İnadkar kod - İmarət Cəlilqızı
Biz uşaq olanda anamız bizə deyərdi ki,
küçədə çox ucadan danışmaq olmaz,
küçədə ucadan gülmək ayıbdır,
küçəyə, arxa(axar suya) tüpürmək olmaz,
küçəyə zibil atmaq olmaz, hətta o balaca bir konfet kağızı olsa belə,
küçədə səndən qabaqda gedən böyüklərin yanından yel kimi ötüb keçmək olmaz..
Düşünürsən və aşkar edirsən ki, bütün bunlar və nə qədər yazılmamış bəndlər hələ uşaq ikən bizim beynimizə yerləşdirilmiş kodlar imiş. O kodlar yalnız sənin özünə məxsus olduğu üçün və həyatın boyunca sənə rast gələn, səninlə az-çox ünsiyyətdə olan adamların çoxuna tanış olmadığına görə həmin adamlar sənin niyə başqa cür deyil, məhz bu cür olduğuna təəccüblənir, hətta bəzən örtülü bir rişxəndlə yanaşırlar. Sənin, tutaq ki, kiməsə hədiyyə axtararkən niyə bu qədər seçim etdiyini, “birdən könlücə olmaz” deyə narahat olduğunu, kiməsə mütləq ürəyincə olan bir hədiyyə almaq istəyinin mənasını başa düşmürlər: “Niyə bunca əziyyət verirsən özünə, əsas odur ki, sayıb hədiyyəsini almısan da. İstəyir bəyənsin, istəyir yox, adam sənin bu qədər əziyyətinin heç fərqində də olmayacaq. Heç buna dəymir”.
Bunu söyləyənlər, bəlkə də, haqlıdırlar, amma sənin daxilində özündən asılı olmadan qurulmuş sxemi dəyişdirmək çox çətindir, bəlkə də, mümkün deyil.
Bəzən sən özün özünü sınamaq məqsədilə dəyişilməyi təcrübədən keçirmək istədikdə belə, o inadkar kod yalnız zahiri dəyişikliyə izin verir, daxilin isə bu zaman sənin istəyinə baxmadan icəridə vurnuxub özünü ora-bura çırpır, sanki nə baş verdiyini anlamadığına görə təlaşa düşüb haray salmaq, xəbərdarlıq etmək istəyir ki, “Burada nəsə bir yanlışlıq var–o göstərilən sima mənim deyil!.. Götürün onu, götürün!..” Güc istəyir ki, bu təzyiqə uzun müddət tab gətirəsən və yəqin ki, bu mənada güclülər mövcud olmamış da deyil. Amma bu fikrin arxasınca dərhal bir sual da catdırır özünü : “Əslində kim daha güclüdür?..”
P S.: ” Hamının beyninə yerləşdirilmiş kodlar eyni olmur : onlarin da xoşməramlısı, bədməramlısı var - yəni “medalın tərs üzü”… Fikir olaraq çox aydın, amma sözə çevirmək istəsən, qəliz və mücərrəd bir mətn…
"Paralel.az"