Rüstəm Tağızadə: - “AŞPA Azərbaycanla sərt danışmaq əvəzinə, daha çox əməkdaşlıq etməlidir”

Rüstəm Tağızadə: - “AŞPA Azərbaycanla sərt danışmaq əvəzinə, daha çox əməkdaşlıq etməlidir”
 

“Azərbaycan ilə Avropa Şurası Parlament Assembleyası (AŞPA) arasında olan münasibətlərin kəskinləşməsinin müəyyən səbəbləri var. Sentyabrın 20-si 2023-cü il Azərbaycanın öz torpaqlarında suveren hüquqununu tam bərpa etdikdən Avropada Fransa erməni diasporunun təzyiqi ilə Azərbaycana qarşı təxribatlı fikirlər söylədi. Fransanın iddiasına görə, Qarabağın erməni əhalisi Qarabağdan zorla çıxarılıb. Lakin erməni əhali öz istəyi ilə bu torpaqlardan getdi. Onlar Azərbaycan vətəndaşlığını qəbul etmək istəmədi”. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında  politoloq Rüstəm Tağızadə bildirib. 

Onun fikrincə, ermənilər çox gözəl anlayır ki, azərbaycanlılarla birgəyaşayış alınmaz: “Çünki 1992-1993-cü illərdə etdikləri cinayətləri Azərbaycan və dünya dövlətləri gördü və onlar necə Azərbaycan xalqı ilə bir yerdə yaşaya bilər? AŞPA isə bu prosesləri görmək istəmir və guya Azərbaycan üzərinə düşən öhdəlikləri yerinə yetirmək istəmir kimi bəyanatlar yayır.

Təbii ki, Azərbaycan və Ermənistan arasında 2024-cü ildə sülh müqaviləsi bağlana bilər. Ancaq bu Ermənistanın iradəsindən çox asılıdır. Azərbaycan regionda yeni siyasi reallıqlar yaradıb. Bu reallıqları Ermənistan anlamalıdır. Bundan başqa Ermənistan Zəngəzur dəhlizinin açılması üçün birgə çalışmalıdır. Zəngəzur dəhlizi vasitəsilə Ermənistan da 3+3 formatında iqtisadi olaraq qazanc götürə bilər. Regionda Rusiya faktorunun olması da, Ermənistanın əleyhinə çalışır. Ermənistanın Gümrü şəhərində Rusiyanın 102-ci hərbi bazasının yerləşməsi və onun sərhədlərinin Rusiya tərəfindən qorunması, Ermənistanın manevr imkanlarını aşağı edir. Ermənistan iqtidarı qərbmeyilli olsa da, Rusiyadan hələ tam ayrılmayıb. Sirr deyil ki, Ermənistanın ən çox ticarət əlaqəsi Rusiya ilə aparılır”. 

Politoloqun sözlərinə görə, belə məqamda AŞPA Azərbaycanla sərt ritorika ilə danışmaq əvəzinə daha çox əməkdaşlıq etməlidir: “AŞPA-nın Azərbaycan ilə münasibətlərinin korlamasında Fransanın böyük rolu var. Fransa Ermənistan üzərindən Cənubi Qafqazda möhkəmlənmək istəyir. Rusiya faktoru Fransaya bu prosesdə mane olur.

Düşünürəm ki, Azərbaycan artıq balans siyasətindən imtina etməli və özü üçün yeni siyasi strategiya formalaşdırmalıdır. Dünyada gedən geosiyasi proseslər Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə olan münaqişə bunu tələb edir. Hazırda Azərbaycan Türkiyə ilə münasibətləri yüksək inkişaf etdirib. Etnik cəhətdən eyni olan Azərbaycan və Türkiyə siyasi və hərbi sahədə əməkdaşlığı davam etdirir. Bu əməkdaşlıq isə Avropada bəzi ölkələrin narazılığına səbəb olur. Narazılıqların artması isə məntiqidir. Çünki artan gücə qarşı rəqiblərin olması başadüşüləndir. Azərbaycan indi daha ehtiyatlı davranmalı və praqmatik addımlar atmalıdır”.

 

0.022359132766724