5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?
5-ci kolon mövcuddurmu və mövcuddursa o, necə işləyir?
(Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümunəsində)
Üçüncü yazı.
Öncə xatırladım ki, bu silsilədən olan və noyabrın 14-də dərc olunmuş ikinci yazı yetərincə təlaşlı reaksiyalar doğurdu, amma hələlik məqsəd onlara münasibət bildirmək deyil. Odur ki, qayıdaq həmin yazının sonundakı suallara. Bu yazının məqsədi də onlara və digər suallara cavab axtarmaqdır.
Qısaca xatırladım ki, həmin suallar Zakir Həsənovun yoxsa Kərim Vəliyevin MN-dəki indiki xəyanətkar ierarxiyaya rəhbərlik etməsi, hal-hazırda həbsdə olduğu deyilən Nəzakət Məmmədovanın erməni "axtarışlarının" arxasında duranlar və Elçin Xəlilov (Kadrlar İdarəsi), Namiq Poladov (Katiblik) və Tamara Mirzoyeva (Katiblik) "üçbucağının" digər "bucaqları" haqdadır.
Anlaşılmazlıq yaratmamaq və oxunmanı sadələşdirmək üçün bu "üçbucağı" şərti olaraq "Tamara Mirzoyeva üçbucağı" adlandıraq və əslində Tamara Mirzoyeva həqiqətən buna layiqdir. Bütün ailə üzvlərini MN-nin müxtəlif strukturlarına yerləşdirmiş, Zakir Həsənovun əvəzindən əmrlər yayan xanımı kiçiltməyək.
Amma bütün bu struktur iki mühüm element olmadan uzun müddət fəaliyyət göstərə bilməz: ifşa olunar, dağıdılar və onun üzvləri cəzalandırılar. Bunlar nazirliyin Hüquq və Daxili Təhlükəsizlik idarələridir. Çünki ölkədəki reallıq şəraitində hüquq törədilən bütün qanunsuzluqların, o cümlədən də cinayətlərin leqallaşdırılmasına xidmət edir.
Daxili Təhlükəsizlik İdarəsi isə adından bəlli olduğu kimi nazirliyin fəaliyyətini daxili təhdidlərdən qorumalıdır. Nazirliyin yoxsa onun daxilindəki 5-ci kolonun? Bu sualın cavabını axtarmağa və Tərtər qətliamında iştiraka görə həmin idarədən kənarlaşdırılmış Ramil Əsgərovun (Nəcməddin Sadıkovun bacısı oğlu) yerinə gətirilmiş azərbaycansayağı "ceyms bondun" kimliyinə və fəaliyyətinə bir qədər sonra qayıdacağıq.
Hələlik isə: Tərtər qətliamında fəal iştiraka görə ən azı 3 əməkdaşı həbs olunmuş Hüquq İdarəsinin təhqiqat şöbəsinin işdən qovulmuş rəisi Elçin Əliyevin nazirliyə qaytarılmasında kim, necə və hansı rolu oynayıb? Özü də nə az, nə çox - Hüquq İdarəsinin rəisi vəzifəsinə. Öncə əslində heç də təəccüblü olmayan faktın özünə diqqət yetirək.
Xatırladım ki, Tərtər qətliamı ərəfəsində və cinayət törədilən zaman MN Hüquq İdarəsinin rəisi və qətliamın əsas 3 təşkilatçısından biri Azərbaycanda hərbi prokurorluğun yaradıcısı sayılan Rauf Kişiyev olub. Hal-hazırda o, Ali Məhkəmədə sektor müdiri vəzifəsində çalışır. Ümumiyyətlə, bu vəzifəyə təyin olunanların çox maraqlı və oxşar fəaliyyət yolu var.
Məsələn, Rauf Kişiyevdən sonra 2019-cu ildə həmin vəzifəyə təyin olunan Emin Əzimzadə (Nəcməddin Sadıkovun çox yaxın adamı) Azərbaycanın İrandakı səfirliyində hərbi attaşe kimi xidmət edərkən İranın dövlət qurumları tərəfindən hansısa şübhəli dini qruplarla əlaqədə ifşa olunur və rəsmi Tehran Bakıdan onun geriyə çağrılmasını tələb edir. Emin Əzimzadə səs-küy salınmadan geri qaytarılır və ardınca...
