfli bəyanatda əks olunduğu kimi, dəhliz Rusiya FSB-sinin nəzarətində olmalıdır.
- Çox təəssüf ki, bizim məsələni daha dəqiq analiz etməyimiz üçün əlimizdə yetərli informasiya yoxdur. Biz yalnız açıq mənbələr əsasında təhlil aparırıq. Əgər hər hansı bir gizli, qapalı razılaşma varsa, deməli, rus qoşunları hələ, ən azı, müəyyən müddət Azərbaycanda qalacaq. Yəni danışıqlar prosesi Rusiyanın vasitəçiliyi ilə getsə, onda biz Azərbaycanda rus qoşunlarının hansısa adla, hansısa müddətə qalmasına, eyni zamanda dəhlizə FSB-nin nəzarət etməsinə razılıq verməliyik. Bu da Azərbaycanın milli maraqlarına, müstəqilliyinə, suverenliyinə və potensial olaraq əslində ərazi bütövlüyünə ziddir. Çünki ruslar dayanıqlı və davamlı şəkildə bölgədə qalmaq üçün erməniləri kütləvi geri qaytararlarsa, onların hüquq və təhlükəsizliyinə təminat verərlərsə, təminatçı olarlarsa, bu, gələcəkdə separatizmin yenidən dirçəl(dil)məsi üçün zəmin hazırlamaq olacaq. Heç kim qarantiya verə bilməz ki, xüsusən də ruslar, hansı ki, bu prosesin başındadırlar, belə bir şey baş verməyəcək. Unutmayaq ki, 1800-cü illərdə Azərbaycanın parçalanmasından, Şimali Azərbaycanın işğal və ilhaq edilməsindən sonra birinci mərhələdə ermənilər bölgəyə gətirildi, ikinci mərhələdə onlara vilayət, üçüncü mərhələdə dövlət yaradıldı, dördüncü mərhələdə isə bu dövlət genişləndirildi. Bütün bunları edən, eyni zamanda Qarabağ problemini yaradan da məhz ruslardır. Əgər köhnə metropoliya burda qalırsa, hələ üstəlik, silahlı qüvvələri də qalırsa və üstəlik, bizim strateji əhəmiyyətli yolumuza - Zəngəzur dəhlizinə də nəzarət edirsə, onda hansı müstəqillikdən söhbət gedir?
- Sizcə, Azərbaycan Qərb platformasında danışıqlara qayıda bilərmi? Çünki Prezidentin Münhenə getməsi gözlənilir və Paşinyan da orada olacaq (Müsahibə Prezident Əliyevin Münhenə səfərindən öncə alınır-red.). Amerikalı, avropalı vasitəçilərlə Azərbaycan və Ermənistan arasında danışıqlar baş tuta bilərmi? Bu, sülh prosesində yeni bir prosesin başlanğıcı ola bilərmi?
- Mümkün sayıram. Həm Münhen konfransı formatında, həm də Şarl Mişelin vasitəçiliyi ilə Brüsseldə görüş ola bilər. Ancaq geopolitik kontekstdə Azərbaycan istəyir ki, Rusiya Ermənistanla bu məsələni (vasitəçilik və Zəngəzur dəhlizinə nəzarət) özü həll etsin. Bu, Azərbaycanın manevr imkanlarını genişləndirir və gücləndirir. Azərbaycan öz marağına uyğun vasitəçisiz, ikitərəfli danışıqları dəstəkləyir. Vasitəçi olacaqsa, Azərbaycan istəyir ki, bu məsələni özləri həll etsinlər. Ona görə də bu gizli, qapalı anlaşmaları da nəzərə alaraq, Əliyev həm də bunlardan (vasitəçilərdən, eyni zamanda ruslardan) qurtulmaq istəyir. Bunun üçün gərək üçüncü qüvvələr dövrəyə girsinlər. Ona görə də İlham Əliyev ona etiraz etmir. Həmin qüvvələr dövrəyə girib, həm də Rusiyanın Azərbaycana olan təzyiqini azaldır.
- Üçüncü qüvvələr kimdir?
- Üçüncü qüvvələr Avropa Birliyi və ABŞ-dir. Bildiyiniz kimi, danışıqlar üç mərkəzdə gedir - Vaşinqtonda, Brüsseldə və Moskvada.
- Yaydan bəri Qərb platforması işləmir...
