Son üç ayda Söyüdlüdə nə dəyişdi ki..?

Son üç ayda Söyüdlüdə nə dəyişdi ki..?
 
Gədəbəydəki qalmaqallı Söyüdlü qızıl yatağında hasilata icazə verilib

 

Bu ilin yayında bütün ölkədə sensasiya doğuran, Gədəbəyin Söyüdlü kəndində baş verənlər yəqin ki, hələ heç kimin yadından çıxmayıb. Bu ilin iyul ayında Söyüdlü camaatı hasilat mədənində qızılı filizdən ayırmaq üçün istifadə edilən sianidin suda məhlulunun tullantı kimi axıtmaq üçün ikinci gölün qurulmasına etiraz etmişdi. Etirazçıları kənddə sakitləşdirmək məqsədi ilə kəndə polis yeridildi, xeyli kənd sakini həbs edildi və cərimələndi. Bəzi "ictimai xadimlər" kənd camaatının etirazlarının kökünü müxalifətdə və "xarici qüvvələr"də axtarmağa işarə verdi. Lakin bu onların özlərindən başqa heç kimin ağlına yatmadı. Bu kadrlar televiziyalarda bir necə həftə "raskrutka" edilsə də, tezliklə gündəmin zibilliyinə atıldı.
Ekologiya və Təbi Sərvətlər Nazirliyi tədqiqata başladı. Amma uzun müddət bu tədqiqatların nəticəsi barədə susqunluq yaşandı. Halbuki, suda və havada sianidin aşkarlanması üçün cəmi bir necə dəqiqəyə ehtiyac duyulur. Prezident çıxışında deyəndən sonra ki, doğrudan da orda işlər qaydasında deyil, Nazirliyin komissiyası qazılmış iki quyudan götürülən su nümunələrindən "az miqdarda" sianid turşusu tapdı. Sonuncu dırnaq arasına saldığımız ifadəyə aydınlıq gətirməyə ehtiyac duyduq - "az miqdarda". Cənab ekoloqlar, məlumunuz olsun ki, sianid turşusu uçucu maddədir, açıq hava şəraitində olan suyun tərkibində uzun muddət qalmır, buxarlanaraq, bir necə saat ərzində oksidləşir və neytral maddəyə çevrilir. Ona görə də hər hansı bir bölgədəki sudan sianid tapılırsa, onun az və ya çox miqdarda olmasına baxmayaraq, bu o deməkdir ki, bu suyun mənbəyi mütəmadi olaraq sianidlə çirklənir. Çünki çirklənmənin dayanmasından bir necə gün sonra sianid suyun tərkibində yoxa çıxır. Ona görə də su mənbəyindən sianid aşkarlanırsa, onun xüsusi çəkisinin suda az və ya çox miqdarda olması önəmli əhəmiyyət daşımır. Yəni bölgədə problem var və bunu nazirliyin komissiyası öz nəticələri ilə təsdiqləyib.
Məlum olduğu kimi, Gədəbəyin Söyüdlü kəndində qızıl hasilatı işləri Böyük Britaniyada qeydiyyatdan keçmiş “Anglo-Asian Mining” şirkətinin əsas payçısı olan və İran əsilli ABŞ vətəndaşı Rza Vəziriyə məxsus “R.V.Investment Group Services, LL USA” şirkəti tərəfindən aparılır. Sözügedən problemin yaranmasında şirkətin məsuliyyət dairəsinin müəyyənləşdiriləcəyi barədə xəbər verilmişdir. Lakin səhifəsində bir cümlə belə Azərbaycan dilində informasiyaya rast gəlinməyən “Anglo-Asian Mining” şirkətinin veb-saytında ingilis dilində xəbər yerləşdirilib ki, şirkət fəaliyyətini bərpa etmək üçün Azərbaycan hökuməti ilə müqavilə imzalayıb. Müqaviləyə əsasən bu ilin sonuna qədər şirkət köhnə yataqda hasilatı bərpa edəcək. Gələn ilin birinci yarısında isə yeni yataqda hasilata başlayacaq. Hansıki, həmin yeni yataq üçün şirkət ikinci gölü qurmaq istəyirdi. Hökumətlə bağlanan müqaviləyə əsasən ikinci göl qurulmayacaq. Amma onun əvəzində hazırki gölün divarları hündürləşdiriləcək ki, həcmi çoxalsın. Beləcə şirkətin hədəflədiyi sianidli su həcmi iki göl əvəzinə bir göldə cəmləşəcək. Bu isə o deməkdir ki, şirkət qızıl və mis hasilatını əvvəlki dövrlərdə olduğu kimi sianid turşusu vasitəsi ilə qızılın və misin filizdən yuyulub çıxarılması üsulu ilə davam etdirəcək.
