"Xalqın sevdiyi meyxanaçılara fəxri adlar verilsin"

 

"Meyxanaçılara da fəxri adların verilməsinin heç kimə ziyanı yoxdur. Yadıma gəlir ki, ulu öndərimiz Heydər Əliyevin dövründə də meyxanaçılardan birinə yüksək səviyədə ad verildi. Burada qeyri-adi bir şey yoxdur. Nə olar ki? Qoy sevinsinlər. Ad veriləcəksə, bunun kimə nə ziyanı var ki?"

Bu sözləri açıqlamasında şair, jurnalist Anar Vəziroğlu meyxanaçı Pərviz Bülbülənin fəxri adlarla bağlı açıqlamasına münasibət bildirərkən deyib. İnsanların meyxananı ancaq pis mənada başa düşməsindən gileylənən ekspert hesab edir ki, xalqın sevdiyi meyxanaçılara da fəxri adlar verilməsi yaxşı olardı: "Bizdə meyxanaçı deyəndə "mey" sözündən yaranıb deyə ancaq pis mənada başa düşülür. Amma elə savadlı adamlar var ki, onlar şeiri də, meyxananı da, qəzəli də deyirlər. Xalqın ürəyinə yatan o adamlara niyə də adlar verilməsin? Qoy onlar da seçilsin. Bilinsin ki, onlar da sənətçilərdir, düzgün adamlardır, düzgün söz deyirlər. Elə meyxanaçılar var ki, özüm də necə deyərlər, onları yıxıb sürüyürəm. 
Adını müğənni qoyan elə adamlar var ki, gəlib əndirəbadi mahnılar oxuyurlar. Hələ eləsi var, deyir ki, 24 ildir səhnədəyəm. Belə adamlara nəinki fəxri ad, rayondan heç adi diplom da verilməməlidir. Əgər xalq hansısa meyxanaçıya hörmət bəsləyirsə, onun şeirinə qiymət verirsə, qoy olsun".

A.Vəziroğlu hər şeyin vaxtı çatanda həll olunacağını deyib. O əlavə edib ki, əgər hansısa sənətçinin adını yaşadan övladı yoxdursa, bunun arxasınca xalq düşməlidir:

"Mənim 61 yaşım var. Bəlkə də 15 yaşımdan mətbuatdayam. İlllərdir bu sahədə külüng döyürəm. Azərbaycanda ilk dəfə SSRİ miqyasında 29 yaşımda baş redaktor olmuşam. İndi bu o demək deyil ki, mənə Əməkdar jurnalist adı verilməyib deyə durub hökumətlə dava etməliyəm. Vaxt gələndə, bəlkə də 65-də və ya 70 yaşım olanda veriləcək. Onlar vaxtı özləri təyin edəcəklər. 

Gərək hər biri yaradıcı insanın arxasınca gedəni olsun. Hamı Müslüm Maqomayev ola bilməz. O, dünya şöhrətli sənətçi idi, heç adam da lazım deyildi. Bu gün həyat yolaşı onun adını yaşadır.
Hörmətli yazıçımız Anar bəy Rəsul Rzanın, bəstəkar Emin Sabitoğlu Sabit Rəhmanın, yazıçı Elçin Əfəndiyev İlyas Əfəndiyevin oğludur. Bu şəxslər atalarının adlarını yaşadırlar. Amma Aygün Bəylərdən sonra onun balaca qızı qaldı. Adını hallandıra bilmədilər. Kasıb idi. Bəli, Aygün xanım sözü qıpqırmızı adamın üzünə deyirdi, amma nə olsun ki? Onun da adını yaşatmaq lazımdır. Elə görkəmli yazıçılar var ki, övladları onların yolunu tutmur. Ona görə də bu şəxslərin adını yaşatmaq lazımdır. Söz deməyi bacaran meyxanaçıları da arxasınca aparan izləyicisi olmalıdır. İzləyici həm adamdır, həm dayaqdır, həm də şöhrət və puldur".

Qeyd edək ki, meyxanaçı Pərviz Bülbülə açıqlamasında meyxanaçılar arasında ad qazanmaq üçün gecə-gündüz çalışan şəxslər olduğunu deyib.

Billurə Yunus

 

0.022128105163574