Xocalı!
26 fevral 1992 - ci il !
Səhər saat 09.00
Faciənin səhərisi ağ xalat geyinərək 366 - cı motoatıcı alayın tibbi heyətinə qoşularaq bir neçə saat əvvəl işğal olunmuş Xocalı şəhərinə daxil ola bilmiş Rusiyalı telejurnalist Viktoriya İvlevanın çəkdiyi şəkil , on altı il gizli saxlandıqdan sonra işıq üzü görmüşdü . Azyaşlı uşaqlara , qadınlara belə rəhm etməyən erməni faşizminin qəddarlığını tam çılpaqlığı ilə özündə əks etdirən bu fotoda gəlinimiz Məxmərin , bacısı Məhbubə və iki az yaşlı övladları Çingiz və Çinarənin , yaxın qohumumz Rəsmiyyənin mənim ata yurdumun qarşısında necə amansızlıqla qətlə yetirilməsi göz önündədir . Məhz bu fotonun vasitəsi ilə beynəlxalq aləmdə erməni yalanları ifşa olunmuşdur . Belə ki , ona qədər fakt kimi yalnız Xocalıların kütləvi surətdə qətlə yetirildikləri Qara qayada şəhidlərimizin foto və video görüntüləri əlimizdə idi . Bundan istifadə edən erməni təbliğat maşını Xocalılara humanitar koridor verilməsini vurğulayır , heç kimi qətlə yetirmədiklərini , Xocalı şəhərindən uzaqda yerləşən Qara qayada şəhid olanların isə bizim öz tərəfimizdən erməniləri şantaj etmək üçün qəsdən qətlə yetirilməsini tirajlayırdılar .Uzun illər boyu itkin kimi axtardığımız əzizlərimizə qarşı törədilmiş bu ağır hərbi cinayəti özündə əks etdirən foto erməni yalanlarını heçə çıxarmaqda müstəsna rol oynadı .
İşğaldan sonra həmin ərazidə xatirə abidəsinin ucaldılmasının məqsədə müvafiq olmasını dəfələrlə vurğulasamda bu gün Xocalıda aparılan bərpa , yenidən şəhər salma işləri bu qandonduran tarixi hadisəni özündə qoruyub saxlayan canlı abidənin sonunu günbəgün yaxınlaşdırır . Hamımız bilirik ki , Ordumuzun gücü , Ali Baş Komandanımızın qətiyyəti sayəsində azad olunmuş Qarabağımızı ermənilər tərk etsədə mübarizəmiz bu gün də davam edir və edəcəkdir . Bu baxımdan əlimizdə olan tutarlı faktı əbədiləşdirmək əvəzinə buldozer qabağına verib uçurmaq nə dərəcə də milli maraqlarımıza xidmət edir ?
Bütün media mənsublarını həyəcan təbili çalmağa , tikinti işləri aparan şirkəti bu səhv addımdan çəkindirməyə və aidiyyəti qurumların diqqətinin bu sahəyə yönəldilməsinə çağırıram .
R.S. Mən azad olunmuş ərazilərimizdə aparılan tikinti abadlıq işlərini alqışlayıram .Ancaq erməni vəhşiliklərini əks etdirən yerlərin canlı muzey kimi qorunub saxlanmasını bundan da vacib hesab edirəm .
Akif Mirsiyaboğlu
"Paralel.az"