Əsrin faciəsi...

Əsrin faciəsi...
 

Xocalı soyqırımının üçüncü günü idi. Hər səhər tezdən Hindarx kəndindən çıxıb Ağdama gəlir, Xocalıdan çıxa bilməmiş ailə üzvlərim haqda məlumat öyrənmək üçün çalışırdım. Ağdamdan Qaraağacı qəbiristanlığının çıxışında olan 19 – cu posta, ordan Şelli dağında olan topçuların postuna, ordanda Gülablı kəndində olan posta gedirdim.Gecə yarısına qədər bu postlar arasında gəzir, hər hansı bir məlumat əldə edəcəyimə ümid edirdim. Çünki Xocalıdan çıxa bilənlər bu istiqamətlərdən Ağdama gəlirdilər. Gecə yarısı kor peşman evə dönür, məndən xəbər gözləyənlərə nə deyəcəyimi düşünürdüm.Nə gecəmiz, nə gündüzümüz vardı. Günlər keçdikcə ümidimiz kəsilirdi. Artiq xilas olub gələnlər azalır, xilas olmuş Xocalı sakinlərinin qarşılaşdıqları müsibətləri dinləyəndə dəhşətə gəlirdik. Əvvəllər iyindən zəhləm gedən siqaret ayrılmaz yoldaşım olmuşdu.
Bir gün yenədə 19 – cu posta ordanda Şelli kəndinə getdim.Hamının nə iləsə kömək etməyə çalışdlğı dövr idi, faciə insanlari yaxinlaşdırmış, bir yumruq kimi birləşdirmişdi. Yanacağın qıt olmasına baxmayaraq Hindarx RTS-də UAZ – ın yanacaq çəni doldurulurdu. Kəndin agsaqqalları, gəncləri hamı əlindən gələn köməyini əsirgəmirdi. Ali sovetin deputatı olmuş Şaban Rzayev binoklunu bizə hədiyyə etmişdi. Binokl çox güclü olduğundan onun vasitəsi ilə uzaq meşələri belə görmək mümkün idi.
Maşını Şelli postunda qoyub Qara qaya tərəfə getdim.Orda qalan meyidlər hələ də götürülməmişdi. Ermənilərin yaxlınlığında, neytral zonada qaratikan kolluğunda gizlənib, binoklla Əsgəran - Naxçıvanik istiqamətlərini nəzərdən keçirməyə başladım. Çox vaxt səngərdən kənarda görünən erməni əsgəri olanda , PK dediyimiz 7 – 62 LPS lentalı pulemyotla atəşə tuturdum.
Birdən Qara qaya ilə üzbəüz Qarqar çayının kənarında, Əsgəran neft bazası deyilən yerdə Bakı – Xankəndi dəmiryolu körpüsünün altında erməni BTR – nin gizlədildiyini gördüm. Demək meşədən açıq sahəyə çıxan Xocalıları soldan bu BTR, sağ tərəfdən isə Naxçivanik kəndinin fermasında gizlənən erməni yaraqlıları güllələmişdilər. Bir qədər müşahidə apardıqdan sonra pulemyotu göturub maşının yanına qayıtdım.
Ağdama gəldim, orda öyəndim ki, bir milis nəfəri mühasirədən çıxıb yaralı vəziyyətdə gəlibdir. Xəstəxanada onunla görüşdüm, dedi ki, doxsan nəfərə yaxın, əsasəndə qadın və uşaqlardan ibarət olan bir dəstə ilə gəlib Kətik meşəsində dərədə gizləniblər. Dağın üst tərəfini ermənilər kəsib çıxmaq istəyəni vururlar, bunlarda ara - sıra atəş açıb ermənilərin yaxınlaşmasına imkan vermirlər. Ancaq bir tərəfdən şaxta, digər tətəfdən isə aclıq və patronun azalması bunları ya təslim olmağa, ya da mühasirəni nəyin bahasına olursa olsun, yarmağa vadar edibdir. Qadın və körpə uşaqlarla bunu etmək mümkün olmadığı üçün , 2 nəfərin gecə ilə mühasirədən çıxıb , Ağdama kömək dalınca getməsini qərara alıblar. Səhərə yaxın ermənilər bunları görüb atəş açıblar, döyüş zamanı yoldaşı öldürülür o , isə yaralı vəziyyətdə özünü Ağdama çatdıra bilir.
