Ayrılıq - Zöhrab Mehdi 

Ayrılıq - Zöhrab Mehdi 
 

Bu qədər ayrılıq olarmı, Allah?!
Bu, Yer ayrılıqdı, o, Göy ayrılıq.
Nəyə toxunursan, hara baxırsan
Hər şey ayrılıqdı, hər şey ayrılıq!

Dənizə baxırsan, dəniz ayrılıq
Çölə boylanırsan, çöl ayrılıqdı.
Bu cığır ayrılıq, bu iz ayrılıq
Ovcunda tutduğun əl, ayrılıqdı!

Bu dağ ayrılıqdı, daş ayrılıqdı
Bu ağac ayrılıq, quş ayrılıqdı.
Gün gündən ayrılır, il ildən Allah
Üst- üstə qalanan yaş, ayrılıqdı!

Dost da ayrılıqdı, yar da ayrılıq
Yox da ayrılıqdı, var da ayrılıq.
Ocaq ayrılıqdı, qor da ayrılıq
Burda ayrılıqdı, orda ayrılıq!

...Bu qədər ayrılıq olarmı, Allah?!
Hər tərəf...arxa da, ön də - ayrılıq!
Nə illah etsəm də, Yahu, nə illah
Baxıram büsbütün mən də ayrılıq!

"Paralel.az"

0.011024951934814