Stalinin xüsusi avtomobili –  Amerika “Packard”ından üstün sayıb

Stalinin xüsusi avtomobili –  Amerika “Packard”ından üstün sayıb
 

Hələ 1930-cu illərdə İosif Stalin yüksək ranqlı dövlət məmurlarının xaricdə istehsal olunan avtomobillərdə gəzməsini məqbul saymayıb və bununla bağlı dəfələrlə iradlarını da bildirib. Bu iradlara baxmayaraq, mövcud dövrdə SSRİ-nin avtomobil sənayesi sovet rəhbərlərini qane edə biləcək avtomobil istehsal edə bilməyib. Elə Stalinin qarajında da əsasən ABŞ istehsalı olan avtomobillər sıralanıb. İosif Stalin xüsusilə ABŞ prezidenti Franklin Ruzveltin 1935-ci ildə ona hədiyyə etdiyi 14-cü seriya “Packard Twelve” limuzininə daha çox üstünlük verib. Amerikalı həmkarının hədiyyə etdiyi avtomobil Stalinin qarajında ilk zirehli limuzin olub.

Qeyd edək ki, Stalin dəbdəbəli mənzil, iqamətgah, zəngin qarderob həvəskarı olmasa da, avtomobil məsələsinə həssaslıqla yanaşıb. Onun bu şakərindən sovet avtomobil konstruktorları, avtomobil mühəndisləri də xəbərdar olublar. Nəhayət, 1936-cı ildən başlayaraq SSRİ-də partiya və hökumət rəhbərləri üçün “ZİS” avtomobilləri istehsal olunmağa başlayıb. Bu avtomobillər satışa çıxarılmayıb. Onlardan yalnız dövlət məmurlarının xidməti maşını kimi istifadə edilib.

MASİNA.jpg (184 KB)

Stalin yeni “ZİS”lərin istehsalına “xeyir-dua” versə də, bu seriyadan olan avtomobillər də onu tam qane etməyib. Belə ki, zirehli “ZİS 110”ların çəkisi çox ağır olduğundan onlar SSRİ-nin yolları üçün çox da yararlı olmayıb. Nəhayət, konstruktorlar bu avtomobilin çəkisini 400 kiloqram azaldıblar və bütövlükdə avtomobildə bir çox dəyişikliklər etdikdən sonra yeni “ZİS 115” zirehli limuzinini Kremlə təqdim ediblər. İlk “ZİS 115” məxsusi olaraq Stalin üçün hazırlanıb. Avtomobil Stalinin adını daşıyan Stalin adına Avtomobil Zavodunda (sonralar Lixaçov adına Avtomobil Zavodu “ZİL”) istehsal edilib.

“ZİS 115” əvvəlki “ZİS 110”dan qat-qat fərqlənib. Geniş və rahat salonu olan avtomobilin salonunda 6-7 nəfər sərbəst əyləşə bilib. Dəridən və velyur parçadan üzlənmiş oturacaqlar evlərdə istifadə olunan divan qədər rahat olub. Maşının ön paneli və qapıların içəri üzünün bəzi hissələri ağcaqayın ağacından hazırlanaraq üzərində naxışlı əl işləri aparılıb.

Avtomobilin sürət cihazı üç rəngdə işləyib, maşın saatda 40 kilometr sürətlə gedəndə cihaz yaşıl, sürət 80-ə qalxanda çəhrayı, 80-dən yuxarı gedəndə isə qırmızı rəngdə yanıb.

MASİNA 1.jpg (183 KB)

Avtomobilin banı hərbi zavodda hazırlanıb. Hər bir detalın içərisində nömrə və hazırlayan mütəxəssis-ustanın adı, atasının adı və soyadı qeyd olunub.

Maşının şüşələri 35 millimetrlik şüşədən hazırlanıb və bu şüşələrin arasında hava boşluğu saxlanılıb ki, bu da şüşənin zərbəyə davamlılığını artırıb. Avtomobilin 8 silindirlik mühərriki 162 at gücündə işləyib. Çəkisi 5 tondan çox olan “ZİS 115”in maksimum sürəti saatda 100 kilometr olub. Avtomobilin arxasındakı baqajında xüsusi metaldan hazırlanmış çox da böyük olmayan ikinci bir baqaj da olub ki, bu da rabitə vasitələrinin yerləşdirilməsi üçün nəzərdə tutulub.

