“Ömrü bitən” maşınlar - sürücüləri köhnə avtomobillərə sövq edən səbəblər

“Ömrü bitən” maşınlar - sürücüləri köhnə avtomobillərə sövq edən səbəblər
 

Ekspert: “Hibrid avtomobillər də ƏDV-dən azad edilmədiyindən hələ də Azərbaycan yollarında yaşı 30-u, 40-ı haqlamış maşınlar şütüyür”

Yanvarın 1-dən 2014-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin Azərbaycana idxalı məhdudlaşıb. Avtomobillərin istehsal tarixinə görə Azərbaycana idxalına məhdudiyyətlər Nazirlər Kabinetinin 29 mart 2023-cü il tarixli 94 nömrəli qərarına əsasən həyata keçirilir. Belə ki, istismar müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı 29 mart 2023-cü il tarixdə qərar qəbul edilib. Məqsəd insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələri tərəfindən atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək verilməsidir.

Ümumiyyətlə, itələyə-itələyə “xoda” düşən, atmosferə ən çox ziyan vuran köhnə maşınların dövrü nə vaxt bitəcək? Qərarın qüvvəyə minməsi maşın bazarında qiymətlərə necə təsir edib?

Bu qərarın verilməsi ölkənin avtomobil bazarında ikinci əl avtomobillərin qiymətinə təsir edir. Bahalaşma əsasən dizel mühərrikli və buraxılış ili köhnə olan avtomobillərə aid olur.

Nəqliyyat eksperti Elməddin Muradlı “Yeni Müsavat”a bildirib ki, avtomobillərin qiymətini əsasən alqı-satqısı ilə məşğul olan şəxslər artırırlar: “Bütün dünya artıq dizeldən imtina edir, dizel mühərrikli avtomobillərdən istifadə etmək istəmirlər. Buna baxmayaraq, ölkəmizdə hələ də hibrid avotmobillərə keçməyə maraq arzuolunan səviyyədə deyil. Doğrudur, bəziləri artıq keçid edir və bu avtomobillər də yeni olur”.

Ümumiyyətlə, ölkəyə gətirilən avtomobillərin dəyəri hər ötən il artır. Məsələn, 2023-cü ilin yanvar-mart aylarında Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 min 799 ədəd nəqliyyat vasitəsi idxal edilib. Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə, nəqliyyat vasitələrinin idxalı 2022-ci ilin ilk rübü ilə müqayisədə dəyər ifadəsində 125 milyon 640 min dollar və ya təxminən 1,7 dəfə artıb.

Antikorrupsiya həbslərinin hədəfi - ilin sonunadək “böyük başlar”...

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, hökumətin avtomobil parkının yenilənməsi istiqamətində atdığı addımlar alqışlanmalıdır. Amma ümumilikdə atılan addımlar avtomobil almaq arzusunda olanların cibinə zərbə vurur: “Ölkədəki avtomobil parkının ən azı 50 faizinin yenilənməsinə hələ ki hüquqi baza yoxdur. Nazirlər Kabinetinin qərarına əsasən, zavod buraxılışına görə yaşı 10 ildən çox olan minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) Azərbaycan Respublikası ərazisinə gətirilməsi bu il mayın 1-dən qüvvəyə minən qərarla dayandırılıb. Bu o deməkdir ki, istehsal ili 2014-cü ildən əvvəlki illərə aid olan minik avtomobillərinin Azərbaycana idxalını qadağan olunub. Hökumətin bu qərarı qəbul etməsində əsas məqsədi ətraf mühitə və atmosferə atılan zərərli maddələrin miqdarının azaldılması, insanların həyat və sağlamlığının qorunmasını təmin etməkdir. Bu, təqdirəlayiq addımıdır. Lakin bundan sonra atılması gərəkən addımlar da atılmalı idi. Ölkəyə gətirilən bütün hibrid avtomobillər də ƏDV-dən azad edilməli idi. Bu baş vermədiyindən, hələ də Azərbaycan yollarında sovet istehsalı olan, yaşı 30-u, 40-ı haqlamış maşınlar şütüyür. Vətəndaşların 20-30 min manat ödəyib ortabab hibrid avtomobillər almağa maddi  imkanları da yetərli deyil”.

Şirkət rəhbəri deyib ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, ölkəmizdə 1 milyon 600 minə yaxın minik avtomobili mövcuddur: “Bu avtomobillərin təxminən 1 milyon 300 mini  şəxsi minik avtomobilləridir. Azərbaycanda hər 1000 nəfərə düşən minik avtomobillərinin sayı 135-dir. Bu göstərici üzrə 1000 nəfərə düşən avtomobillərin də 118-i 20 il və daha əvvəl istehsal olunub. Yəni ölkədə maşın parkının 82 faizi köhnədir. Əlbəttə ki, bu, azərbaycanlıların köhnə maşın sürmək sevdasından irəli gəlmir. Azərbaycan vətəndaşının bu gün istehsal ili təzə olan avtomobil almağa, sadəcə, pulu yoxdur. Halbuki qonşu Gürcüstanda avtomobil parkı yerli hökumətin apardığı məqsədyönlü siyasəti nəticəsində yenidir. Gürcüstan yollarında sovetdən qalma avtomobil görmək də mümkün deyil. Olsa-olsa reritet maşınları görmək olar”.

