Rusiyanın patronu...

Rusiyanın patronu...
 

2024-cü il martın 17-də Rusiyada növbəti prezident seçkisi keçirilməlidir. Səsverməyə vur-tut 4 ay qalıb, amma Putin hələ seçki kampaniyasına qatılacağını açıq şəkildə elan etməyib.
Ümumiyyətlə, Kremldə qarşıdakı seçkidən danışmağı sevmirlər. Amma hakim elitada müəyyən tərpənişlər, hərəkətlənmələr var ki, bunun da nələr vəd etdiyindən, Rusiyanı haralara aparacağından baş çıxarmaq çətindir. Rusiyada saray çəkişmələri həmişə gizli, xalça altında gedib və Kreml məmurları belə işlərdə, qəliz intriqalarla bir-birilərinin başını yeməkdə ustadırlar. Vəhşi məmur aləmi serengeti kimidir – kimlərsə kimlərisə yeyir, çeynəyir və yaxud diri-diri udurlar. Bəzən biri favorit kimi dəyərləndirilir, sonra görürsən ki, cəmdəyini atıblar çölə. Rusiyanın siyasi tarixi belədir...
Putinsə qocalıb, günün birində başına hər şey gələ bilər, diktatorlar terminator deyillər, ətrafı isə gün gəlir siyasi, hətta fiziki gələcəyini düşünməyə vadar olur. Hər rəhbər nə qədər güclü, hökümlü olsa da, təkbaşına və hər şeyin fövqündə görünsə də, ətrafından asılıdır. Gün keçir və ömür sona yaxınlaşdıqca bu asılılıq daha da artır...
Rusiyanın tanınmış tarixçisi, siyasi analitik və konspiroloqu Valeri Soloveyin konsepsiyasına görə, bunkerdəki Putin əsl çar deyil, “soyuducuya qoyulub”, ölkəni isə hansısa “Vasiliç” və “Oleqoviç” idarə edir ki, bu da önəmli deyil. Yəni, Kremlin indiki sahibi “dondurulmuş hökmdardır”, idarə edənsə ətrafıdır. Bu, konsepsiyadan çox professor Soloveyin konspiroloji versiyasıdır. Bu həmin Soloveydir ki, Putinin öldüyünü, ölkəni onun oxşarlarının idarə etdiyini də iddia edir.
Hər bir halda Soloveyin konsepsiyası Putinin xarizmasını çızıq-cızıq edir, Kremlin sahibinə, rejimə şübhələr yaradır, söz-söhbətlərə səbəb olur. Amma konspiroloqa toxunan yoxdur. Belə şübhələr var ki, Soloveyi Rusiyanın ən sirli siyasi fiquru Nikolay Patruşev himayə edir, professor Rusiya Təhlükəsizlik Şurasının katibinə işləyir və yaxud maraqları üst-üstə düşür. Yəni, rejimi silkələməkdə Patruşev də maraqlı ola bilər ki, artıq vaxt yetişib. Yoxsa professor-konspiroloqu bir saat içində itqusdu edərdilər...
FSB-nin (Rusiya Federal Təhlükəsizlik Xidməti) keçmiş direktoru qapalı, sakit, gözə batmayan, boz, mübhəm bir adamdır. Əvvəldən də hesab edilirdi ki, Patruşev “Kreml soyuducusundakı adam”ın canişini, Rusiyanın baş nəzarətçisidir. Bəzilərinə görə, o, Putinin siyasi varisidir, digərlərinə görəsə, o, çoxdan Rusiyanın patronudur....
Son günlərdə siyasi fəallığını fövqəladə səviyyədə artıran Patruşev artıq aşkar gözə batmağa başlayıb. Sanki ona əvvəlkindən fərqli rol verilib və ya özü bu rolu öz üzərinə götürüb. O, sentyabrda “Razvedçik” jurnalında “Parazit imperiyaların iflası” kimi gurultulu başlıqla Rusiyanın dünyada geosiyasi roluna dair proqram xarakterli yazı dərc edib, daha sonra “Bilik” cəmiyyətinin tədbirində yekə proqram çıxışı edərək birdən-birə və nədənsə Putinin 23 illik hakimiyyətinin yekunlarından danışıb. Patruşev böyük natiq imiş, amma kimsənin xəbəri yoxmuş. Kəşfiyyatçılar belədirlər, sürprizləri sevirlər...
