AYB-də QARŞIDURMA - "Yenə üzr istəyib qayıdar”
Azərbaycan Yazıçılar Birliyinin ( AYB) İdarə Heyətinin üzvü, şair Elşad Barat təşkilatın fəaliyyəti ilə bağlı narazılığını bildirərək, onun bağlanmasını təklif edib.
Şair Lent.az-a verdiyi açıqlamada bildirib ki, AYB ləğv edilməlidir:
“Azərbaycan ədəbi mühitində bu qədər haqsızlıq, bu qədər ədalətsizlik, bu qədər nizamsızlıq varsa, deməli, bu sahənin bir ciddi quruma ehtiyacı var. Məncə, Azərbaycan Yazıçılar Birliyi ləğv olunmalı, yeni bir nizamlı qurum yaradılmalıdır. Elə bir təşkilat ki, öz işinin öhdəsindən gələ bilsin. Düşünürəm ki, problem Yazıçılar Birliyinin indiki rəhbərliyində yox, birliyin öz köhnə xəttindədir. Yəni birliyin indiki halı, idarəçilik prinsipləri saxlanılmaqla rəhbərliyə kimlər gəlsə yenə də belə olacaq, yenə də yüzlərlə qələm adamı narazı qalacaq, yenə də rəhbər şəxslər dövlətin yazıçılara ayırdığı evləri sürücülərinə verəcəklər, yazıçılara olan dövlət qayğısını katibələrinə ayıracaqlar.
Bu gün Yazıçılar Birliyinin 3000 nəfərə yaxın üzvü var, onlardan 52 nəfəri İdarə Heyətinin üzvüdür, mən də bu 52 nəfərin biri olaraq düşünürəm ki, bu birlik ləğv edilməlidir. Yeni yaradılacaq təşkilatda müəyyən senzura olmalı, istedadlı qələm adamlarını bir araya toplayıb dövlət üçün, vətən üçün, ədəbiyyat üçün ciddi işlər görmək olar. İndiki sistem yazıçıları kütləvi şəkildə dövlətə qarşı üsyan həddinə gətirir. Birlik 30 ildir edə biləcəyini edib, biz bulağı şəlalə ola bilmədiyinə görə qınaya bilmərik. Bulaq suyunun dağdan atılıb intihar edə biləcək cəsarəti olmalıdır ki, şəlalə ola bilsin. Sadəcə, yeni birlik yaradılmalıdır, yəni yeni bulaq elə yerə çəkilməlidir ki, şəlalə ola bilsin”.
AYB-nin sədri Xalq yazıçısı Anardan bu məsələyə münasibətini öyrənmək istədik. Anar bildirdi ki, Elşad Barat birliyin 2000 üzvünün adından danışa bilməz.
“Sizcə bu təklif maraqlı fikirdir? O yalnız öz adından danışa bilər, 2000 nəfərin adından fikir deyə bilməz. Elşad Baratın xoşu gəlmir, ərizəsini yazsın, İdarə Heyətindən çıxıb getsin. Niyə getmir? Bir dəfə getdi. Üzr istədi, geri qayıtdı, gedər yenə üzr istəyib qayıdar”,- deyə o bildirib.