ABŞ Azərbaycana düşmən olduğunu üzə çıxardı
Tapdıq Abbas
Qarabağ müharibə veteranı, "Əməkdar Mədəniyyət işçisi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, "Azad Jurnalistər Təşkilatı" İB dönəm sədri, Qarabağ Komitəsi İdarə Heyətinin üzvü
“2023-cü il Ermənistanı Müdafiə Aktı”nı qəbul etdi
Azərbaycan noyabrın 20-də ABŞ-da keçirilməsi təklif olunan Azərbaycan və Ermənistan XİN-ləri səviyyəsində görüşdə iştirak etməyib. Çünki həmin görüşdə ABŞ-ın təklif edəcəyi məsələlər qabaqcadan bəlli idi və Azərbaycan üçün məqbul deyildi, hədəli və qərəzli təkliflə sülh bir yerə sığa bilməz.
Qeyd edək ki, ABŞ Konqresində qısa müddət ərzində Azərbaycan əleyhinə ikinci dəfə keçirilən “Qarabağ dinləmələri”, orada ölkəmizin ünvanına səslənən qərəzli, əsassız fikirlər, böhtanlar, ittihamlar, hədələr, həmçinin erməni separatizminə davamlı dəstək ölkəmizi çox qəzəbləndirib.
Azərbaycan haqlı olaraq ABŞ-ı daha neytral vasitəçi qismində görmədiyi üçün noyabrın 20-də Vaşinqtonda hər iki ölkə XİN-in iştirakı səviyyəsində təklif olunan görüşdən imtina etdi. ABŞ-ın belə birtərəfli yanaşması ABŞ-ın vasitəçilik rolunu itirməsinə gətirib çıxarır. Bu şərtlər altında Azərbaycanın 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində keçirilməsi təklif olunan görüşün baş tutmasını mümkün hesab etmir, - ABŞ dövlət katibinin köməkçisi Ceyms O’Braynın dinləmələrdə verdiyi əsassız açıqlamasına Azərbaycan XİN şərhində belə cavab verilib.
XİN-in həmin Bəyanatında, həmçinin deyilir ki, Azərbaycan həmişə beynəlxalq öhdəliklərinə uyğun hərəkət edəcək. Eyni zamanda, Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi addımları qətiyyətlə və adekvat olaraq cavablandıracaq.
Bundan əlavə, bəyanatda bundan sonra ABŞ-ın Azərbaycana yüksək səviyyəli səfərlərini yersiz hesab edərək, ABŞ tərəfinin Azərbaycana münasibətdə ABŞ-ın təşəbbüsü ilə keçirilən yüksək səviyyəli ikitərəfli görüş və təmasları təxirə salması vurğulanır. ”İkitərəfli münasibətlərimiz “əvvəlki kimi ola bilməz" bəyanatına gəlincə isə, qeyd edirik ki, iki dövlət arasında münasibətlər birtərəfli ola bilməz. Bu, o deməkdir ki, eyni yanaşma Azərbaycan tərəfindən ABŞ-a tətbiq olunacaq. Belə olan halda, ABŞ-ın yüksək səviyyəli şəxslərin Azərbaycana səfər etmələrini də yersiz hesab edir. Yəni Azərbaycan da daha yüksək çinli amerikalı rəsmi diplomatları qəbul etməyəcək.
Qeyd edək ki, Konqresdəki dinləmələrdən cəmi bir gün sonra ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib. Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı”na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilib. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur. Amma bu sənəd digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi maliyyə yardımı ayrılmasına icazə verir.
Bu halda, XİN-in yuxarıdakı bəyanatını Azərbaycanın ABŞ-la münasibətləri aşağı səviyyəyə endirməsi kimi başa düşmək olar. Bu, həm də o deməkdir ki, ABŞ-ın Azərbaycana yeni təyin etdiyi səfiri Mark Millinin etimadnaməsini Azərbaycan Prezidenti qəbul etməyə bilər!
Baş verən son hadisələri, ABŞ-ın Fransa ilə bərabər BMT TŞ-də Azərbaycan əleyhinə eyni mövqedən çıxış etməsini necə başa düşmək olar?! Qeyd edək ki, Amerikanın Azərbaycana göstərdiyi yanlış münasibət və riyakar ritorika, ilk növbədə təsbit edir ki, ABŞ dövləti ədalət, demokratiya, beynəlxalq hüquq anlayışları ilə əlaqəsini itirib. Belə olmasaydı, dövlətlərin daxili işlərinə aid məsələlərdə neytrallıqlarını qoruyardılar, ”qırmızı xətt"i keçməzdilər, Konqresdə Azərbaycan əleyhinə dinləmə ardınca dinləmə keçirməzdilər, yekəxana ritorika ilə, diplomatik şantajla, hədə-qorxu dili ilə danışmazdılar. Həm də o dövlətlə ki, qarşılıqlı münasibətlərdə həddini aşan istənilən gücün cavabını dərhal verir!
Diqqət edin, uzun müddət idi ki, ABŞ-ın Azərbaycana səfir təyinatı gecikdirilirdi. Bu işi tezbazar həll etdilər. Ardınca isə ABŞ lazımsız, iki dövlət arasında münasibətləri gərginləşdirən belə addım atdı. Daha dəqiqi, bu addımları təsadüfi saymaq olmaz, güman edirəm ki, bu addımlar əvvəlcədən planlaşdırılmış addımlardır.
ABŞ və digər Ermənistan yanlı ölkələr bilməlidirlər ki, Azərbaycan qalib ölkədir, kimdənsə asılı deyil. Nəhayət, Azərbaycanı kimsə təsiri altına salıb yönəldə bilməz. Buna, əsla imkan vermək olmaz. Bu cür aşağılayıcı niyyətdə olanların arzusu daim ürəyində qaldığını heç kim unutmamalıdır...
Birdə ki, Azərbaycan indiyə qədər Amerikanın həyasızlığı ilə azmı rastlaşıb? Son 30 ildə nə dəyişib ki? Həmişə belə olub və indi də belədir. ABŞ rübdə ən az bir dəfə “ənənəvi” üsulları ilə ölkəmizə təsir və təzyiq edib. Amma hər dəfə də əliboş qalıb.
Düşünürəm ki, ABŞ-ın hazırkı Azərbaycan siyasətinin səhv istiqamətə yönəldilməsi, Konqresdə keçirilən qərəzli müzakirələrdə səslənən əsassız fikirlər, böhtan və ittihamlar, hədələr iki dövlət arasında gərgin olan münasibəti daha da dramatikləşməsinə xidmət edir. Olsun!
Beləliklə, ABŞ Senatının “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul etməsinə mənim cavabım belədir: Azərbaycan dövləti müstəqillik əldə edəndən üzü bəri heç bir dövlətin ərazisini Ermənistan kimi, işğal etməyib və etmək fikrin olmayıb, olmaq fikri də yoxdur, lakin BMT TŞ-nin qəbul etdiyi 4 qətnaməni yerinə yetirməyi üzərinə götümüş ATƏT-in Minsk Qrupuna daxil olan ABŞ, Fransa, Rusiya kimi, işğalçı Ermənistanın başına sığal da çəkməyib, yalnız 30 il işğal altında olan öz ərazisini hərbi yolla işğaldan azad edib"!..
Ey ABŞ, Fransa və digər təcavüzkar Ermənistana dəstək verənlər, di gedin, Azərbaycana bəslədiyiniz qərəzi, düşmənçiliyi həyata keçirmək üçün əlinizdən gələn nədirsə, qəti əsirgəməyin, sizlərdən qorxmuruq!..