Hava şərtləri Avropanı oyadır – “ölmüş” enerji layihələri canlanır

Hava şərtləri Avropanı oyadır – “ölmüş” enerji layihələri canlanır
 

Havaların kəskin soyuqlaşması Avropa ölkələrinin yeraltı anbarlardakı qaz ehtiyatlarından getdikcə daha çox istifadə etmələrinə səbəb olur. Gas Infrastructure Europenin (GIE) məlumatına görə, Avropanın yeraltı anbarlardan (UGS) qaz çəkməsi istilik mövsümünün ilk ayında 9 milyard kubmetri ötüb. Bu, keçən illə müqayisədə aşağı olsa da, son beş il ərzində orta göstəricidən 28 faiz yüksəkdir.

GIE-nin hesablamalarına əsasən, dekabrın 6-da Aİ ölkələrindəki yeraltı anbarlardan 655 milyon kubmetr qaz götürülüb, 10 milyon kubmetr vurulub. Hazırda Avropanın anbarları  92,15 faiz doludur (son beş il ərzində bu tarix üçün orta göstəricidən 10,11 faiz bəndi yüksək), onlarda 101,6 milyard kubmetr qaz var.

Noyabrın sonu ilə müqayisədə terminallardan Avropa qaz ötürmə sisteminə maye qaz daxilolmaları bir qədər azalıb. Hazırda mayeləşdirilmiş qazın yenidən qazlaşdırılması və onun Avropa boru kəmərlərinə vurulması gücü maksimumun 62 faizi həcmində yüklənib. Noyabrda Avropada qazın orta alış qiyməti 1 min kubmetr üçün 513 dollar təşkil edib. Dekabrın əvvəlindən isə qiymət təxminən 452 dollardır.

Bu ay Avropada külək enerjisi istehsalı normadan aşağı olaraq qalır. WindEurope assosiasiyasının məlumatına görə, külək turbinləri dekabrın əvvəlindən regionun elektrik enerjisinə olan tələbatının 14 faizini təmin edib. 2022-ci ilin dekabrında onların töhfəsi 17 faiz, 2023-cü ilin noyabrında 22 faiz təşkil edib.

Amerikanın yeraltı qaz anbarlarında ehtiyatların vəziyyəti ölkənin qlobal maye qaz ixracındakı payı baxımından qlobal qaz bazarı üçün mühüm göstəriciyə çevrilib. Artıq ABŞ-da da anbarlardan qazın götürülməsi mövsümü başlayıb. Növbəti hesabat həftəsində qaz ehtiyatları 3,3 milyard kubmetr azalıb. Bu, ilin bu vaxtı üçün standart həcmdən üç dəfə çoxdur. Enerji İnformasiya Administrasiyası (EIA) xəbər verir ki, ölkənin anbarları hazırda 77 faiz doludur ki, bu da son beş ildəki orta göstəricidən 5 faiz bəndi çoxdur.

Göründüyü kimi, yeraltı anbarlarındakı qaz ehtiyatlarının hazırkı səviyyəsi Gas Infrastructure Europe sənaye assosiasiyasının müşahidələri tarixində artıq rekord deyil. Soyuq havalar fonunda yeraltı qaz anbarlarından aktiv götürülmə ehtiyat səviyyəsinin hazırkı trayektoriyasını 2019-cu ilin eyni günlərindən aşağı salıb.

2023-cü ilin dekabrı, hazırkı hava proqnozuna görə, Avropada kifayət qədər sərt ola bilər: keçən dekabrdan bir dərəcə soyuq və iqlim normasından iki dərəcə aşağı. Bu, anbarlardan qaz ehtiyatlarının istehlakı üçün əlavə katalizator olacaq.

