Azərbaycan iqtisadiyyatının uğurlu inkişafının səbəbləri
“Əsrin müqaviləsi” ilə dirçəlişə qədəm qoyan Azərbaycan iqtisadiyyatı son 20 ildə mühüm inkişaf yolu keçib.
Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan sosial-iqtisadi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilib, ölkəmiz bütün sahələrdə nailiyyətlər əldə edib. Hər bir uğurun arxasında düşünülmüş, gələcəyə hesablanan strateji addımlar dayanır ki, bu da ölkəmizin 20 ildə qazandığı uğurlarda əksini tapıb.
“Report” Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadi göstəricilərdə öz əksini tapmış müsbət inkişaf dinamikasına nəzər yetirir.
Sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı qərarlar iqtisadi artımı təmin etdi
Dövlətimizin başçısının Prezident vəzifəsinə gəldiyi dövrdə ilk qəbul etdiyi mühüm qərar ölkənin sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı oldu. Belə ki, “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” 2003-cü il 24 noyabr tarixli Fərmanı ilə müəyyən edilmiş strategiya ölkənin hərtərəfli inkişafına dair davamlı və sistemli proqramların əsasını qoydu.
Bu Fərmana uyğun olaraq 2004-cü ildən Azərbaycan Respublikasında regionların sosial-iqtisadi inkişafı üzrə 4 dövlət proqramı qəbul edildi. Proqramlar çərçivəsində 100 milyard manatdan çox investisiya qoyulub, regionların inkişafı üçün mühüm töhfələr verilib.
Son 20 ildə iqtisadi artım dinamikasına dair rəqəmlər bütün mənzərəni aydın göstərir.
Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə artıb, qeyri-neft-qaz iqtisadiyyatı 4 milyard ABŞ dollarından 41 milyard ABŞ dollarınadək böyüyüb. Bu dövr ərzində sərmayələrin ümumi həcmi 300 milyard ABŞ dollarından çoxdur və onlardan 190 milyard dolları qeyri-enerji sektoruna yatırılıb.
Son 20 ildə dövlət büdcəsi xərclərinə nəzər salsaq burada da artımın şahidi olarıq. Belə ki, büdcə xərcləri qeyd edilən dövrdə 30 dəfə artıb. Əgər 2003-cü ildə adambaşına düşən büdcə xərcləri 150 manatdan az idisə, hazırda bu rəqəm 3500 manatdan çoxdur.
Ölkənin maliyyə imkanları yaxşılaşdıqca xarici borclanmadan da asılılıq azalıb. Nəticədə 2003-cü ildə xarici borcun ÜDM-də payı 21,6 % olduğu halda, 2022-ci ildə 9,5 % təşkil edib.
Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi 20 ildə qazanılan iqtisadi uğurların ümumi mənzərəsini əks etdirir.
Azərbaycanda özəl sektorun dəstəklənməsi də iqtisadi siyasətimizin mühüm alətidir. 2003-2022-ci illərdə Sahibkarlığın İnkişafı Fondu tərəfindən 43 minədək investisiya layihəsinin maliyyələşməsinə 2,8 milyard manatdan çox güzəştli kredit verilib. Bu layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb ki, bunun da 80 %-dən çoxu regionların payına düşür. Güzəştli kreditlərin 75 %-i regionlara ayrılıb.
Son illərdə vergi sistemində aparılmış köklü islahatlar nəticəsində iqtisadiyyatda şəffaflaşma səviyyəsi yüksəlib, nəticədə 2022-ci ildə tariximizdə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat vergi daxilolması təmin edilib. Özəl bölmənin qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarında payı 74 %-i ötüb.
Əmək bazarının “ağardılması” məqsədilə əməkhaqları üzrə aparılmış islahatlar sayəsində qeyri-neft-qaz özəl sektorda 340 mindən çox yeni əmək müqavilələri bağlanıb. Qeyri-neft-qaz özəl sektorun cəmi əmək müqavilələrində payı 50 %-ə çatır.
Ulu Öndərin neft strategiyası qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün zəmin yaratdı
“Əsrin müqaviləsi” ilə Xəzərlə Qara dəniz və Aralıq dənizini birləşdirəcək enerji infrastrukturunun əsasını qoyan Ulu Öndər Heydər Əliyevin neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində yaranan imkanlar qarşıya qoyulan genişmiqyaslı vəzifələrin tam həcmdə yerinə yetirilməsi üçün mühüm zəmin yaratdı.
