Post-Qarabağ: geosiyasi reallıq, kurs və balans....
Bakının Qərb dövlətləri və dairələrindən Azərbaycanın ünvanına səslənən ittiham, açıqlama və bəyanatlara, həmçinin anti-Azərbaycan davranışlara adekvat reaksiyasını, diplomatiya müstəvisindəki kritik gərginliyi Azərbaycanın geosiyasi seçimi kontekstində dəyərləndirmək və ya xarici münasibətlərdə balans siyasətinin pozulmasından danışmaq hələ tezdir.
Təbii ki, bizə sülh lazımdır və sülh sazişi nə qədər tez imzalansa, o qədər Azərbaycanın bütün anlamlarda yararınadır. Amma daha anlamlısı və vacibi həmin sazişin necə və hansı mətnlə imzalanmasıdır. Paşinyanın sözlərinə görə, “Azərbaycanla sülhün əsas prinsipləri razılaşdırılıb”, amma “İrəvan və Bakı hələ də müxtəlif diplomatik dillərdə danışır... biz çox vaxt bir-birimizi başa düşmürük”.
Əslində tərəflər bir-birilərini yaxşı başa düşürlər. Yəni, qalib Azərbaycan sülh sazişi ilə zəfərini kapitulyasiya aktı kimi tam təsbit etmək, məğlub Ermənistan isə bu təsbitin altından hansısa kompromislə üzüsulu çıxmaq istəyir. Vasitəçilər isə tam başqa şeylər istəyirlər, özü də çox yepyekə olduqlarından iştahları da böyükdür. Üstəlik, sülh prosesinə patronluq davası aparırlar. Nəticədə bizim sülh prosesinin gedişatı ənənəvi savaşların sonundakı klassik sülh danışıqlarından fərqli, həlləm-qələm situasiyalarla müşayiət olunur...
Cənubi Qafqazda sürətlə dəyişən geosiyasi reallıqlar, problemlər, təzyiqlər, Azərbaycanın məcburi və ya hesablanmış strateji və taktiki addımları, situativ manevrləri avroatlantik (Qərb) və yaxud Avrasiya (Rusiya-Çin) pəncərələrdən fərqli mülahizələrlə dəyərləndirilir və faktlara söykənməyən qənaətlər çıxarılır.
Məsələn, Qərblə Bakı arasında birgünlük müharibədən sonra yaşanan “diplomatik batl”, anti-Qərb ritorikası hakimiyyətin opponentləri tərəfindən Bakının geosiyasi kursunu dəyişməsi, “Rusiyaya sığınması” kimi yozulur. Azərbaycan XİN-in son 20 gündə ( 3 noyabr və 16 noyabr) ABŞ-a ünvanlanan cavablarından biri 31 oktyabrda Senatın Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinkenin açıqlaması və 2 noyabrda Dövlət Departamentindən “Amerikanın Səsi”nə müsahibə, digəri isə ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi James O’Braynın Konqresdəki dinləmələrdəki hesabatı ilə bağlı idi. Reaksiyalar nə qədər kəskin olsa da, adekvat idi.
Birincisində ABŞ faktiki ittiham edilirdi: “ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib...ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır”. İkincisində Azərbaycan XİN dövlət katibinin köməkçisinin hesabatını "birtərəfli və qərəzli", fikirlərini "səmərəsiz, əsassız və qəbuledilməz" sayır , ABŞ-ın mövqeyi daha kəskin, daha sərt ifadələrlə, diplomatik sancmalarla (“Region ölkəsi olmayan ABŞ”), əks ittihamlarla (“ABŞ tərəfinin 907-ci düzəlişin icrasının müvəqqəti dayandırılması məsələsi ilə bağlı belə laqeyd hərəkəti Azərbaycana qarşı bədxah addımdır”) şərh edilir, ABŞ-ın vasitəçiliyi şübhə altına bilinəcəyinə işarə edilir və noyabrın 20-də Vaşinqtonda keçiriləcək görüşdən imtina olunur.
“Azərbaycanın Ermənistana hücum edəcəyi” demoqogiyası fonunda Bakının Qərbin vasitəçiliyinə skeptik yanaşmasını və yaxud sülh danışıqlarında Vaşinqton və Brüssel platformalarını boykot etməsini tezbazar Azərbaycanın danışıqlardan yayınması və ya sülh prosesini yubatması kimi yozmaq və burdan da Bakının geosiyasi seçimini Rusiyanın xeyrinə etdiyi üçün sülh prosesini süründürməsi qənaəti çıxarmaq, ənənəvi balans siyasətinin ortadan qalxmasından, daha uzağa gedib yaranmış sitasiyanın müharibə riskinin yüksəltməsindən danışmaq, bu kimi iddialar irəli sürmək olar. Amma bu iddiaları arqumentləşdirmək çətindir. Sərt ritorika, kəskin diplomatik mesajlar mübadiləsi hələ dövlətlərarası münasibətlərdə böhran, körpüləri yandırmaq deyil. Balansın pozulması isə heç deyildir, nə demokratiya davası , nə də erməni məsələsi konteksti geosiyasi oyunlara ciddi korrektə etməz. Başqa sözlə, Qərb-Bakı münasibətlərində gərginlik uzun sürməz, kəskin dönüş və qəfil sürpriz gözləməyə isə heç dəyməz.
Və yaxud Bakının Rusiyadan səslənən oxşar bəyanatlara və addımlara hələlik reaksiya verməməsi onların unudulmazı anlamına gəlməz. Məsələn, Putinlə və Lavrovun Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanıdığına görə, üstəlik, Qərbin təsiri nəticəsində tanıdığına görə qınamasını, Rusiya xarici işlər naziri Mixail Qaluzinin “İrəvanla Bakının münaqişəsinə nöqtə qoyulmayıb” və yaxud “sülh sazişində Qarabağ ermənilərinin hüquqları və təhlükəsizliyi məsələlərinin aydın ifadə olunması vacibdir” kimi iddialarını Azərbaycan diplomatiyası mütləq yaddaşının bir küncünə yazıb. Sadəcə regionda konyunktura elədir, Cənubi Qafqazda və ətrafında elə dramatik oyunlar qurulur ki, Moskva ilə münasibətlər maneverlərsiz mümkün deyil. Qarabağı qaytardıqdan sonra Azərbaycan üçün Rusiyanın regionda iştirakı önə çıxan problemdir. Bu elə problemdir ki, Qarabağ məsələsində olduğu kimi Qordi düyünü kimi açmaq müşkül işdir, bunu Ukrayna müharibəsi də göstərdi.
Təbii ki, Rusiya regiondan nə qədər tez getsə yaxşıdır. Amma qlobal rəqabətdə ABŞ-ın Rusiyanı regiondan sıxışdırmaq planlarında alət olmaq da çox xatalı və riskli işdir. O Ermənistandır ki, dəvəsi ölmüş ərəb kimi itirdiyini itirib, indi burdan ora, ondan buna sıçrayır...
Qəzənfər Həmidoğlu
"Paralel.az"