Onu da bildirək ki, ötən ilin həddən artıq mülayim qışı fonunda yaza rekord həcmdə qaz ehtiyatı ilə çıxan Avropa İttifaqı 2022-ci ildə qaz idxalını artırmaq üçün dəstəkləməyə başladığı layihələrə diqqətini minimuma endirib. Ötən ilb boyu Rusiyadan kənardakı mənbələrdən qaz idxalını maksimum artırmağa çalışan Brüssel yetkililəri hava şərtlərinin əlverişli olması səbəbilə sonradan verdikləri bir çox vədlərin üstündən sükutla keçməyə üstünlük veriblər. Lakin bu mövsüm qışın sərt üzünü göstərməsi Avropa İttifaqına anbarların axıradək köməyə çatmayacağını xatırlatmış olur.

Avropanın hazırda arxayın olduğu ABŞ və Qətərdəki maye qaz layihələri üzrə qaz ixracı ən yaxşı halda 2026-cı ildən başlayacaq. Ona qədərsə iki sərt qış, iki isti yayda enerji tələbatını ödəmək lazım gələcək. Eyni zamanda Avropa hazırda Rusiyadan bütün növ enerjidaşıyıcılarının idxalını dayandırmaq planları qurur. “Financial Times” qəzetinin Brüsselin rəsmi sənədinə istinadən yaydığı məlumata görə, Avropa İttifaqı ona üzv dövlətlərə Rusiya və Belarusdan olan qaz təchizatı şirkətlərinin Avropa qaz nəqli şəbəkələrinə çıxışını məhdudlaşdırmaq və ya tamamilə bloklamaq üçün qanunvericilik tədbirləri hazırlayır. Qanun layihəsinə görə, üzv dövlətlərə təhlükəsizlik maraqlarına təhlükə yarandığı halda Rusiya və Belarus şirkətləri tərəfindən karbohidrogenlərin tədarükünü “qismən və ya əsaslandırıldığı halda tamamilə qadağan etmək” icazəsi veriləcək. Brüsselin yüksək vəzifəli rəsmisinin qəzetə dediyinə görə, təşəbbüs Avropa İttifaqı enerji şirkətlərinə böyük təzminat ödəmədən Rusiya qaz tədarükçüləri ilə müqavilələrdən çıxmağa imkan verə bilər.

Bu təkliflər, nəşrin qeyd etdiyi kimi, ölkələri 2027-ci ilə qədər Rusiya qazının “idxalını tamamilə dayandırmağa” sövq etmək məqsədi daşıyır.

Bu il Avropa İttifaqı ölkələri Rusiyadan rekord həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) idxal edir. İlin ilk yeddi ayında Belçika və İspaniya Çindən sonra Rusiya LNG-nin ikinci və üçüncü ən böyük alıcıları olub.

Avropa İttifaqı Rusiyadan maye qaz alışını da aradan qaldırmağa hazırlaşır. Eyni zamanda Ukrayna 2024-cü ilin dekabrından etibarən öz ərazisindən Rusiya qazının nəqlini tamamilə dayandıracağını rəsmi şəkildə Avropa İttifaqına çatdırıb. Bu isə hazırda Ukraynadan keçən boru ilə Rusiyadan qaz alan Avstriya və İtaliyanın digər mənbələrdən qaz idxalını artırmalarını zəruri edir.

İtaliyanın qaz təchizatında Azərbaycanın mühüm rol oynadığını, eyni zamanda Şərqi Avropa və Balkan ölkələrinin qazla təminatında ciddi çətinliklərin olduğunu nəzərə alsaq, onda Brüsselin ötən il stimullaşdırdığı, bu il unutduğu layihələrə geridönüş edəcəyinin gözlənilən olduğunu deyə bilərik. Belə layihələrdən biri də Azərbaycandan Avropaya qaz nəql olunan Cənub Qaz Dəhlizinin genişləndirilməsi layihəsidir. Ötən ilin iyulunda Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayeyinin Bakıya səfəri zamanı Azərbaycandan 2027-ci ilədək Avropaya qaz nəqlini ikiqat artırması xahiş olunub, CDQ-nin genişləndirilməsi üçün dəstək vəd edilib. Lakin bu ilin ortalarından etibarən bu istiqamətdə müzakirələr minimuma endirilib, hətta bir çox xarici mətbuatda Avropanın layihənin maliyyələşdirilməsində iştirak niyyətindən daşındığı, bütün maliyyə yükünün Bakının üzərinə qoyulduğuna dair məlumatlar yayılıb.

