141 milyon niyə geri götürülüb? - Banklardan pul axını

141 milyon niyə geri götürülüb? - Banklardan pul axını
 

Banklar noyabr ayına da əmanət portfellərində azalma ilə daxil olublar. Son 1 ayda banklarda əmanətlərin həcmi 12 milyard 705 milyon manatdan 12 milyard 564 milyon manatadək azalıb. Bu o deməkdir ki, yalnız 1 ayda bank əmanətlərində 141 milyon manat azalmaq qeydə alınıb.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, əmanətlərin həcminin azalmasına “Muğan Bank”ın müflis olması təsir göstərsə də, nəzərə alınmalıdır ki, bu ilin fevralından etibarən depozit məbləğlərində dövrü aylıq enişlər müşahidə edilməkdədir:

"Banklardakı depozit gəlirlərinin ferval ayından etibarən vergiyə cəlb edilməsi də əmanətlərin həcminə təsir göstərdi. Doğrudur, xərcləmələr və eləcə də, real sektora sərmayələr və mövsümi faktorlar da öz təsirlərini saxlamaqdadır". 

Millət vəkilinin sözlərinə görə, əmanətlərin daha çox cəlbi real sektorun maliyyələşdirilməsi və kredit faizlərinin aşağı salınması baxımından da əhəmiyyətlidir: "Bu baxımdan, əmanət porfelinin dayanıqlı artımına nail olmaq çox vacibdir".

"Gələn ildən etibarən yenidən əmanət gəlirlərinə vergi güzəştlərinin tətbiq olunmasının yeni dəyişikliklərdə nəzərə alınması azalmaların səngiməsi baxımdan vacib idi. Son dinamika bir daha təsdiq edir ki, vətəndaşların passiv vəsaitlərinin banklar vasitəsi ilə real sektora yönəldilməsi üçün sistemli tədbirlərin gücləndirilməsinə ehtiyac var. Bu, həmçinin evlərdə saxlanan pulların depozitə çevrilərək vətəndaşlarımızın gəlir əldə etməsinə də imkan yaradar", - deyə V. Bayramov əlavə edib.

Könül
Ölkə.Az

 

0.014811992645264