Olumundakı çıxışları kimi, ölümü də gündəm oldu - Məmməd Talıblı yazır
Onun olumundakı çıxışları kimi, ölümü də gündəm oldu. Söylədikləri həqiqətlər bütün söhbətləri iti kəsirdi. Böyük insan idi.
Yazar idi, filosof idi, ziyalı idi...
Özündən yaşca və başca kiçik insanları dəyərləndirməyi bacarırdı. Doğum günlərimizdə ən yaxşı təbrikləri də ondan alardıq. Qəlbimizdə bizi motivasiya etdiyini də pıçıltı ilə özümüzə söylərdik.
Təkcə ölkə xaricində onu tanıyanlar yox, az qala ziyalı meyarlarının nədən ibarət olmasını anlayan insanlar ona görə çox kədərlidirlər. Çox məyusdurlar. Danışan dili, düşünən başı, ağsaqqal müdrikliyi, ziyalı mövqeyi onu əsas xarakteriza edən keyfiyyətlər idi.
Çingiz Hüseynov təkcə uzunömürlü bir insan deyildi. Uzun illəri mənalı yaşamış bir Azərbaycan ziyalısı idi. Vətən sevdalısı idi.
Ömrünün sonuna qədər bir neçə il yaşadığı İsraildə də Azərbaycan dərdlərinin tərcümanı idi. İşıqlı bir düşüncə insanı kimi qəlblərdə özünə yer tapmışdı. Bu gün düşünə və onun miqyasını dərk edə bilən həmvətənlərimiz onu qəlbinin ən dərin güşəsində - Fəxri Xiyabanda dəfn etdi.
Cismi harada dəfn olunacaq, bilmirik, amma onun ruhu bu gün bütün Azərbaycanın üzərində hamının onu elliklə xatırlatdığını hiss etdi, dinclik tapdı. Ruhu sakitlik və təsəlli kimi...
Allah rəhmət eləsin!
"Paralel.az"