Maraqlıdır, Putinin 23 illik hakimiyyətini dəyərləndirməyə nədən, hansı siyasi səbəblərdən ehtiyac yaranıb?
Patruşev Putini Rusiyanın xilaskarı adlandırır, eyni zamanda onun 23 illik fəaliyyətini retrospektiv dəyərləndirir, Kremlin sahibi haqqında daha çox kədərli və keçmiş zamanda danışır. Müasir Putindən heç bəhs etmir, sanki yoxmuş... “Radio Svoboda”da dərc edilən “Патрушев. Патрон России” adlı təhlildə qeyd edilir ki, bir çox müşahidəçilər zarafatla Patruşevin nitqini Putinin nekroloqu adlandırırlar...
Patruşev güc strukturlarının təmsilçisidir və onların lideridir. Rusiyada güc strukturlarına – DİN-ə, RF İstintaq Komitəsinə, prokurorluğa və həmçinin məhkəmələrə FSB nəzarət edir. FSB-nin başında isə Patruşevin canişini Bortnikov oturub. 2008-ci ildə o, FSB-dən gedəndə Bortnikovu yerinə qoymuşdu, 15 ildir o, orda, Patruşev RF Təhlükəsizlik Şurasında və hamının üstündə oturub.
Rusiya Dövlət Dumasının keçmiş üzvü, isrefada olan FSB polkovnuki, xüsusi xidmətlər üzrə ekspert Gennadi Qudkov deyir: “Hər şey və hamı FSB-nin altında, kurasiyasındadır, bütün məsələləri o həll edir – kim yaşasın, kim yaşamasın, kimi həbs, kimi əfv etmək olar, kim öldürülsün, kim sağ buraxılsın. Qəbul edilən mühüm siyasi qərarların konfiqurasiyası təxminən belə qurulub... Beləcə siyasət Rusiyadan çıxıb gedib, hər şey təmizlənib və betonlaşdırılıb, deməli, bizdə hakimiyyəti kim qoruyub saxlayır? Güc strukturları. Güc strukturlarında baş fiqur kimdir? Patruşev...”
Bəzilərinə görə, Rusiyanın xarici siyasəti də Patruşevin məsuliyyət dairəsinə aiddir. Rusiya XİN diplomatik mövqe və simasını itirib, Lavrov isə Patruşevin yanında qələt eləyir. Hərb dövrünün xarici siyasətini öz üzərinə götürən Patruşevin son yazı və açıqlamaları da bunun təsbitidir....
Güc strukturları və ya rusların “silovik”lər adlandırdıqları güc sahibləri hakimiyyəti hansısa Mişustinə və Sobyaninə təslim etmək niyyətində deyillər. Şoyqu və digər generallar da gedib daş atsınlar, qolları açılsın. "Silovik"lər və ya “KQB”nin varisləri hakimiyyətin gerçək sahibləridir. Güman ki, Rusiya siyasətində “hərb partiyası”nın əsas avtoriteti kimi Patruşev son fəallığı ilə açıq siqnal verir ki, “silovik”başı kimi siyasi varis, “Putin işinin davamçısı”, “1 nömrəli putinçi” mənəm, qalanlar ayaqlarını yorğanlarına görə uzatsınlar, yoxsa ayaqsız qalarlar...
Bəs Putin? Onu yəqin ki, “bunker patriarxı” kimi saxlayarlar ki, özü üçün baş münsiflik etsin, amma burnunu hər şeyə soxmasın, ölkəni isə özləri idarə edərlər. Düzdür, ağıllarına başqa şeylər də gələ bilər...

Qəzənfər Həmidoğlu ,

"Paralel.az"

0.015666007995605