Səadət Şıxıyeva yazır...

Səadət Şıxıyeva yazır...
 

"Nəsiminin "Erməni" rədifli şeiri olubmu?" sualına cavab verərkən...

Həmkarlarım dos. Zaur Əliyev və dos. Bayram Quliyevin "Nəsiminin "Erməni" rədifli şeiri olubmu?" sualı ətrafındakı maraqlı müzakirə və mübahisəsi məni kiçik bir araşdırma yazmağa vadar etdi. Bu barədə ayrıca bir məqalədə münasibətimi bildirəcəyəm. Hər ikisinin mülahizələrində yetərincə məntiqli və əsaslı, qismən də emosional məqamlar olduğunu nəzərə alıb, kiçik həcmli bir məqalə ilə bu məsələyə açıqlama gətirməyə çalışacağam. İndilikdə isə qısaca bunu qeyd etməyi uyğun bildim:
1. Nəsimi İslami Şərq şeirinin geniş yayılmış, çox zaman məcazlaşmış, mücərrədləşmiş, bəzən də real surətlərindən biri olan tərsa surətinə maraq göstərməmiş, erməni etnoniminə (əslində etnotoponim demək doğru olardı, çünki coğrafi addan millət adına çevrilib) maraq göstərməmişdir. Adına çıxılan bu şeirdən başqa heç bir əsərində bu etnonimi xatırlatma yer almır.
2. Tanınmış nəsimişünas alim, rəhmətlik prof. Hüseyn Ayan Nəsiminin elmi-tənqidi mətnini doktorluq işi kimi hazırlayarkən belə bir cəhət da diqqətini çəkir ki, "Erməni" rədifli şeir şairin qədim və mötəbər əlyazmalarında yer almır.
3. Orta əsrlərdə sevilən övliya şairlərin və ya sadəcə məşhur şairlərin adından şeir söylənilməsi nadir ədəbi təzahürlərdən deyildir. Yunus Əmrə, Şah İsmayıl Xətai, Pir Sultan Abdal kimi Nəsiminin adından da çoxsaylı şeirlər söylənmişdir. Bunların bir qismi həmin şəxslərə sevgiylə götürülən təxəllüs eyniyyətindən, digər bir qismi isə katib xətasının qaynaqlanır.
Sonda qısaca bunu qeyd edə bilərəm ki, "Ağrımaz", "Minnət eyləməm", "Mən müsəlman olmanam" kimi "Erməni" rədifli şeirin də Seyid İmadəddin Nəsimiyə aidiyyəti yoxdur. Dil-üslub və düşüncə fərqliliyi bu qənatimizin əsas təsdiqləyiciləridir...

"Paralel.az"

0.015857934951782