Külə dönmüş arzular -Hekayə

Külə dönmüş arzular -Hekayə
 

Payızın ömrünün son günləri idi. Sadə, kasıb bir komada yaşayan ər-arvad evlərinin qarşısında əkdikləri ağaclara baxaraq gələcəkdə cənnətə çevriləcək bağlarının xəyallarını qururdular.
Payız özünü əməlli-başlı hiss etdirdiyindən ağacların yarpaqları saralıb, yavaş-yavaş tökülürdü. Ağacların bəziləri hələ təzə kök tutsa da, bəzilərinin üzərində təzə nübar gətirmiş tək-tük meyvələr də vardı. Onlar bu ağacları min bir əzab-əziyyətlə əkib-becərib bu ərsəyə gətirmişdilər. Yaşadıqları yerdə su olmadığı üçün xeyli uzaq məsafədən səhənglə su daşıyıb ağacları sulayırdılar. Bu ağacları əkəndə onların qəlbində nə qədər arzuları, niyyətləri vardı…
Min bir əziyyətlə əkdikləri ağacların qol-budaq atıb böyüməsini, bar verməsini arzulayırdılar. Qoca istəyirdi ki, arvadı ilə ağacın kölgəsində oturub illərin yorğunluğundan azad olsunlar, dincəlsinlər, ağacların meyvələrindən yesinlər. Ancaq sən saydığını say, gör fələk nə sayır…
Qışın bu il çox sərt keçəcəyi ilə bağlı söz-söhbətlər dolaşırdı. Bunu eşidən padşahın canına vəlvələ düşmüşdü. Ailəsini soyuqdan donmaması üçün əl-ayağa düşən padşah ölkədəki bütün ağacların kəsilib saraya gətirilməsini əmr etmişdi.
Saray xidmətçiləri nədənsə ancaq uçuq-sökük daxmaları olan həyətlərdəki hələ bar verməmiş cavan tingləri kəsib aparırdılar. Bu təhlükə qocadan da yan keçmədi. "O ağac bizim sonuncu pənahımızdı” - deyib nalə çəkən ər-arvadın göz yaşlarına məhəl qoymadan həyətındəki ağacları kökündən qoparıb apardılar.
O anda qoca ər-arvadın elə bil ki tək kasıb komaları deyil, bütün dünya başlarına uçdu.
Qarının ürəyi parçalanırdı, qoca isə kökü qoparılmış ağacın yerinə başını qoyub hönkür-hönkür ağlayırdı…
Sarayda yanan cavan ağacların sızıltısı, ah-naləsi sarayın bacasından çıxan tüstüyə qarışıb hər tərəfə yayılırdı. Göy qan ağlayırdı.
Qoca isə arvadı ilə ağlaya-ağlaya saraydan çıxan yanan arzuların tüstüsünə baxaraq düşünürdü: "Görəsən padşahın gözü niyə hündür əzəmətli hasarlardan boylanan barsız söyüd və çinar ağaclarını yox, uçuq , kasıb daxmaların həyətlərindəki min cür əzab-əziyyəylə böyüdülmüş nazik meyvə tinglərini görürdü?!..”
Təbiət axı ədaləti sevirdi…


Əbil Həsən, "Paralel.az"

0.026219129562378