Azərbaycan enerji körpüsünə çevrilir
Azərbaycanın enerji ölkəsi kimi əhəmiyyətini və geosiyasi çəkisini artıran son nailiyyətlərin ardıcıllığı və dəqiqliklə zamanlanması məhz Prezident İlham Əliyevin əsl liderə xas strateji baxışına əsaslanır. Yəni, dövlət başçısı özünün də bəyan etdiyi kimi nəyi, necə və nə vaxt etməyi yaxşı bilir, qərarlarını buna uyğunlaşdırmağı məharətlə bacarır, sözünün də imzası qədər dəyərini qoruyur. Əgər Azərbaycan 2007-ci ilədək dünyada lakin neft ixrac edən ölkə kimi tanıdılırdısa, 2007-ci ildən artıq qaz idxal edən ölkədən qaz ixracatçısına çevrildi. Ölkədə neft hasilatı 2010-cu ildə pik səviyyəyə-50,8 milyon tona çatdı. Enerji böhranı dövründə Azərbaycan Avropanın enerji təchizatını şaxələndirən ölkə, enerji təhlükəsizliyinin təminatında etibarlı strateji tərəfdaş oldu. Bu isə Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması hesabına baş verib. Xəzər dənizində “Şahdəniz” yatağından təbii qazın yeni marşrutla - Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropa bazarına ən kritik vaxtda daxil olaraq enerji təhlükəsizliyinin təminatında strateji rol oynayıb. Bu layihə strateji baxış, dəqiq proqnozlaşdırma ilə yanaşı güclü qətiyyətin məhsuldur. Ümumiyyətlə, Trans-Anadolu Boru Kəməri (TANAP) və TAP istismara veriləndən indiyə kimi Türkiyə 27,5 milyard kubmetr, Avropa isə 30 milyard kubmetr Azərbaycan qazı ilə təchiz edilib. Bu il ölkədə qaz hasilatı 48,7 milyard kubmetr, ixrac isə 24 milyard kubmetr proqnozlaşdırılır.
Hazırda Prezident İlham Əliyev Azərbaycanın “yaşıl enerji” ölkəsi statusunun dünya miqyasında möhkəmləndirilməsi istiqamətində də ardıcıl iş aparır.
2020-ci ildə Səudiyyə Ərəbistanın “ACWA Power” və BƏƏ-nin “Masdar” şirkətləri ilə 240 MVt gücündə külək və 230 MVt gücündə günəş enerjisi üzrə pilot layihələrlə başlayan “yaşıl enerji” tərəfdaşlığımızın miqyası qısa müddətdə genişləndi. Az bir vaxtda “Masdar”, “ACWA Power”, bp, “Fortescue Future Industries”, China Gezhouba Group Overseas Investment”, “Total Energies”, “Nobel Energy” və “A-Z Czech Engineering” şirkətləri ilə ümumi gücü 28 QVt-dan çox layihələrə dair əməkdaşlıq sənədlərinin imzalanması məhz Azərbaycan Prezidentinin “yaşıl enerji” kursuna beynəlxalq marağın, ölkəmizin yaşıl gələcəyinə olan inamın göstəricisidir.
Artıq bu sahədə potensialın miqyası müəyyənləşib, böyük investisiyalar cəlb olunur, ixracat bazarı olaraq Avropa İttifaqı ilə razılaşmalar əldə olunub. Bununla yanaşı, 3-4 ildən sonra Xəzər dənizi üzərində və ətrafında yaradılacaq bərpa olunan enerji mənbələrində istehsal olunan “yaşıl enerji”nin Azərbaycandan Gürcüstana, oradan isə kabel xətti ilə Qara dənizin altından keçməklə Rumıniya və Macarıstana, oradan isə Avropa Birliyi ölkələrinə ötürülməsi nəzərdə tutulur. Beləliklə Azərbaycan üzərindən daha bir körpünün - Xəzər-Avropa Birliyi Yaşıl Enerji Dəhlizinin yaradılması nəzərdə tutulur.
Azərbaycan düşünülmüş strategiya nəticəsində nəqliyyat habına çevrilir
Azərbaycanın təşəbbüskarı və iştirakçısı olduğu beynəlxalq layihələr sırasında nəqliyyat-logistika sahəsi xüsusi yer tutur. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin son 20 ilin ən böyük iqtisadi, həm də siyasi uğurlarından biri Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizlərinin həm keçdiyi, həm kəsişdiyi bir məkana çevrilməsidir.
Ölkəmizdəki bütün hava yollarının yenidən qurulması, avtomobil yollarının genişləndirilməsi, Xəzər dənizində üzən gəmi və bərələrimizin sayının artırılması, 2018-ci ildə Bakıda Beynəlxalq Dəniz Limanı Kompleksinin və 2023-cü ildə Ələt Azad İqtisadi Zonasının açılışı buna bariz nümunədir. Azərbaycanın bu sahədə də uğurları statistik göstəricilərdə öz əksini tapıb.
