Yığmanın qapıçısı: Daha bizə legioner futzalçı lazım deyil...

Yığmanın qapıçısı: Daha bizə legioner futzalçı lazım deyil...
 

Futzal üzrə Azərbaycan millisinin və Qazaxıstanın “Atırau” klubunun qapıçısı Rövşən Hüseynli AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik.

- Əvvəlcə milli komandanın DÇ-2024-ün elit mərhələsindəki çıxışını qiymətləndirərdiniz...

- Qarşıya qoyulan məqsədə çata bilmədiksə, bunu yaxşı qiymətləndirmək olmaz. Elit mərhələnin oyunlarından əvvəl komandada bəzi dəyişikliklər oldu. Sevindirici məqam odur ki, yığmanın son iki oyununda milli ruh, istək, sonadək mübarizə hiss olundu. Şanslar var idi, sadəcə, müəyyən amillər bizə təsir etdi.

- Baş məşqçi Vitali Borisov son oyunlarda gənclərə şans verdi. Sizcə, həmin oyunçuların beynəlxalq təcrübəsinin az olması nəticələrə nə dərəcədə təsir etdi?

- Bəli, son oyunlarda milliyə gənc və vaxtilə yığmada oynamış təcrübəli futzalçılar cəlb olundu. Açığı, beynəlxalq təcrübəsi olmayan futzalçılarla nəticə əldə etmək çətindir. Ancaq əsas odur ki, biz gələcək üçün böyük addım atdıq.

- Gənc və potensialı yüksək olan oyunçulardan kimlərin adlarını çəkə bilərsiniz?

- Əlbəttə, adlarını çəkə biləcəyim çoxlu yerli oyunçular var. “Araz-Naxçıvan”da çıxış edən Xəzər Ağalızadə, Novruz Kazıxanov, “Neftçi”dən Ülvi Əliyev, Mirzə Əmirov, “Baku Fire”dən qapıçı Cavad Məmmədov kimi potensiallı futzalçıları qeyd edə bilərəm.

- Necə düşünürsünüz, yığmaya yeni legioner oyunçular lazımdır?

- Xeyr, bundan sonra milliyə legioner oyunçu lazım deyil. İndi əsas diqqəti yerli çempionatdakı klub sayının artırılmasına və azərbaycanlı gənc futzalçıların daha çox şans qazanmasına yönəltməliyik. Belə olsa, rəqabət də artacaq.

- “Atırau” komandasında işləriniz necə gedir?

- Hər şey qaydasındadır. Ötən mövsüm ölkə çempionatının rəmzi heyətinə seçildim. Bu il titulumu qorumağa çalışacağam. Qış fasiləsinə liderdən bir xal geridə - ikinci olaraq yollandıq. Əlimizdən gələni edib finala kimi getmək istəyirik.

- Maraqlıdır, başqa klublardan təklifləriniz var?

- Təkliflər var idi. Ancaq “Atırau” ilə bu mövsümün sonunadək müqaviləm olduğuna görə təklifləri dəyərləndirmədim.
 

 

0.093006134033203