Soyuq istilik mövsümü başladıqdan sonra Brüsseldəki mövqenin dəyişdiyi hiss olunmaqdadır. Belə ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson ilə görüşündə bildirib ki, Azərbaycan-Avropa İttifaqı (Aİ) arasında strateji enerji tərəfdaşlığı sənədinin icrası ilə bağlı Yol Xəritəsini yeniləməyi razılaşdırıb. Energetika Nazirliyinin açıqladığı məlumata görə, P.Şahbazovun Kadri Simson ilə görüşündə enerji dialoqunun digər aspektlərinə də toxunulub. Görüşdə Cənub Qaz Dəhlizinin genişləndirilməsi, “Həmrəylik Halqası” təşəbbüsünün reallaşdırılması və “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizinin həyata keçirilməsinə dair məsələlər müzakirə edilib.

P.Şahbazov Avropaya əlavə qaz tədarükünün mühüm mənbələri kimi istismara verilən “Abşeron” qaz-kondensat yatağı ilə yanaşı, işlənmədə olan qaz layihələrindən və ölkəmizdən qaz tədarükü üzrə əməkdaşlığa başlayan ölkələrdən bəhs edib. Nazir əlavə qaz həcmlərinin nəqlinin infrastrukturların inkişafını və uzunmüddətli əsasda qaz müqavilələrinin imzalanmasını şərtləndirdiyini vurğulayaraq bu istiqamətdə Aİ ilə sıx koordinasiyalı fəaliyyətin vacibliyini diqqətə çatdırıb. Söhbət zamanı Cənub Qaz Dəhlizi Məşvərət Şurasının növbəti iclası ilə bağlı da fikir mübadiləsi aparılıb.

Energetika Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-oktyabr aylarında Azərbaycanda 40,1 milyard kubmetr təbii qaz hasil edilib. Qazın 10,7 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 21,8 milyard kubmetri “Şahdəniz”dən, 0,5 milyard kubmetri “Abşeron”dan,  7,1 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 4,2 faiz, yəni 1,6 milyard kubmetr artımla qaz hasil edilib. 

Hesabat dövründə xaricə qaz satışı 19,8 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 faiz çoxdur. Cari ilin yanvar-oktyabr aylarında Avropaya 9,8 milyard kubmetr, Türkiyəyə 8,1 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetr qaz satılıb. Bu müddətdə Türkiyəyə TANAP-la 4,7 milyard kubmetr qaz nəql olunub.

Nəzərə alsaq ki, bu il Azərbaycan Avropaya 12 milyard kubmetr qaz çatdırılması öhdəliyi götürüb, onda Bakının öz öhdəliyinə tam əməl edəcəyini söyləyə bilərik. Bu isə o deməkdir ki, CDQ-nin genişləndirilməsi halında da Azərbaycan Avropaya illik 20 milyard kubmetr qaz nəqli vədinə əməl edəcək. Ölkədə qaz hasilatı ildən-ilə artırılır. Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə rəyindən aydın olur ki, gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 milyard kubmetr qaz hasil olunacağı gözlənilir, bu da cari vilin proqnoz göstəricisi ilə müqayisədə 3,16 faiz çoxdur. Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 milyard kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 milyard kubmetr təşkil edib.

Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33,8 milyon barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0,6 faiz azalma deməkdir. 2023-cü ildə “Şahdəniz” yatağında 34 milyon barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33,8 milyon barel səviyyəsində olub.

Gələn il həmçinin “Abşeron”, “Ümid” və digər yataqlardan da qaz hasilatının artırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki, Azərbaycanın ixrac imkanları daha da genişlənəcək. İqlim şərtlərinin dəyişməsi, Avropa İttifaqının Rusiyadan bütün növ enerjidaşıyıclarının idxalının dayandırılması planları CDQ-nin genişləndirilməsi layihəsini Brüssel üçün yenidən aktuallaşdırır...(Yeni Müsavat)

 

0.015482902526855