Amerika ilə düşmənçilik kimə faydalıdır?
ABŞ dollarları hesabına qurulan iqtisadiyyatımızla qürrələnirik...
ABŞ və Avropanın Azərbaycanın bir günlük məhdud antiterror əməliyyatına münasibətini bütün cəmiyyətimiz tənqid etdi - onların ədalətsiz mövqeyinə etirazını bildirdi. Hətta, biz düşünürük ki, Azərbaycan vətəndaşları ayağa qalxıb, küçələrə çıxmalı, bu hökumətlərin ədalətsiz mövqeyinə qarşı Amerika və Avropa ictimaiyyətindən dəstək istəməli idi. Amma nə baş verdi? Azərbaycan hökumətinin patranajlığı ilə ölkə "ziyalıları", "siyasətçiləri" və "müxalifətçiləri" cəmiyyəti və hökuməti ABŞ və Avropadan üz döndərməyə çağırdı. Cənablar, siz Azərbaycanın strateji inkişaf istiqamətini Avropadan Orta Asiyaya çevirməklə nə qazanmaq istəyirsiniz!?
Hər şey ABŞ-ın Azərbaycandakı səfirliyinin Amerika universitetlərini bitirmiş məzunlar ilə noyabrın 27-də Bakıda "Marriott Absheron" otelində keçirilməsi planlaşdırılan təntənəli görüşün təxirə salınması ilə başlandı.
Bu, Baku TV və "Qafqazinfo" resurslarında səfirliyin "casus şəbəkəsi" və "ABŞ-da təlim keçərkən Amerika agenti kimi cəlb edilmiş" şəxslərlə görüş təşkil etməsi barədə xəbərlərdən sonra baş verdi. Bu gün Azərbaycan hökumətinin ortaya qoyduğu mövqe bəlkə də "haqlı" görünə bilər, amma buna haqq qazandırmaq mümkün deyil. Çünki bütün siyasi addımlar cəmiyyətin daha çox qazanmasına hesablanmalıdır. Amerika və Avropa kimi dünya avanqardları ilə düşmənçilik bizə bir dövlət olaraq nə qazandıra bilər?!
Məsələn, biz bütün xaricdə təhsil alan tələbələri heç bir sübut ortaya qoymadan casus adlandlrıb, istintaqa cəlb edək. Səfirliklə görüşə 400-ə yaxın məzun dəvət edilmişdi. Lakin xaricdə təhsil alıb, Azərbaycanda çalışan mütəxəssislərin sayı bundan on dəfələrlə çoxdur. Həmin mütəxəssislər iqtisadiyyatın və Azərbaycan hökumətinin islahatlarının lokamativini təşkil edir. Biz bu mövqedən çıxış etməkdə israrlı olsaq, həmin mütəxəssislər qısa müddət ərzində ölkəni tərk etməyi planlaşdıracaq. O adam məmur olsa belə, birincisi, düşünəcək ki, haçansa onun da qapısı döyülə bilər - ən azı başqa bir səhvi üzündən Amerikada oxuduğunu bəhanə gətirib şərləyə bilərlər. İkincisi, Orta Asiyaya inteqrasiyanı hədəfləyən ölkədə Amerika, Avropa təhsilli mütəxəssislərin çalışmağa həvəsi olmayacaq. Addambaşı sistem onların əl-ayağına dolaşacaq, onu cilovlamağa çalışacaq. Belə davam etsə, bu iki amil ölkədən beyin axınını gücləndirəcək. Bir neçə ildən sonra isə Azərbaycanda onsuz da az olan İP mütəxəssislərini çıraqla axtaracağıq. Üstəgəl, hazırda xaricdə minlərlə azərbaycanlı tələbə təhsil alır. 2021-2022-ci ili əhatə edən təhsil ilində 728, 2022-2023-cü ili əhatə edən təhsil ilində isə Amerikada 901 azərbaycanlı tələbə təhsil alır. Avropa unversitetlərində təhsil alanların sayı isə minlərlədir. Ölkənin bu günkü durumundan xəbər tutan həmin tələbələr, sizcə Azərbaycana qayıtmaq fikrində olacaqmı? Əlbəttə yox. Hansı ağılsız cənnət kimi Avropanı buraxıb, Azərbaycana "casus" ittahamı ilə üzləşməyə gələr?
