Avtomobildə yüksək səs siqnalından istifadə edən sürücü həbs olunub
Dövlət nömrə nişanlarına müdaxilə olunmuş avtomobildə çoxavazlı səs siqnalından istifadə edən Lənkəran sakini saxlanılaraq inzibati qaydada həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan xəbər verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşları əməkdaşları şəhər ərazisində xidmət apararkən dövlət nömrə nişanları üzərində olmayan "Xəzər" markalı avtomobilin çoxavazlı səs siqnalından istifadə etdiyi müəyyən edilib. Həmin nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, Lənkəran rayon sakini Fərid Salayevə qanunvericiliyin tələbləri izah edildiyi zaman o, polisin qanuni tələblərinə tabe olmayaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozan hərəkətlərə yol verib. Bununla yanaşı sürücünün narkotik vasitədən istifadə etməsinə şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçməsi təmin olunub. Müayinənin nəticəsində F.Salayevin narkotik vasitədən istifadə etdiyi müəyyən edilib.
Bundan əlavə, həmin sürücünün məsuliyyətdən yayınmaq üçün nəqliyyat vasitəsinin dövlət nömrə nişanlarına qanunsuz olaraq müdaxilələr etdiyi də məlum olub. Aşkarlanan hallarla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə F.Salayev inzibati qaydada həbs edilib.