Qışda ilk prezident seçkisi...

Qışda ilk prezident seçkisi...
 

Vur-tut iki aydan sonra Azərbaycanda erkən prezident seçkisi keçiriləcək. Hərçənd ki, ölkə daha əvvəl Konstitusiya dəyişikliyi üçün referedum və növbədənkənar parlament seçkiləri gözləyirdi. Bu gözlənti fonunda Prezidentin “növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2024-cü il fevralın 7-nə təyin olunması” ilə bağlı sərəncamı yetərincə qəfil, sensasion addım, aydın səmada şimşək çaxması effektində oldu. Hər halda bir gün əvvəl adi siyasi bəndələr bu sürprizi yatsalar, rəngli yuxularında belə görə bilməzdilər.
Xatırladaq ki, bu, Azərbaycan tarixində ikinci erkən prezident seçkisidir, birincisi 2018-ci il aprelin 11-də keçirilmişdi və prezidentin səlahiyyət müddəti 2025-ci il aprelin 17-də başa çatmalı idi. Yeri gəlmişkən, Azərbaycanda prezident seçkisi ilk dəfə qışda keçiriləcək...
Siyasi sistemə korrektə, idartəetmədə islahat zərurəti ilə bağlı konseptual hədəf, təxmin, ssenari, fərziyyə, mülahizə, postulat və iddiaları, həmçinin daxili siyasi konyunkturanı arxa planda tutaraq prezident seçkisi vaxtı üçün nədən 2024-cü ilin qışının daha münasib, əlverişli və pafoslu desək, zamanın tələbi olması ətrafında baş sındıraq. Şübhəsiz ki, seçki Böyük Qarabağ Zəfəri fonunda keçirilicək. Qələbə qüruru, hissi, eyforiyası, ovqatı, fonu və gözləntiləri istidir, deməli, həm də hərbi triumfu parlaq siyasi qələbəyə çevirmək üçün əla dönəm, zəmin və fürsətdir...
Əjdaha ilində - yəni, 2024-cü ildə qlobal geosiyasi rəqabətin beynəlxalq konyunkturanı nə hala salacağı qaranlıqdır. Martın 17-də Rusiyada, noyabrın 5-də ABŞ-da prezident seçkiləri keçiriləcək. Putin Kremldə qala və ya Bayden Ağ evdən gedə bilər, əsas olansa budur ki, supergüclərin başları öz işlərinə qarışacaq və bu dönəmi dəyərləndirmək, bir addım qabağa düşmək lazımdır. Birinci Qarabağ savaşı da Ağ evdə Tramp-Bayden “rakirovka”sı dönəminə təsadüf etmişdi. Supergüclər seçkilərdən sonra rahatlayır və burunlarını hara gəldi soxurlar...
Ukrayna-Rusiya müharibəsi sürünür. 2024-cü il bu savaşın sonu da ola bilər, növbəti ili də. ABŞ Senatı dünən Ukraynaya 60 milyard dollarlıq yardım paketini blokladı, Baydenin çağırışlarına məhəl qoymadılar. Amma Moskva zəifləyir, günün birində qəfil sürpriz ola bilər: ya Putin yıxılar, ya da Rusiya... Yəni, seçkini geosiyasi rəqabətin şiddətlənib dünyanı qovurduğu zamana və ya ondan sonrasına buraxmaq münasib deyil, düşər-düşməzi ola bilər...
Yeri gəlmişkən, erkən prezident seçkisi elanından bir gün əvvəl ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn Bakıda oldu və Prezident İlham Əliyevlə görüşdü. Güman ki, bu ziyarətdən sonra Bakı-Vaşinqton gərginliyinin səngiyəcəyini gözləmək olar. Ceyms O’Brayn Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasını, sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini deyib, bu xüsusda danışıqların Vaşinqtonda davam etdirilməsi üçün ABŞ-ın hazır olduğunu diqqətə çatdırıb. Yəni, Blinkenin köməkçisi Vaşinqton prosesinin bərpasını istəyib.