Son illərdə sürətlə dəyişməyə başlayan geosiyasi reallıqlar fonunda müxtəlif regionlarda nəqliyyat zəncirlərinin qurulması, yaranan enerji və iqtisadi böhran Prezident İlham Əliyevin apardığı infrastruktur quruculuğu siyasətinin və xarici siyasət strategiyasının nə qədər uzaqgörən olduğunu sübut etdi.
Məlum səbəblərə görə Qara dənizin Ukrayna sahillərindəki limanları, həmçinin Rusiyadan keçən marşrutlar vasitəsilə daşımaların həcmi əhəmiyyətli dərəcədə məhdudlaşıb. Sonu görünməyən müharibə ölkələri və daşıma şirkətlərini alternativ marşrutlara üz tutmaq seçimi qarşısında qoyub.
Xəzər dənizindən keçən Beynəlxalq Şərq-Qərb Orta Dəhlizin əhəmiyyəti koronavirus pandemiyası və bölgəmizdə yaşanan müharibələr nəticəsində daha yaxşı dərk edilib. Çin-Qazaxıstan sərhədindən başlayan Orta Dəhliz Mərkəzi Asiya ölkələri və Xəzər dənizi üzərindən, bundan sonra isə Azərbaycan, Gürcüstan, Türkiyə ərazisindən keçərək Avropaya qədər uzanır. Bu, Avropa ilə Asiyanı birləşdirən ən qısa və rahat marşrutdur.
Hazırda Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. İndiki mərhələdə Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə təqribən 6-8 milyon ton yük daşınır. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirlməsinə start verilib. Ələtdə yaradılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Orta Dəhlizin çox mühüm seqmentlərindən birini təşkil edir. Buradan aşırılan yükləri eyni zamanda Şərq-Qərb və Şimal-Cənub marşrutlarına da istiqamətləndirmək mümkündür. Bu gün Azərbaycan regionumuzda ən böyük mülki hava, Xəzər dənizində isə ən böyük dəniz yük donanmalarına malik ölkədir.
Dövlət başçısının rəhbərliyi dövründə ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulub. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.
Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinin əsasında güclü iqtisadiyyat dayanır
44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər və 1 günlük lokal antiterror tədbirlərinin uğurlu nəticəsi 30 ildən artıq müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərimizin qapılarını Böyük Qayıdışa açıb.
Ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordu quruculuğuna, silahlı qüvvələrimizin ən müasir silah, sursat, hərbi texnika və texnologiyalarla təchiz olunmasına yönələn kompleks tədbirlərin əsasında güclü iqtisadiyyat dayanır. Ən müasir silahların alışı, peşəkar ordunun hazırlanması güclü iqtisadiyyatı olan ölkələrə xasdır.
Müqayisə apardıqda da görərik ki, Azərbaycanın müdafiə xərcləri 2003-cü ildə cəmi 150 milyon ABŞ dollarına bərabər idisə, 2023-cü il dövlət büdcəsində müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi xərcləri 5,3 milyard manat məbləğində nəzərdə tutulub və gələn il bir qədər (6 %) də artacaq.
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin ən mühüm istiqaməti işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin aparılması, müasir sosial-mədəni infrastrukturun qurulması, kommunikasiya və nəqliyyat xətlərinin bərpasıdır.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar yaralanmış və əlil olmuş şəxslərin müalicəsi, şəhid ailələrinin və müharibə iştirakçılarının sosial-məişət şəraitinin yaxşılaşdırılması daim dövlət başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
Tarixi zəfərdən sonra indi artıq qaçqın və məcburi köçkün statusundan qurtulmuş soydaşlarımızın vaxtilə düşdükləri ağır yaşayış şəraitinin yaxşılaşdırılması və onların sosial problemlərinin həlli sahəsində həyata keçirilmiş proqramlar çərçivəsində 121 qəsəbə və yaşayış kompleksi inşa edilib. Əhalinin sosial müdafiəyə daha çox ehtiyacı olan hissəsi, o cümlədən əlillər, müharibə veteranları, aztəminatlı vətəndaşlar da bu illər ərzində daim diqqət mərkəzində olub. Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 14 mindən artıq mənzil və fərdi ev verilib.
Sosial sahədə aparılan inqilabi islahatlar xalqın rifahını daha da yaxşılaşdırıb
Azərbaycanda aparılan sosial siyasət nəticəsində xalqımızın rifahı yaxşılaşıb, yoxsulluq səviyyəsi azalıb, yeni iş yerləri yaranıb.