- Axı mətbuata da açıqlama verildi ki, İlham Əliyev və Nikol Paşinyan Şarl Mişelin vasitəçiliyi ilə danışıqlara razılıq verib. Burada sadəcə olaraq, Qərb öz maksimalist yanaşmasını azaltmaldıır. Azərbaycan güzəştə getməyəcək, öz milli maraqlarını qoruyacaq. Burada yenidən Rusiya dövrəyə girəcək və Azərbaycan-Rusiya münasibətləri ön plana çıxacaq. Bu, ikitərəfli bir prosesdir. Yəni, hansı tərəfdən təzyiq varsa, bu, o biri tərəfin marağına işləyir. Azərbaycanın milli marağına uyğun olan birincisi, vasitəçisiz danışıqlardır. İkincisi, heç bir beynəlxalq təminatçı, qarant olmamalıdır. Üçüncüsü, Zəngəzur dəhlizinə heç bir üçüncü ölkə, xarici qüvvə tərəfindən nəzarət olmamalıdır. Bu üç məsələ bizim üçün çox mühümdür. Əgər Azərbaycan özü bu üç məsələdə geri çəkilərsə, bu, onun milli maraqlarına zidd olacaqdır.
- Rusiya Azərbaycanla ikitərəfli qaydada sülhməramlıların bölgədə qalma məsələsini müzakirə etməyə çalışır. Hiss olunur ki, hələ xeyli vaxt qalsa da, Rusiya tələsir. Rusiyanın tələbinə Bakı necə reaksiya verəcək? Qarabağda rusların qalması münaqişənin tam bitmədiyi anlamına gəlirmi? Üçüncü bir yol - kompromis variant varmı? Bəzi ekspertlər deyir ki, Qarabağdan çıxarılsın, Azərbaycanın başqa bir yerində Rusiyaya hərbi iştirak statusu verilsin. Bu məsələ hansı şəkildə həll oluna bilər?
- Burada biz çoxsaylı faktorları nəzərə almalıyıq. Əvvəla, biz bu münaqişənin təbiətini anlamalıyıq. Bu münaqişə hər zaman dediyim kimi, Rusiya tərəfindən yaradılmış süni bir münaqişədir. Onu Rusiyanın Azərbaycana qarşı apardığı vəkalət müharibəsi hesab emişəm, bu gün də o fikirdəyəm. Rusiya burada iki vəkildən istifadə edib - Ermənistan Respublikasından və “DQR”-dən. Onlardan birini – “DQR”-i ləğv edib, digərini – Ermənistan Respublikasını da ərazimizdən çıxarıb, silahlı qüvvələrinin əsas hissəsini məhv etmişik. Ona görə də Rusiya məcbur qalıb, özü üzə, qarşımıza çıxıb. Rusiya məcbur qalıb, birbaşa öz silahlı qüvvələrini Azərbaycana yeridib. Hələ üçtərəfli bəyanat imzalamamışdan Rusiya silahlı qüvvələri Azərbaycan torpaqlarında idi. Nəzərə almalıyıq ki, biz yalnız “DQR” və Ermənistanla münaqişədə deyildik, həm də Rusiya ilə münaqişədə idik və indi də münaqişədəyik. Hətta Ermənistanla münaqişə həll olunsa belə, bizim Rusiya ilə münaqişəmiz qalır, davam edir. Rusiya ilə bizim münaqişəmiz yalnız onlar, xüsusən də silahlı qüvvələri bizim ərazimizi tərk etdikdə bitəcək. Nə vaxta qədər ki, neoimperialist Putin Rusiyasının hərbçiləri bizim ərazimizdədirlər, deməli, bizim tam müstəqilliyimizdən söhbət gedə bilməz. Ona görə də bu münaqişənin tam həllinin göstəricisi Rusiya ordusunun Azərbaycan ərazisini tamamilə tərk etməsi olacaq. Ona görə də həyati milli marağımıza (müstəqillik, suverenlik və Vətənin müdafiəsi) toxunan bu məsələdə heç bir güzəşt ola bilməz, olmamalıdır.
- Rusiyanın Azərbaycanda mövcud şəraitdə və şərtlərdə qalmasının yolu nədir?