Bunu eşidən kimi təcili Novruzlu aeroportuna getdim, çünki oradan krokodil dediyimiz Mİ - 24 qırıcı vertolyotların müşaiyəti ılə MI - 8 mülki vertolyotlarının Qara qaya ətrafında qalmış cəsədləri götürəcəyi planlaşdırılırdı. Aeroportda bu tədbirə general Şahin Musayevin rəhbərlik etdiyini dedilər. Onun yanında olub vəziyyəti izah etdim. Xahiş etdim ki, məni bələdçı kimi, vertolyota götürsünlər, körpünün altında gizlədilmiş BTR - in gizlədildiyi yeri göstərim , qırıcı vertolyotlar raketlə vursunlar, mulki vertolyota meyidlər yığılanda isə bir qədər aralıdan dövrə vurub, dağın üstündə olan erməni postunuda vursunlar, mühasirədə olanlara vertolyotdan patron, çorək bağlamaları atib, mühasirədən çıxmalarına şərait yaradaq ki , ermənilər onları əsir götürə bilməsinlər . General məni pilotların yanına göndərdi. Pilotlar dedi ki, sursatımız azdır, bunu edə bilmərik. Dedim ki , bu problem deyil, hansı sursatdan lazımdır, nümunə üçün hərəsindən bir ədəd verin, təşkil edərəm.Maşına oturub Agdama qayitdım, Şahini, Tahiri, Familəni bazarın qarşısında düşürdüm, dedim bacardığınız qədər çörək, hazır ərzaq alın , ayrı - ayrı dəsmallarda bağlayın, məndə tezlıklə qayidacam. Özümü Uzundərədə olan hərbi bazaya çatdırdım. Orda bizim Ağdam polisi postda idi. Xahiş elədim, gətirdiyim nümunələrdən bir neçə yeçik UAZ – a yığdım, əlavə 5.45 və 7.62 kalibr avtomatlar üçün iki yeşikdə patron götürüb şəhərə döndüm .Bazardan soyutma toyuq , çörək , peçenye və s.alıb dəsmallara bağlamışdılar, hər bağlamayada avtomat patronlarıda əlavə etdik. Hardasa 20 – 25 bağlama olardı, bunu belə etdim ki, qarda bağlamaların bəzisi vertolyotdan atılanda itərsə heç olmasa o birilərin tapa bilsinlər. Neçə gündür acdırlar , bir qədər yeyib taqətə gəlsinər ki , gəlib təhlükəsiz yerə çatalar, patronlar ilə silahlarını doldursunlar ki , lazım olanda atəşlə özlərinə yol açsınlar, əsir düşməsinlər. Aeroporta çatdıq, hər iki vertolyot gətirdiyim patron və sursatla doldurulub hazir vəziyyətə gətirilsədə, pilotlar uçuşa tələsmirdilər. Onlara dedim ki, qisa qış günüdür, bir azdan hava qaralacaq, onlar mənə dedi ki, biz kənar adamı vertolyota buraxa bilmərik. Dedim ki, məndə zabitəm, özüdə indi elə bir vaxtdir ki, bu kimi hallara orda donan, ölüm təhlükəsi iə üzbəüz olan qadınlarln, körpələrin xatirinə əks getmək olar. Pilot dedi ki, bu heç cür mümkün deyil. Sən xəritədə o yerləri bizə göstər biz ora uçanda hədəfi vurarıq. Xəritəyə nə qədər baxsamda, hərbi xidmətdə və milis məktəbində təhsil alanda, hərbi topoqrafiya fənnindən dərs keçsək də, onun xəritəsində, o əraziyə uyğun nəsə görmədim. Bacardığım qədər körpünün və mühasirədə qalanların yerini izah etsəmdə uçuş olmadı .
Pilotlardan kar aşmadığını görüb general Şahin Musayevi nə qədər axtarsaq da tapa bilmədik ki, pilotlari inadından döndərə, axşama qədər gözləsəkdə heç bir nəticə olmadı.

Akif Mirsiyaboğlu, "Paralel.az"

0.1048150062561