Mən akademik Mehdizadə ilə görüşmüşəm... - Firuz Mustafa yazır...

Mən akademik Mehdizadə ilə görüşmüşəm... - Firuz Mustafa yazır...
 

Mən akademik Mehdizadə ilə görüşmüşəm...
(Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü il yanvar ayının 5-də indiki Cəbrayıl qəzasının Daşkəsən kəndində kəndli ailəsində anadan olmuşdur. O, 25 il Maarif naziri olmuşdur)

...Ali məktəbi bitirən ili təyinatımı Ağsu rayonuna verdilər.
Avqustun sonları idi. Təyinat yerinə getdim. Sanki havadan od yağırdı. İkimərtəbəli mehmanxanada bir otaq tutdum. O vaxtlar ucuzluq idi. İndi adını dəyişib “hotel” qoyulmuş qonaqxanalarda qiymətlər ceyran belindədir, belə ki, bir gecə qalmaq üçün gərək bir aylıq orta əməkhaqqıdan keçəsən...
Nə isə... Ağsuda elə bir tanış-bilişim olmadığı üçün eşiyə-bayıraçox az hallarda çıxır, demək olar ki, bütün günümü otqdakı çarpayıma uzanıb özümlə gətirdiyim kitab-jurnalları oxumaqla məşğul olurdum.
Pambıq “kompaniyasının” qızğın vaxtı idi. Polis maşınları siqnal verərək ora-bura şütüyürdü...
Maarif şöbəsinin müdirini tapmaq əmri-mahal imiş. Deyirdilər ki, o da təsərrüfatlardan hansınasa “təhkim” olunub, iş yerinə az hallarda gəlir. Bəli, rəsmi sənədlərdə də “təhkimli” sözü işlədilirdi...
Nəhayət, bir gün müdiri tapdım. Dedi ki, baş qarışıqdır, bir-iki günə gələrsən. İki gündən sonra mehmanxanadan çıxıb təhsil şöbəsinin yerləşdiyi səmtə getmək istəyirdim ki, bir “Villis” markalı maşın xırçıltı ilə yanımda dayandı. Maşından iki polis düşüb qolumdan yapışdı. Nə baş verdiyini kəsdirə bilmədim. Məni maşına əyləşdirdilər. Məlum oldu ki, sahədə pambıq yığımı gedir, küçəyə “boş-boşuna” çıxmaq qadağandır...
Səhərisi günü təhsil şöbəsinin müdirini tapdım. Vəziyyəti ona izah etdim. Dedi ki, dərslər başlayan kimi şagirdli-müəllimli pambıq yığımına getməli olacağıq. Mən təyinat yerimin dəyişdirilməsini xahiş etdim. Razı olmadı. Dedi ki, bu məsələni yalnız Maarif naziri (İndiki Təhsil naziri-F.M.) həll edə bilər...
Maarif Nazirliyi Hökumət evində yerləşirdi. Nazirin qapısının ağzında iki nəfər dayanmışdı. Biri yaşlı, arğaz kişi idi, yayın istisində qara kostyum geyib qalstuk taxmışdı. Hiss olunur ki, köhnə maarif xadimlərindəndir. Digəri isə idman görkəmli, əzələli, tösmərək cavan bir oğlandı. Onlar da mənim kimi qəbula gəliblərmiş. Belə məlum oldu ki, nazir fasiləyə çıxıb. Gözlədik. Saat 2 tamam olanda katibə qız bizi içəri dəvət etdi. Hər üçümüz birbaşa nazirin kabinetinə keçdik. Arada televizorda, bir-iki dəfə elmi konfrans və yığıncaqlarda gördüyüm qara sağanaqlı eynəyin qalın şüşələrinin arxasından diqqətlə bizi süzən Mehdi müəllim başı ilə salamlaşıb əli ilə əyləşmək üçün yer göstərdi. Gəlişimizin məqsədini soruşdu. Sən demə, cavan oğlan Bədən tərbiyəsi texnikumunu bitiribmiş. Və o, tez-tələsik ayağa durub iri kabinetdə iti addımlarla irəli yeridi. Sanki naziri vuracaqdı. Hamımız çaşıb qaldıq. Oğlan düz nazirin qarşısında dim-dik duraraq əl-qolu ilə nəyisə izah etməyə çalışırdı. Nazir təmkinlə dedi:
-Tələsməyin. Məsələni bir az aydın izah edin.
Bir-iki addım geri gedən oğlan ya əsəbi, ya kəmhövsələ, ya da davranışına nəzarət etməyən adammış. Çünki o, təzədən ley kimi nazirin üstünə yeriyib rabitəsiz şəkildə nəyisə izah etməyə çalışdı. Elə bu əsnada otağa bir kişi daxil oldu. Təbii ki, Nazirliyin əməkdaşı idi. Mehdi müəllim həmin adama dedi ki, bu cavan oğlanın-əzələli idmanşının işini qaydaya salsın.
Sonra qara kostyumlu müəllim öz “dərdini” danışmağa başladı. Nazir qarşısındakı iri dəftərdə nəsə qeydlər edib, yaşlı maarif işçisinə: “Oldu, həll edərik, gedə bilərsiz”-dedi.
Növbə mənə çatdı. Gəlişimin məqsədini bildirdim. O, diqqətlə qulaq asıb soruşdu:
-Bəs nə üçün Ağsuda qalıb işləmək istəmirsən?
-Mənə dedilər ki, uşaqlarla pambıq yığmağa gedəcəksən. Mən isə dərs demək istəyirəm.
Mehdi müəllim soruşdu:
-Hansı rayona getmək istəyirsən?
Mən dedim ki, öz rayonumuza, yəni Gədəbəyə. O, gülümsəyib dedi ki, Gədəbəydə müəllimə ehtiyac yoxdur, əksinə, müəllim çoxluğu var. Sonra aramızda qısa bir dialoq oldu.
-Onda başqa bir rayon olsun, -dedim.
-Məsələn?
-Məsələn, Saatlı rayonu.
-Niyə məhz Saatlı?
-Çünki orada xeyli tələbə yoldaşlarım var.
Əlinin altındakı kitabçaya baxıb başını qaldırdı:
-Saatlı... Olar. Orada müəllimə ehtiyac var.
Araya bir qədər sükut çökdü. Mehdi müəllim qara sağanaqlı eynəyin qalın şüşələrinin arxasından diqqətlə mənə baxib dedi:
-Amma bəribaşdan bunu deyim ki, Saatlı da pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını dəyişmək fikrinə düşməyəcəksən...
Mən həmin təyinatla Saatlıya getdim. Doğrudan da Saatlıda daha qızğın bir “kompaniya” yaşamaqda imiş. Raykom binasının yaxınlığındakı mehmanxanada özümə bir otaq götürdüm. Oranın müdirinin adı, səhv etmirəmsə, Mirfazil idi. Yazıq kişinin bir gözü raykomun binasında idi.
Mehdi Mehdizadənin sözlərini xatırladım: “Saatlı da pambıqçılıq rayonudur... Əminəm ki, bir daha təyinatını dəyişmək fikrinə düşməyəcəksən...”
Ta təyinatımı dəyişmək barədə düşünmürdüm.
05.01.2024
"Paralel.az"

0.01382303237915