Dövlətimizin başçısının strateji inkişaf kursunun uğuru nəticəsində Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub.
Rayon və şəhərlərimizdə su təchizatı sistemləri yenidən qurulub, şəhərlərimizə yeni mənbələrdən suyun verilməsi təmin edilib.
Ümumilikdə, son 20 ildə regionlarda 380-dən çox su anbarı tikilib və yenidən qurulub.
Prezident İlham Əliyevin diqqət və qayğısı, eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bilavasitə təşəbbüsü və dəstəyi ilə ölkə üzrə təhsil, səhiyyə və mədəniyyət ocaqlarının tikintisi və yenidən qurulması sahəsində irimiqyaslı layihələr həyata keçirilib.
Hər il dövlət büdcəsi tərtib edilərkən büdcənin sosial yönümlü olmasına xüsusi diqqət yetirilib. Bunun nəticəsidir ki, 2003-2023-cü illərdə sosial təyinatlı büdcə xərcləri 20 dəfədən çox artıb. 2003-cü ildə dövlət büdcəsindən sosial xərclərə 678,2 milyon manat, 2022-ci ildə 11,6 milyard manat yönəldilib.
Prezidentin rəhbərliyi ilə keçən dövrdə əməkhaqları və pensiyalar ilə bağlı müsbət artım dinamikası qeydə alınıb.
Araşdırmalara əsasən, minimum və orta aylıq pensiyanın Alıcılıq Qabiliyyəti Pariteti (AQP) üzrə MDB ölkələri, Gürcüstan və Ukrayna ilə müqayisədə Azərbaycan müvafiq olaraq birinci və ikinci yeri tutur.
Eyni zamanda 20 il ərzində yoxsulluğun azaldılmasına, məşğulluq imkanlarının artırılmasına, işsizliyin aradan qaldırılmasına yönəlmiş ardıcıl tədbirlər görülüb.
Görülən işlər nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsi 2003-cü ildə 44,7 % təşkil edirdisə, 2022-ci ildə 5,5 %-ə qədər azalıb. Bu illər ərzində 2 milyondan artıq yeni iş yerinin yaradılması sosial siyasətin ən böyük uğurlarındandır.
Prezidentin rəhbərliyi ilə aparılan sosial siyasətin istiqamətlərindən biri kimi təhsil və səhiyyə də xüsusi yer tutur. Son 20 ildə dövlət büdcəsindən təhsilə ayrılan xərclər 19 dəfə, 2003-2023-cü illərdə dövlət büdcəsindən səhiyyəyə ayrılan xərclər 33 dəfə artıb.
Azərbaycanda həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biri də müxtəlif dövlət xidmətlərindən istifadənin təmin edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın artırılmasıdır. Bu məqsədlə 2019-cu ilin may ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Agentliyi (Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi) fəaliyyətə başladı. İndiyədək 7 DOST mərkəzi yaradılıb, 2025-ci ilədək mərkəzlərin sayının 17-yə çatdırılması, 55 DOST filialının açılması və bununla da bütün ölkə üzrə xidmətlərin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Həmçinin 2012-ci ildən sırf Azərbaycan brendi olan, gündən-günə bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən “ASAN xidmət” əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdirir.
Azərbaycan kosmik xidmətlərini dünyaya ixrac edən ölkələrdəndir
20 illik fəaliyyətdə xüsusi yerə sahib olan uğurlardan biri də informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində qazanılan nailiyyətlərdir. Ölkəmizin beynəlxalq kosmik ailənin üzvü olmasını Azərbaycanın növbəti tarixi uğurlarından hesab edə bilərik. Artıq fəzada müstəqil dövlətimizin peykləri uçur və biz öz kosmik xidmətlərimizi dünyaya ixrac edirik. "Azerspace-1", "Azersky" və "Azerspace-2" peykləri uğurla fəaliyyət göstərir.
Eyni zamanda Azərbaycanda iki yeni peyk istehsal olunacaq, 2026-cı və 2028-ci illərdə orbitə buraxılacaq. Azərbaycanın yarım əsrdən sonra Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etməsi, bu sahənin daim dövlətimizin diqqətində olduğunu göstərir.
Azərbaycanın İKT sahəsində əldə etdiyi uğurlar artıq ölkə sərhədini keçib. İndi bütün sahələrdə müasir rəqəmsal texnologiyalardan istifadə olunur, yeni metodlar tətbiq edilir və bu da iqtisadiyyatın inkişafını sürətləndirir.