Lakin çox təəssüflər olsun ki, bu günə qədər məlum hadisə və ona səbəb olan ətraf mühitin çirklənməsidə “Anglo-Asian Mining” şirkətinin məsuliyyət dairəsi müəyyənləşdirilməyib, müəyyənləşdirilibsə də, bu barədə ictimaiyyətə heç bir məlumat verilməyib. Prezident açıq şəkildə bildirdi ki, həmin ərazidə hasilat normaları pozulub və ətraf mühitə ciddi ziyan dəyib. Bu ziyanı kim vurub, buna görə hansı məsuliyyət yaranıb, zərərin aradan qaldırılması öhdəliyi kimin üzərinə qoyulub? Bu gün Azərbaycan cəmiyyəti üçün sözügedən suallara hələ də cavab mövcud deyil. Belə olan halda şirkətin hasilatı bərpa etməsi Azərbaycan qanunlarına, insan və vətəndaş hüquqlarına uyğundurmu?
Əlbəttə, bu suallara müsbət cavab vermək mümkün deyil. Elə isə Azərbaycan hökuməti hansı məntiqlə hasilatın köhnə üsulla bərpa edilməsinə icazə verir?
Bu yazıya başlamazdan əvvəl rus, ingilis və fransız dilində qızıl hasilatının müasir üsulları barədə Google.com-da axtarış verdim. Məlum oldu ki, nəyinki dünyanın inkişaf etmis, qanunların aliliyi təmin edilən, insan və vətəndaş hüquqlarına sayğı ilə yanaşılan ölkələrdə, hətta Rusiyada belə qızıl mərkəzdənqaçma mexanizminə əsaslanan və giper-maqnit güvvəsindən istifadə edilən müasir üsullarla hasil edilir. Rusiya Federasiyasında bu üsullara əsaslanan hasilat həyata keçirən avadanlıq və mexanizmlər istehsal edən bir neçə beynəlxalq səviyyəli şirkətləri var. Bu şirkətlərin avadanlıqları ilə Sibirdə, Uralda, Afrikada və dünyanın digər mədənlərində qızıl hasilatı uğurla və zərərsiz şəkildə həyata keçirilir. Təsəvvür edin ki, insan həyatına bir milçək qədər dəyər verməyən Rusiyada belə sianid vasitəsi ilə qızıl hasilatı çox nadir, kiçik həcmli və yaşayış məntəqəsindən uzaq olan mədənlərdə hasilat həyata keçirilir. Avropa ölkələrində, ABŞ-da və digər sivil ölkələrdə isə ümumiyyətlə sianid vasitəsi ilə qızıl hasilatına 20-30 il əvvəl son qoyulub. Bu ölkələr keçmiş müstəmləkələri olan Afrika ölkələrində və Hindistanda belə bu üsulla qızıl hasilatına son qoyub. Elə isə Azərbaycan hökuməti nədən “Anglo-Asian Mining” şirkətindən tələb etmir ki, hasilatı daha müasir üsullarla həyata keçirməklə davam etsin? Axı bu problem bir tərəfdən vətəndaşların etirazına səbəb olub, digər tərəfdən isə hökumət özü təsdiq edib ki, hasilat prosesi ətraf mühiti çirkləndirir. Ölkənin Gədəbəy kimi dilbər guşəsi ildən-ilə daha çox zəhərlənib və bu zəhərlənmə belə çıxır ki, davam edəcək. Burada problem təkcə sianidli məhlulunun ətrafa sızması deyil. Yaradılan göl mütəmadi olaraq atmosferə sianid buxarlandırır. Həmin sianid havada oksidləşərək, neytrallaşana qədər ətraf mühiti - floranı və faunanın zəhərləyir.
Son illər Gədəbəydə onkoloji xəstələrin sayı sürətlə artmaqdadır. İnanmayanlar Milli Onkologiya Mərkəzinə baş çəkə bilər. Xəstəxananın həyətinə girəndə elə bilirsən ki, Gədəbəyin mərkəzi xəstəxanasına gəlmisən - hamı Gədəbəy ləhçəsi ilə danışır. Bunlar Mərkəzə xərçəng xəstəsi gətirən və ya bu xəstələri yoluxmağa gələn gədəbəylilərdir. On-on beş il əvvəl gözəl və füsünkar təbiəti olan Gədəbəy rayonunun sakinləri arasında çox nadir hallarda xərçəng xəstəsinə rast gəlmək olardı. Amma indi bu rayonda hər gün xərçəngdən dünyasını dəyişən olur.
Adının çəkilməsini istəməyən onkoloq bizimlə söhbətində bildirdi ki, xərçəngin əmələ gəlməsinə səbəb olan təsdiqlənmiş amillərdən biri orqanizmdə uzun müddət davamlı olaraq qalan zədələrdir: "Bu zədələri daha çox ətraf mühit yaradır. İnsanlar isə bunu yüngül ağrı kimi hiss etsə də, həkimə müraciət etmir. Nəticədə həmin zədə yerləşdiyi orqanda xərçəng hüceyrələrinin yaranmasına səbəb olur. Bu baxımdan yüngül sianid zəhərlənmələri orqanizmdə zəif ağrılara səbəb olan zədələr yarada bilir. Bu zədələr isə zaman axarında dəridə, tənəffüs və həzim sistemində, o cümlədən də digır daxili orqanlarda bizim orqanizmimizə yad olan hüceyrələrin - xərçəng hüceyrələrinin yaranmasına gətirib çıxatır".

Akif Nəsirli, "Paralel.az"

0.019221067428589