Həmin gün, dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda sülh danışıqlarında Qərb platformaları ilə bağlı Bakının mövqeyinə dair sualı cavablandıran Prezident İlham Əliyev bəyan etmişdi ki, hazırda Avropa İttifaqı Şurası tərəfindən təşkil olunan vasitəçilik prosesi və bundan əlavə, “Moskva istiqaməti” adlandırılan xarici işlər nazirləri arasında müzakirələr mövcuddur: “ABŞ Konqresində məşhur dinləmələr baş tutana qədər “Vaşinqton istiqaməti” adlanan proses var idi ki, xarici işlər nazirləri Vaşinqtonda görüşürdülər. Belə görünür ki, Vaşinqton istiqaməti artıq aktual deyil. Çünki bu gün Bakıda olan Dövlət Departamentinin rəsmi nümayəndəsi Azərbaycanla “işlər əvvəlki kimi ola bilməz” deyir və Azərbaycanı görmədiyi işlərdə ittiham edir. Belə ki, “əvvəlki kimi işlər” yoxdursa, deməli, hər sahədə “əvvəlki kimi işlər” yoxdur. Eyni zamanda, Azərbaycanın yüksək vəzifəli rəsmilərinin ABŞ-a səfərlərinə məhdudiyyətin qoyulduğu elan edildi. Bu, ABŞ-la strateji əhəmiyyətə malik olan münasibətlərimizin tarixində ilk dəfə baş verdi. Bu administrasiya bu münasibətləri məhv etməyə çalışır, hansı səbəbdən bilmirəm... Beləliklə, əgər həmişəki kimi, heç bir iş yoxdursa, bunu qəbul edirik. Bu o deməkdir ki, Vaşinqton aktual deyil. Ya deməlidirlər ki, iş həmişəki kimi davam edir, - mən ümid edirəm ki, bu gün bunu eşidəcəyəm və biz Vaşinqton prosesini bərpa edəcəyik, - ya da yalnız Brüssel və Moskva prosesi olacaq. Ola bilər ki, ikitərəfli danışıqlar olsun”.
Qeyd edək, sualı verən Almaniya Beynəlxalq Əlaqələr və Təhlükəsizlik İnstitutundan Darya İşçenko həmçinin maraqlanmışdı: “Bakının ilkin olaraq başladığı və bu yaxınlarda canlandırdığı “3+2” platformasının gələcək potensialını necə qiymətləndirirsiniz? Regional tərəfdaşlarla regional problemlərin həlli üçün bu regional platformanın gələcəyini necə görürsünüz?” Azərbaycan Prezidenti bu sualı cavablandırmağa ehtiyac görməyib.
Ceyms O’Brayn isə danışıqlardan sonra "X" hesabında Bakı görüşünü “pozitiv və konstruktiv” adlandırıb və hesab edib ki, ”ABŞ-Azərbaycan arasında münasibətlərin gələcəyinə dair ilk konstruktiv söhbət" "regionda davamlı, ləyaqətli sülhün bərqərar edilməsi tarixi imkanlar açacaq". Sonra konkret olaraq yazıb ki, Dövlət katibi Entoni Blinken gözləyir ki, tezliklə Vaşinqtonda Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanı qəbul edəcək.
Əgər Blinken Vaşinqtonda Bayramovla Mirzoyanı gözləyirsə, deməli, noyabrın 15-də “Ermənistanla sülh sazişi imzalanmayana qədər Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq” deyən supergüc 20 gündən sonra mövqeyinə korrektə edib “münasibətlərin əvvəlki axarı”na qayıdır. O’Braynın səfərinə bir gün qalmış Dövlət Departamentinin sözçüsü Metyu Millerin yumşaq mesajı - “ABŞ-ın Azərbaycanla bütün diplomatik əlaqələrdən imtina etməsi regionda sülh və təhlükəsizlik maraqlarına zidd olardı” acıqlaması da bundan xəbər verirdi ki, Vaşinqton “işlərin həmişəki kimi davam etməsi”ni istəyir...
Geosiyasi balans qayıdır, strateji seçim öz işinə gedir, xarici-daxili gərginliklər pauzaya girir – bir sözlə no problem!

Qəzənfər Həmidoğlu 

"Paralel.az"

0.030483961105347