... Hüquq İdarəsinin rəisi vəzifəsinə yüksəlir. Hal-hazırda o, Milli Məclisin aparatında işləyir. Maraqlıdır, elə deyilmi? Biri Ali Məhkəmədə, digəri isə ali qanunverici orqanda. Bundan sonra yuxarıda qeyd edildiyi kimi Tərtər cinayətindən sonra vurularaq tərxis olunan Elçin Əliyev hərbi xidmətə qayıdaraq əvvəllər şöbə rəisi olduğu idarənin artıq rəisi vəzifəsinə təyin olunur.
Amma ondan əvvəl Elçin Əliyev xidmətə bərpa olunarkən ilk olaraq Daxili Təhlükəsizlik İdarəsində (lütfən, bu məqamı yaxşı yadda saxlayın) şöbə rəisi vəzifəsinə gətirilir. Maraqlı məqamlardan biri də budur ki, belə "qiymətli" kadrların təyinatına dövlətin digər məsul qurumları necə razılıq verib və ya bunları görməzdən gəlib? Məsələn, Prezident Administrasiyası və DTX.
Yoxsa doğrudanmı dövlətin ən mühüm qurumları da 5-ci kolonun girovluğundadır və ya... elə onun strukturunda? Necə olur ki, MN Daxili Təhlükəsizlik İdarəsinin rəisi, bütün bu proseslərdə kölgədə qaldığını düşünən "milli ceyms bond" (vəd etdiyim kimi, onun haqqında bir qədər sonra və daha ətraflı) özünün iddia etdiyi kimi, DTX kimi orqana təsir edir?
Bunu adi bir lovğalıq kimi də qəbul etmək olardı əlbəttə, amma bəzi faktlar belə yanaşmağa imkan vermir. Məsələn, Tərtər qətliamını törətmiş çətədə (ilk baxışdan) əhəmiyyətsiz və səviyyəsiz bir məxluq DTX-da ona qarşı ifadə vermiş şəxsi çəkinmədən telefon vasitəsilə təhdid edirsə və ya Tərtər cinayətkarlarından olan Hilal Nəcəfovun çox yaxın qohumu bu günədək həmin orqanda çalışırsa, onda vəziyyət düşündüyümüzdən daha acınacaqlıdır...
Mən hələ "Azərbaycanın əsgəri zəfərinin memarı" kimi Türkiyədəki piarından sonra bir müddətə kölgəyə çəkilmiş Xanlar Vəliyevin qohum-əqrabasını demirəm. Tərtər qatilləri olan generallar bu gün çəkinmədən İlham Əliyevin onlara toxunacağı halda dövlət çevrilişi ilə üzləşəcəyini iddia edirlərsə deməli, vəziyyətimiz ümumiyyətlə faciəvidir. Bu haqda isə hələ xeyli əvvəl xəbərdarlıq etmişdik.
Nəhayət, əgər Nəzakət Məmmədova həqiqətən həbs olunubsa və həqiqətən ona qarşı dövlətə xəyanət ittihamı irəli sürülübsə, o zaman onun fəaliyyətini koordinasiya edən "ceyms bond" nədən toxunulmaz qalmaqda və hətta at oynatmaqdadır. Unutmayaq ki, məhz həmin "ceym bondun" təlimatları əsasında çətənin "əl-ayağına dolaşanlar" erməni kökənli olmaqda şərlənirdilər.
Məsələn, MN Kəşfiyyat Baş idarəsinin rəis müavini, general-mayor Rauf İsmayılov (həm də onun həyat yoldaşı) və həmin idarənin rəisinin köməkçisi olmuş mayor Fərid Qəribov müvafiq olaraq durmadan Nəzakət Məmmədova və Tofiq Şahmuradov tərəfindən erməni olmaqda şərlənirdilər.
Dünən isə analoji addım Tərtər qətliamını fasiləsiz olaraq araşdıran Qurban Məmmədlinin ünvanına irəli sürüldü. Məlum materialın son dərəcə qeyri-peşəkar feyk olması ilə işim yoxdur, amma bütün bu fəaliyyətin müəllifinin necə deyərlər, qulaqları artıq dəqiq göründü. Odur ki, özünü az qala boz kardinal sayan qondarma "ceym bondu" tezliklə səngərdən çıxarıb sizlərə təqdim etməli olacağam.
Növbəti yazıda həm də Tərtər qatilləri olan generalların dövlət çevrilişi təhdidləri, bunun səbəbləri, onların qruplaşmaları, həmin qruplaşmalara daxil olanların kimliyi ilə və s. məsələlərlə yaxından tanış ola biləcəksiniz.
(davamı olacaq)
Ərastun Oruclu