Maşındakı radioqəbuledici, ayaq altına salınmış xalça, açılan kiçik masa, hər iki arxa qapılarda yerləşdirilən külqabılar və stəkan qoymaq üçün yerlər kiçik bir komfortlu otağı xatırladıb. Xüsusilə arxa oturacaqda daha çox rahatlıq olub. Amma buna baxmayaraq, Stalin qabaq oturacaqda, sürücü ilə yanaşı oturmağa daha çox üstünlük verib.

Stalin üçün məxsusi “ZİS 115” 1949-cu ildə hazır olub. Zavodun direktoru Mərkəzi Komitəyə zəng vuraraq avtomobilin istismara hazır olduğunu bildirib. Bu zəngdən sonra “NKVD”nin yüksəkçinli əməkdaşları zavoda yollanıblar. Təxminən iki sutka ərzində avtomobilin texniki göstəriciləri, hərəkət və manevr imkanları, təhlükəsizlik dərəcəsi yoxlanılıb. Üç gündən sonra isə İosif Stalin özü zavoda təşrif buyurub. Zavodun direktoru sükan arxasına keçərək avtomobili zavodun həyətinə sürüb, Stalinə yeni avtomobil haqqında ətraflı məlumat verib. Məlumatların birində zavod direktoru qeyd edib ki, ön oturacaqla arxa oturacaq arasında açılıb-bağlanan şüşə arakəsmə yoxdur:

- Yoldaş Stalin, “ZİS 110”lardan fərqli olaraq bu maşında oturacaqlar arasında arakəsmə yoxdur. Əgər şüşə arakəsmələrin olmasını vacib sayırsınızsa, biz qısa müddətdə salona onu da əlavə edə bilərik.

MASİNA SON.jpg (183 KB)

Stalin maşının ətrafında gəzişərək cavab verib:

- Yox, arakəsməyə ehtiyac yoxdur, mənim sürücümdən heç bir sirrim yoxdur. Həm də mən çox vaxt qabaq oturacaqda, sürücünün yanında əyləşirəm. Siz mənə avtomobilin təhlükəsizlik məsələlərindən danışın.

Zavod direktoru avtomobilin banının və şüşələrinin oda davamlığı, güllə keçirməzliyi, mərmi qəlpələrinin təsirinə dözümlülüyü haqqında Stalini məlumatlandırıb. Avtomobilə baxışın maraqlı anı da bu məlumatdan sonra başlayıb. Stalin öz mühafizəçilərindən iki nəfəri yanına çağırıb:

- Güllələyin.

Əmr formasında deyilən bu ifadə hamını çaşdırıb. Bəziləri hətta elə düşünüb ki, Stalində ona qarşı törədiləcək sui-qəsd cəhdi ilə bağlı məlumat var. Mühafizəçilər avtomatlarını dərhal işlək vəziyyətə salanda Stalin onları saxlayıb:

- Əl saxlayın, bir dəqiqə gözləyin, kimi güllələyəcəksiniz?

Sonra o, zavod direktoruna, zavodun baş mühəndisinə və konstruktora maşında əyləşməyi göstəriş verib. Onlar maşına əyləşdikdən sonra Stalin növbəti göstərişini verib:

- Pəncərələri qaldırın.

Daha sonra o, üzünü mühafizəçilərə tutub:

- İndi maşına atəş aça bilərsiniz.

MASİNA 2.jpg (151 KB)

Avtomobil Stalinin “test”indən uğurla çıxıb. O, zavod rəhbərliyinə təşəkkürünü bildirib, qeyd edib ki, “ZİS 115” heç də Amerika “Packard”ından geri qalmır, hətta onu üstələyir.

“ZİS 115” 1949-cu ildən 1955-ci ilə qədər istehsal edilib və bu müddət ərzində cəmi 56 avtomobil buraxılıb.

Musavat.com

 

0.011682987213135