Qeyd edilməlidir ki, artıq Azərbaycanın bütün nöqtələrində internet əlçatanlığı təmin olunub, insanlar sürətli internet çıxışı əldə edib. Hazırda Azərbaycan əhalisinin 85 %-i internetdən istifadə edir. 2003-cü ildə isə bu rəqəm 5 % idi. İnternet şəbəkəsində abonentlərin sayı 2005-ci ildə 400 min nəfər olubsa, 2022-ci ildə 8,3 milyon nəfərə çatıb. 2023-cü ilin mart ayında ölkəmiz “Speedtest” Qlobal İndeksində mobil internetin sürətinə görə dünyanın 140 ölkəsi arasında 54-cü yerdə qərarlaşması da təsadüfi deyil. Eyni zamanda 2022-ci ilin sonuna Ümumdünya Şəbəkə üzrə qlobal göstərici təxminən 65 %-ə çatıb.
Aqrar sahədə görülən işlər sahibkarlar üçün əlverişli mühit yaradıb
Prezident İlham Əliyevin aqrar sahədə sahibkarlığın inkişafını stimullaşdıran bir çox qanunlar qəbul etməsi, çoxsaylı fərmanlar imzalaması və dövlət proqramlarını təsdiq etməsi bu gün öz səmərəsini göstərməkdədir. Artıq Azərbaycan istehsalı olan məhsullar "Made in Azerbaijan" brendi adı altında Çindən Amerikaya qədər dünyanın yüzlərlə dövlətinə ixrac edilir. 2003-cü ildə ixrac olunan kənd təsərrüfatı və emal məhsullarının dəyərinin 166 milyon ABŞ dollarından 2023-cü ildə 912,4 milyon ABŞ dollarına yüksəlməsi, dövlət büdcəmizdə neft gəlirlərinin artıq qeyri-neft gəlirləri ilə əvəzlənməsi bu istiqamətdə həyata keçirilən siyasətin səmərəsidir.
Qeyri-neft sektorunun prioritet istiqamətlərindən olan kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin inkişafı ötən dövr ərzində diqqət mərkəzində saxlanılıb.
Prezident İlham Əliyevin inkişaf siyasətinin prioritet istiqamətlərindən biri regionların inkişafıdır. Bu da təsadüfi deyil. Davamlılığın və mühüm makroiqtisadi nəticələrin əldə olunması, eyni zamanda regionların inkişaf etdirilməsindən ibarətdir. Dövlətimizin başçısı regionların inkişafı ilə bağlı əsas istiqamətləri dəfələrlə qeyd edib və ötən 20 ilin yekunları göstərir ki, bu istiqamətlər dövlət proqramlarının icrası ilə uğurla həyata keçirilib.
Aqrar sahədə əldə olunan bu və digər nailiyyətlər uğurla reallaşan iqtisadi islahatların, ölkədə azad sahibkarlıq mühitinin yaradılmasının, dövlət proqramları ilə qarşıya qoyulmuş vəzifələrin icrasının nəticəsidir.
Azərbaycan turistlərin sevdiyi məkana çevrilib
Prezident İlham Əliyevin xüsusi diqqət ayırdığı mühüm sahələrdən biri artıq iqtisadiyyatımızın aparıcı hissəsinə çevrilən turizmdir.
Bu istiqamətdə qarşıya qoyulan hədəfləri həyata keçirmək üçün ölkəmizin hər bir rayonlarında turizm infrastrukturları yaradılır, dünyanın bir çox ölkələrindən turistlər cəlb edilir. Son 20 ildə Azərbaycanda turizm sektorunda mühüm nailiyyətlər əldə olunub.
Qarabağın işğaldan azad olunması ilə Azərbaycan turizmində yeni mərhələ başlayıb. Bu istiqamətdə də layihələr hazırlanır, icrası məqsədilə tədbirlər görülür. Turizmin inkişaf potensialının üzə çıxarılması və həyata keçirilməsi dövlətin dəstəyi olmadan mümkün deyil. Dövlətimizin başçısı məhz bu potensialın üzə çıxarılması, ölkəmizin mədəniyyətinin, gözəlliklərinin, xalqımızın qonaqpərvərliyinin dünyaya çatdırılması üçün hədəflər müəyyənləşdirir, mühüm tapşırıqlar verir.
Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla yanaşı, beynəlxalq əhəmiyyətli strateji, enerji, nəqliyyat, logistika və kommunikasiya qovşağına, investorların maraq mərkəzinə çevrilib.
Aparılan uğurlu, qətiyyətli siyasət, həyata keçirilən dövlət proqramları və iqtisadi layihələr Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafına təkan verir.
Paralel.az