Feysbukda bu mesajları göndərənləri hansı cəza gözləyir? - FOTO - DİQQƏT!

Feysbukda bu mesajları göndərənləri hansı cəza gözləyir? - FOTO - DİQQƏT!
 

Son günlər sosial şəbəkələr vasitəsilə dələduzluq halları artıb. Belə ki, müxtəlif qadın adlarına açılmış saxta profillər kiberdələduzluq fəaliyyəti ilə məşğul olurlar. Onlar özündə yardım ehtiva edən eyni məzmunlu mətni müxtəlif profillər vasitəsilə insanlara göndərir və müəyyən məbləğdə pul istəyirlər. Həmin şəxslərin kimlər olduğunu müəyyən etmək mümkün olmasa da, onlar bu fəaliyyətlərini davam etdirir və bir çox insanları aldatmağı da bacarırlar. Bəs görəsən, bu cür sui-istifadə hallarına yol verən şəxslərlə necə mübarizə aparılmalıdır?

Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri, İKT üzrə ekspert Elvin Abbasov İqtisadiyyat.az-a bildirib ki, internet və sosial şəbəkələr üzərində sosial yardım dələduzları kütləsi yaranıb.

Onun sözlərinə görə, onlar bu üsulun daha asan olduğunu görüb sui-istifadə hallarına yol verərək fəaliyyət göstərirlər: "Özlərindən senarilər hazırlayır və fərqli profillərlə insanların mənəvi hisslərindən sui-istifadə edirlər. Həmin saxta profillər daha çox din adı altnda körpə uşaqlarla bağlı olur. Məsələn, qadın yoldaşından ayrıldığını qələmə verərək, dul qadın kimi azyaşlı uşaq böyütdüyünü bildirərək müxtəlif hücum növlərinə əl atır. Pandemiyadan sonra isə sosial dələduzların sayı daha da artıb. Hazırda bu kütlə sosial şəbəkələri potensial mənbə kimi görür. Yardım etmək istəyən insanlar isə bu məsələdə çaşqınlıq yaşayırlar. Onlar şəxsin həqiqətən yardıma ehtiyacının olub-olmamağına əmin ola bilmirlər".

Ekspert deyib ki, dünyanın bir çox ölkəsində yardım fondları mövcuddur və müxətlif şirkətlər bu fonda büdcə ayırır, yardıma ehtiyacı olan şəxslər də həmin fonddan kömək istəyirlər: "Bu, sui-istifadə hallarının qarşısını almaqla yanaşı, yardım edən şəxslərin güvənini də təmin edir. Beləliklə, sosial yardım dələduzları təbii şəkildə ifşa olunur. Çünki fond tərəfindən yardım istəyən şəxsin məlumatları araşdırılır".

E.Abbasov bu vəziyyətin qarşısını almaq üçün beynəlxalq təcrübədən yararlanmağın lazım olduğunu söyləyib. Onun sözlərinə görə, əgər yardım fondları yaradılarsa, insanlar da sosial yardım dələduzlarının toruna düşməzlər: "İnsanlar özlərini dələduzlardan qoruya bilmirlərsə, yardım istəyən insanı ya şəxsən tanımalı, ya da onun ən azı kimliyi barədə informasiyalara malik olmalıdır. Əks halda sosial şəbəkə üzərindən tanımadığımız profillərdən daxil olan yardım mesajlarına güvənməmək lazımdır".

Vəkillər Kollegiyasının üzvü, hüquqşünas Rəşad Əliyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, saxta profillərlə bağlı vəziyyəti tənzimləmək qanunvericilikdə birbaşa mümkün deyil. Onun sözlərinə görə, bundan başqa, göndərilən mesajları qadağan edən hansısa norma yoxdur.

Hüquqşünas bildirib ki, əgər göndərilən mesajda cinayət və ya hansısa inzibati xətanın törədilməsi reallaşırsa, bu halda həmin şəxs üçün məsuliyyət yaranır:

"Sosial şəbəkədə saxta profildən istifadə edərək təhqir, böhtan xarakterli ifadələrdən işlədilibsə, işgüzar nüfuza xələl vurulubsa, bu halda məhz həmin əmələ görə məsuliyyət nəzərdə tutulub. Cinayət Məcəlləsinin 148.1 maddəsinə əsasən, internet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək böhtan atma və ya təhqir etməyə görə cərimələr mövcuddur. İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə - 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin maddədə saxta istifadəçi adlar, profil və ya hesablar dedikdə internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, həmçinin digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış istifadəçi adlar, profil və ya hesablar başa düşülür".

 

0.012351036071777