Fermerlər niyə aqrar sığortaya maraq göstərmirlər? – SƏBƏBLƏR

Fermerlər niyə aqrar sığortaya maraq göstərmirlər? – SƏBƏBLƏR
 

“Bu gün Azərbaycanda sığortalanma bütün sahələrdə çox həssas bir mövzudur. Bu sektorda bütün hədəflərə 6 aya və ya 1-2 ilə tam çatmaq mümkün deyil. Çünki ilk növbədə stimullaşdırılma aparılmalı və yenidən sınaqdan keçirilməlidir. Əgər vətəndaşlar bundan razı qalarlarsa, deməli, başqları üçün də nümunə olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli deyib.

Sığortaya maraq niyə azdır?

“Tutaq ki, hansısa bir kəndə 20 təsərrüfat sahəsi var və onların hamısını sığortaladılar. Ancaq sonradan sığorta hadisəsi baş verir və Aqrar Sığorta Fondu dəyən zərəri ödəyir. Bunu görən digər fermerlərin artıq başqa reklama ehtiyacı qalmır. Bundan sonra fermerlər Fonda müraciət etmək və öz təsərrüfatlarını sığortalamaq barədə düşünəcəklər”.

Ekspert qeyd edib ki, sığortaya marağın artması üçün müəyyən dövr tələb olunur:

“Bundan sonra aqrar sahədə sığortalanma uğurla həyata keçirilərsə, sığorta hadisələrinin vurduğu zərərin bərpa olunma səviyyəsi necə olacaqsa, buna uyğun olaraq sığortalanmaya ehtiyac yaranacaq. ASF bu dövrü keçmək üçün reklam, PR və marketin siyasətini düzgün aparmalıdır. Bir tərəfdən fermer maarifləndirilməli, digər tərəfdən isə iş və xidmətlə bağlı reklam və PR işi qurulmalıdır. 

Bundan başqa, aqrar sahədə digər özəl sığorta fondlarının fəaliyyəti də təşkil edilməlidir ki, bu sektorda rəqabət mühiti formalaşsın. Aqrar sığortanın bir müsbət cəhəti də odur ki, istənilən təsərrüfat sahəsi sığortalanan zaman tən yarısını, yəni 50 faizini dövlət ödəyir. Bu da digər şirkətlər və sığortaolunanlar üçün stimul olacaq”. 

Müsahibimiz düşünür ki, sığortalanma prosesi tez bir vaxtda ölkə ərazisində yayılmalıdır: 

“Bu da kənd təsərrüfatının inkişafına böyük dəstək olacaq. Hazırda isə müqavilə şərtlərinə uyğun olaraq, fermerin bütün zərərləri ASF və dövlət tərəfindən qarşılanır. Ancaq bu sahədə iş elə qurulmalıdır ki, cəlb olunan fermerlər bundan peşman olmasınlar. Onu da etiraf etmək lazımdır ki, bu gün fermerlərimizin çoxu elə də savadlı deyil. Buna görə  sığortanı sadələşdirilmiş formada onlara elə izah etmək və sübut etmək lazımdır ki, onlar sonradan yanılmasınlar”. 

Qeyd edək ki, Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov bir neçə gün əvvəl jurnalistlərə açıqlamasında, hazırda Aqrar Sığorta Fondunun topladığı sığorta haqqlarının ümumi kənd təsərrüfatının istehsal həcminin 10%-ni əhatə etdiyini bildirib. 

Hələ 90%-lik istehsal həcminin sığortalanmadığını söyləyən F.Sadıqov qeyd edib ki, fermerlər könüllü müraciət edərək öz risklərini sığorta edə bilərlər.

 

0.016560077667236