Düşünməyin ki, neftimiz, qazımız var, bizim Amerikanın və Avropanın intellektinə və təhsilinə ehtiyacımız yoxdur. Bu gün inkişaf edən dünyada intellektə və müasir texnologiyalara hamının ehtiyacı ciddi var. Hazırda dünyanın toplam sərvətinin 40%-i, dünya əhalisinin isə cəmi 2%-i Rusiya Federasiyasında cəmləşib. Bu hesabla ruslar hamıdan yaxşı yaşamalı və inkişaf etməli idi. Lakin bu gün Rusiya tankların və digər hərbi texnikanın təmiri üçün çipləri Avropa və Amerika istehsalı olan paltaryuyan və digər məişət texnikalarından sökməklə əldə edir. Siz təsəvvür edin, Rusiya kimi "nəhəng" 20-30 çip əldə etmək üçün 1000 dollarlıq paltaryuyan almağa məcbur qalır. Halbuki həmin çiplərin Amerika və Avropada qiyməti 40-50 sentdir. Bu məkandan üz döndərsək, bir neçə ildən sonra bizi də eyni aqibət gözləyir.
Neft və qaz satışından əldə edilən ABŞ dollarları hesabına qurulan iqtisadiyyatımızla qürrələnirik, sonra isə ABŞ-da təhsil alan mütəxəssisləri casus adlandırırıq. ABŞ düşməndirsə, gəlin Amerika dollarından da imtina edək, razısınızmı? Düşmən valyutası bizim nəyimizə gərəkdir? Türkiyə lirəsindən, Rusiya rublubdan, Özbəkistan somudan, Qazaxıstan təngəsindın, Tacikistan somanisindən, Qırğızıstan somundan və s. qardaş ölkələrin valyutasından istifadə edək. "Yastığın altına" da onlardan yığaq. Əlbəttə, ilk növbədə Azərbaycan məmurları bunlarla razılaşmayacaqlar. Çünki onların Azərbaycan xalqından oğurlayaraq topladıqları dəfinə avro və dollardan ibarətdir.
Bəzən hətta "siyasətçilərimiz" populistcəsinə iddia edirlər ki, kimdi Amerika, kimdi Avropa! Amerikanın və Avropanın kim olduğunu bilmirsinizsə, bilənləri dinləyin. Cənablar, "İPone" telefonunun istehsalçısı olan “Apple” şirkətinin illik dövriyyəsi 4 trilyon dollara yaxındır. Azərbaycanın isə dövlət büdcəsi gələn il 37 milyard manata yaxın olacaq. Büdcəmiz 40 milyard dollar (manat yox, haaa...) olsa idi, "Apple"ın illik dövriyyəsindən 100 dəfə az olardı. "Ford"un bir SD-yə yerləşən inovasiya layihəsinin qiyməti Azərbaycanın dövlət büdcəsindən 20 dəfə çoxdur. Hələ mən büdcəmizi (37 milyard manat) ABŞ-ın dövlət büdcəsi (1,7 trilyon dollar) ilə müqayisə etmirəm.
Nəticə olaraq onu qeyd edək ki, ABŞ və Avropa ilə düşmənçilik Azərbaycan iqtisadiyyatına və cəmiyyətinə böyük zərbə olardı. Digər tərəfdən bu ölkəmizin dünyadan təcridinə gətirib çıxarar. Biz demirik Qərbin və Amerikanın dirijorluğu ilə oturub-durmalıyıq, xeyir, bu gün Azərbaycan xalqının mənafei nəyi tələb edirsə, biz onu etməliyik. Bu ölkələrlə mübahisə etmək olar, mövqeyini tədqid etmək olar, razılaşmamaq olar, amma onlarla düşmənçilik etmək olmaz! Necə olur, Rusiya 30 il torpaqlarımızı ermənilərin əli ilə işğalda saxladı, nə qədər itkilərə bais oldu, onunla dostuq, amma Amerikanın bir bəyanatına görə onunla düşmən olduq? Azərbaycanın Amerika və Avropa ilə münasibətləri ən azı Rusiya ilə münasibətlərdən daha üstün olmalıdır. Biz dünyada kimin yanında dayanmağımızın fərqində olmalıyıq. Çünki buna bizim ciddi ehtiyacımız var. Bzim Amerika və Avropa ilə düşmən olmağımız, Orta Asiyaya üz tutmağımız yalnız Rusiyanın dövlət siyasətinin mənafelərinə (söhbət xalqın və cəmiyyətin mənafeindən getmir) uyğun gəlir. Lakin bu hətta rus xalqının mənafeinə uyğun olsa belə, biz Azərbaycan xalqının mənafeindən çıxış etməliyik. Unutmayın, biz harda Azərbaycan xalqının mənafeinə zidd addımlar atmışıqsa, biz unutsaq da, tarix onu unutmayacaq. Ona görə ki, tarix köhnəldikcə durulur. Məsələn, Azərbaycanın bugünkü tarixi 40-50 ildən sonra dürüstləşəcək, hamı üçün tam həqiqət açıq şəkildə üzə çıxacaq. Bu gün isə tarixi hərə öz mövqeindən, öz baxış bucağından yazır. Yazın, yalan ayaq tutar, amma yeriməz.
Akif Nəsirli