Gizli səsyazısını yaymağın cəzası – Hüquqi izah

Gizli səsyazısını yaymağın cəzası – Hüquqi izah
 

İnsanların qorxulu yuxusuna çevirilən gizli səsyazmalar cəmiyyətdə böyük faciələrə səbəb olur. Bir çoxları qanunu bilmədən, kiminsə gizli şəkildə səs yazısını qeyd edir, onu videolentə alır və s. Hətta çoxu bu addımla özlərini sığorta edə biləcəyini düşünsə də, qanun bunun tam əksini söyləyir.

Hüquqşünas Turan Abdullazadə Bizim.Media-ya bildirib ki, Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ, hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ var:

“Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir.  Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. 

Bununla bağlı Azərbaycan Respublikasının Cinayət Məcəlləsində cəza da nəzərdə tutulub. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 156.1-ci maddəsinə əsasən  şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırılır”. 

Hüquqşünas qeyd edib ki, əgər fiziki şəxsin şərəfini, ləyaqətini, işgüzar nüfuzunu ləkələyən və ya şəxsi və ailə həyatının sirrinə qəsd edən məlumatlar kütləvi informasiya vasitələrində yayılmışdırsa, həmin kütləvi informasiya vasitələrində də təkzib edilməlidir:

“Eyni zamanda şəxsi toxunulmazlıq  hüququ pozulmuş zərərçəkmiş şəxslərin bu hüququn pozulması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini pozan tərəfdən tələb etmək hüququ var. Lakin Konstitusiya Məhkəməsinin qərarına əsasən əqdin qarşı tərəfinə qarşı xəbərdarlıq olunmadan yazılan səs yazıları (danışıqlar) artıq məhkəmədə sübut qismində istifadə oluna bilər.

Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır”. 

Vəkil onu da bildirib ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz:

“Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyil və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. 

Tərəflərin əqdlə bağlı bir-birlərinə olan iradə ifadələrinin xəbərdarlıq etmədən yazılaraq həmin mübahisənin hüquqi həlli baxımından sübut kimi istifadə olunması nə şəxsi sirrin pozulması, nə də ki, subyektin şərəf və ləyaqəti ilə bağlı şəxsiyyət dəyərələrinin pozulmasına səbəb olmur”.

“Subyektlərin öz aralarındakı hüquqi mübahisə ilə bağlı bir-birlərinə bildirdikləri iradə ifadələrini əks etdirən danışıqlarını xəbərdarlıq etmədən yazılaraq həmin mübahisənin həllində sübut kimi istifadə olunması Mülki Prosessual Məcəlləyə və Konstitusiyamıza zidd deyil”, – deyə Turan Abdullazadə bildirib.

 

0.012188911437988