Natiq Ələsgərov deyir ki, Azərbaycan hökuməti 2030-cu ilə qədər avtomobil parkının ən azı 30-40 faizini müasirləşdirməyi, yəni köhnə avtomobillərin istismardan yığışdırılması və ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsinin artırılmasını hədəfləyib: “Ölkəyə daha təhlükəsiz və ekoloji baxımdan yararlı avtomobillərin idxalına üstünlük verilməsi nəzərdə tutulur. Bu siyasətə uyğun olaraq yeni nəsil ekoloji təhlükəsiz avtomobillərin vergi-gömrük güzəştləri ilə əhatə olunması nəzərdə tutulsa da, hələ ki bu yöndə real addımlar atılmayıb. 2022-ci ildə Milli Məclisdə istehsal tarixi 3 ildən və mühərrikin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi müddəti daha 4 il uzadılması qərarı verildi. Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi müddəti 2026-cı il yanvarın 1-dək uzadıldı. Əlbəttə ki, bu qərar alqışlanmalıdır. Amma gəlin baxaq, son 3 il ərzində istehsal olunmuş hibrid avtomobillərin qiyməti neçəyədir və Azərbaycanda köhnə avtomobil sahiblərinin neçə faizi təzə hibrid avtomobil ala bilər? Qərar özlüyündə hökumətin bu yöndə hansasa addım atmaq niyyətindən doğub, amma nəticə etibarı ilə Azərbaycanda köhnə avtomobil parkının yenilənməsinə uzağı 1-2 faiz civarında töhfə verə bilər. Halbuki qəbul edilmiş qərarda istehsal ili 3 il deyil, 10 il göstərilsəydi, bu gün Azərbaycan yollarında hibrid avtomobillərin sayı nəzərəçarpacaq dərəcədə çox olardı”.

Natiq Ələsgərov deyib ki, Vergi Məcəlləsinin 164.1.41-ci maddəsinə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı 1 yanvar 2019-cu il, satışı isə 1 yanvar 2022-ci il tarixindən ƏDV-dən azad edilib: “Nazirlər Kabinetinin 10 noyabr 2022-ci il tarixli 411 nömrəli qərarına əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik mühərriki ilə işləyən minik avtomobillərinin idxal-gömrük rüsum dərəcəsi 0%-ə endirilib. Eyni zamanda Vergi Məcəlləsinin 164.1.41-2-ci maddəsinə əsasən, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib, idxal gömrük rüsumu 0%-ə endirilib. Həyata keçirilən stimullaşdırma və təşviq tədbirləri o qədər də effektiv olmayıb. Belə ki, 2021-ci ildə elektrik mühərrikli minik avtomobillərinin sayı 160-dan 2022-ci ildə 486-a çatıb. Hibrid mühərrikli minik avtomobilinin idxalı isə daha çox artıb. 2021-ci ildə onların sayı 805 ədəd təşkil etdiyi halda, 2022-ci ildə bu rəqəm 3500-ə çatıb. Azərbaycanda 1 milyon 400 min minik avtomobili olduğunu nəzərə alsaq, hökumətin atdığı addımların effektivliyini də göz önünə gətirmək çətin deyil”.

O deyib ki, hökumət avtomobil parkının yeni nəsil maşınlarla əvəz edilməsi yolu ilə köhnə buraxılış ilinə malik avtomobillərin idxalını məhdudlaşdırmaqda qərarlıdır: “Bu qərarlılıq vətəndaşların köhnə maşınlardan düşüb yenilərinin sükanı arxasına keçməsini təmin etmir. Üstəlik, qarşıdakı illərdə buraxılış ilinin 10 ildən də aşağıya qədər endirilməsi nəzərdə tutulur, ancaq bunun əvəzində elektro və hibrid avtomobillərin daha sərfəli və əlçatan idxalına şərait yaradılması məqsədilə gömrük və vergi güzəştlərinin tətbiqi də artırılmalıdır. "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda ölkədə "Avro-5", "Avro-6" standartlarına cavab verən maşınlara xüsusi üstünlük verilməsi və onların idxalında vergi və gömrük rüsumlarının azad olunması nəzərdə tutulur. Bu məsələ ilə bağlı Dövlət Vergi Xidmətinə və Dövlət Gömrük Komitəsinə ekoloji cəhətdən təmiz, elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə bu növ nəqliyyat vasitələrinin istehsalı, idxalı, ixracı, dövriyyəsi və istismarı üçün güzəştlər və imtiyazlar müəyyən edilməklə müvafiq normativ-hüquqi bazanın formalaşdırılması tapşırılıb. Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən,  elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı ilə yanaşı satışının, habelə həmin avtomobillər üçün elektrik enerji doldurucularının idxalı 3 il müddətinə ƏDV-dən azad edilib. Həmçinin istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı da 3 il müddətinə ƏDV-dən azad edilib. Dövlət başçısının ötən il müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" modelinin qurulması və bu məqsədlə avtomobil parkının yenilənməsi, ekoloji cəhətdən təmiz elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə mühərrikinin həcmi 2500 kubsantimetrədək olan hibrid avtomobillərin idxalı və satışının ƏDV-dən azad edilməsi ilə bağlı tədbirlərin genişləndirilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi və zəruri infrastrukturun yaradılması nəzərdə tutulub. Hazırda isə aidiyyəti nazirliklərin, dövlət qurumları və özəl sektorun təmsilçilərindən ibarət işçi qrupu tərəfindən ekoloji cəhətdən təmiz və təhlükəsiz avtomobillərin istifadəsinin genişləndirilməsi məqsədilə infrastrukturun qurulması, maliyyə əlçatanlığının təmin edilməsi, eyni zamanda idxal zamanı əlavə güzəştlərin tətbiqi istiqamətində kompleks tədbirlərin müəyyən edilməsi üzrə işlər aparılır. Ümid edək ki, nəticələr vətəndaşların xeyrinə olacaq".

 

0.01848316192627