- Rusiyanın “sülhməramlı” qüvvələrinin burada qalması üçün qarşı tərəf olmalıdır. Rusiya kimlərin arasında “sülh” yaratsın? Axı qarşı tərəf yoxdur. Ona görə də yenidən qarşı tərəfi yaratmaq istəyir. 1828-ci ildən sonra olduğu kimi, yenidən erməniləri Azərbaycan torpaqlarına qaytarmaq, yenidən onların hüquq və təhlükəsizliyinə təminatçı, zəmanətçi rolunu öz üzərinə götürmək istəyir. Rusiyanın danışıqlar prosesində nail olmağa çalışdığı iki strateji hədəfi var: birincisi, Azərbaycanda öz silahlı qüvvələrini saxlamaq, bunun üçün erməniləri geri qaytarmaq; ikincisi, Zəngəzur dəhlizini öz nəzarətində açmaq, Yaxın Şərqlə əlverişli nəqliyyat əlaqələrini qurmaq. Rusların hərbi iştirakının Azərbaycanda qalması üçün ermənilər kütləvi geri qayıtmalıdır. Ermənistanda qalıb möhkəmlənməsi üçün isə Zəngəzur dəhlizinə nəzarət ruslarda olmalıdır. Buna görə də qarşı tərəf də, nə Ermənistan, nə də başda ABŞ olmaqla, kollektiv Qərb bunu istəmir. Təbii ki, bu, Azərbaycanın, Türkiyənin, İranın (dəhlizə xarici nəzarət) da milli maraqlarına uyğun deyil. Ona görə bu məsələdə tələsməmək lazımıdr. Çünki içində olduğumuz geopolitik turbulensiya dövründə vəziyyət dinamik dəyişir, durmadan sürətlə inkişaf edir. Bu səbəblə, Rusiya da düşünür ki, şərait köklü dəyişə, Azərbaycan və Türkiyə ilə əldə olunmuş gizli anlaşmaların şərait və şərtləri ortadan qalxa bilər. Necə ki, üçtərəfli bəyanatı yaradan şərait və şərtlər ortadan qalxdı, vəziyyət sürətlə dəyişdi. Heç kimə sirr deyil ki, NATO-nun mövcud müdafiə planına əsasən, Qara dəniz, Qafqaz və Mərkəzi Asiya istiqamətinə rəhbərlik NATO çərçivəsində Türkiyəyə həvalə edilib. Ona görə Rusiya tələsir və istəyir ki, bu şərait dəyişməmiş əldə olunan gizli anlaşmaları hüquqi cəhətdən təsbit eləsin. Və sonra qarşı tərəf artıq bundan geri çəkilə bilməsin.
- Azərbaycanın hansı imkanları var buna müqavimət göstərsin, Rusiyanı neytrallaşdırsın?
- Ən başlıca imkan yeni dünya nizamının qurulmasının həlledici mərhələdə olması, bununla bağlı geopolitik müharibələrin, ələlxüsus Rusiya-Ukrayna müharibəsinin getməsi və Rusiyanın artıq kollektiv Qərbin strateji tələsinə düşməsilə, digər tərəfdən strateji müttəfiqimiz qardaş Türkiyənin güclənməsi, geopolitik oyunçuya çevrilməsi, Turan layihəsinin həyata keçirilməsi, bu üzdən zamanın həm də Azərbaycanın xeyrinə işləməsilə bağlıdır. Yəni Azərbaycan heç nə etməsə belə, ən azı prosesi uzada, vaxt qazana bilər. Bir sözlə, tələsməməli, qardaş Türkiyə ilə birgə hərəkət etməli və məsələnin həllinin “Rusiya variantı”na getməməlidir.
- Bəs bizə qarşı təzyiq şiddətlənməyəcək?
- Bu dəqiqə top Ermənistan tərəfdədir. Ermənistan nə Azərbaycanın, nə də Rusiyanın tələblərinə hələ ki cavab vermir.
- Bəs rus hərbçilərin bölgədə qalma məsələsi?
- Hələ vaxtımız var. Rus hərbçilərin bölgədə qalma məsələsi əslində bizim üçün ən tezi ilin sonunda aktuallaşacaq. Biz Ruisyanı düşünməməliyik, özümüzü düşünməliyik. Qardaş Türkiyə dövlət başçısı səviyyəsində bildirib ki, “müddət bitəndə Rusiya silahlı qüvvələri buradan çıxmalıdır”. Azərbaycanın dövlət başçısı da “bizim bir ailəmiz var, o da Türk dünyasıdır” deyirsə, o dünyanın lideri Türkiyə, ağsaqqalı da Rəcəb Tayyib Ərdoğandırsa, deməli, Türkiyə ilə birgə hərəkət etməlidir. Ona görə də biz tələsməməliyik. Bizim hələ gələn ilin yazına qədər vaxtımız var. Rusiya tələsir, biz tələsmirik.
- Tofiq Zülfüqarov demişdi ki, Rusiya təkid edə bilər ki, Xankəndidəki rus ordusu çıxır, amma Ermənistan-Azərbaycan sərhədinə Azərbaycan tərəfdən yerləşdirilir. Rusiya belə bir kompromis variant təklif edə bilər. Biz buna gedə bilərikmi?
- Xeyr. Biz buna gedə bilmərik. Əvvəla, bu, bizim milli maraqlarımıza ziddir. İkincisi, bu o deməkdir ki, sərhəddə daim münaqişələr olacaq, hətta sülh müqaviləsi imzalansa belə, Azərbaycanla Ermənistan arasında, eləcə də bütövlükdə regionda heç vaxt sülh və sabitlik olmayacaq. Neçə ki, metropoliya silahlı qüvvələri buranı (həm Azərbaycanı, həm də Ermənistanı) tərk eləməyib, öz imperiya ambisiyaları və missiyalarından əl çəkməyib, keçmiş müstəmləkələrində münaqişə(lər) davam edəcək.
Elçin Rüstəmli
Elvin Bəyməmmədli