Dünyaya yenidən doğulmadınmı ...
Mikayıl Müşfiqin xatirəsinə

Dünyaya yenidən doğulmadınmı ...Mikayıl Müşfiqin xatirəsinə
 

 

Sən ki, “bilməz idin nədir məhəbbət,”
Onu qara yellər aparmadımı?
“Dünyaya sığmayan şair könlünü”,
Cəlladlar köksündən qoparmadımı?

Sən vətən bağında bir bülbül idin,
Ömrü qışa düşən qönçə gül idin.
Sındı qanadların, göylərdən endin,
Əcəl acısını tez dadmadınmı?

Fələyin çarxının döndyü vaxtda,
Nurlu çıraqların söndüyü vaxtda.
O “qumlu sahildə”, o yaşıl “bağda”,
Vüsal gözləməkdən yorulmadınmı?

Deyirdin: -“yanımda qal, sənə qurban,
İstəsən canımı al, sənə qurban.”
Lap qəfildən gəldi o qara tufan,
Coşan dalğalarda qərq olmadınmı?

Sən ki, “zövq alardın bir şux dilbərdən”,
Ölüm vaxtsız gəldi İlahi, nədən?
Yeri bilinməyən məzarında sən,
Qara torpaqlara sovrulmadınmı?

Hər misran, şimşək tək yandirıb -yaxdı,
Ruhunun göz yaşı, şeirinə axdı.
O şair ölməyib, o Müşfiq sağdır,
Dünyaya yenidən doğulmadınmı?

Cəlal Yaquboğlu

"ÖMÜRDƏN ÖTƏN İLLƏR" kitabından

"Paralel.az"

0.015146970748901