Uşaqlarla keçən günlər 

Uşaqlarla keçən günlər 
 

Hələ orta məktəbdə oxuduğu zaman körpələri, uşaqları çox sevərdi. 6-7 yaşı olanda qonşuluqda yeni doğulan körpələrin evlərinə gedər, özü uşaq olsa da, körpəni qucağına alar, əzizləyərdi. Bütün dərslərini yaxşı oxuyurdu. Lakin riyaziyyat və rəsm dərslərini çox sevərdi. Orta məktəbdə oxuduğu illərdə çəkdiyi müxtəlif rəsm əsərləri hamı tərəfindən sevilərdi. Uşaqlara olan məhəbbəti onu orta məktəbin 8-ci sinfini bitirdikdən sonra Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna gətirib çıxartdı. İmtahanlardan uğurla keçdi və 1989-cu ildə texnikumun “Məktəbəqədər tərbiyə” ixtisasına qəbul olundu.
Haşiyə. Mehdiyeva Könül Şahlar qızı 12 avqust 1974-cü ildə Bakının Mərdəkan qəsəbəsində anadan olub. 1989-cu ildə Mərdəkan qəsəbəsindəki 123 nömrəli orta məktəbi bitirib və elə həmin il Bakı Məktəbəqədər Pedaqoji Texnikumuna qəbul olunub. 1993-cü ildə texnikumu bitirən Könül elə həmin ilin sentyabr ayında Bakının Xəzər rayonundakı 10 nömrəli uşaq bağçasına işə düzəlib. 2001-ci ildə struktur dəyişikliyi olur və həmin uşaq bağçası 51 nömrəli körpələr evi-uşaq bağçası kimi fəaliyyətini davam etdirməyə başlayır. Hazırda 51 nömrəli körpələr evi-uşaq bağçasında 95 uşaq tərbiyə alır, beş qrup fəaliyyət göstərir. Burada ümumilikdə 28 nəfər işçi çalışır. Onlardan 1 nəfər müdir, 10 tərbiyəçi, 1 musiqi rəhbəri, qalanı isə texniki işçilərdir. Körpələr evi-uşaq bağçasının müdiri Xalıdə Balayevadır.
Könül Mehdiyeva ziyalı ailədə anadan olmuşdur. Atası Şahlar polis orqanlarında, anası Fatmaxanım göz həkimi işləyib. Könül ailənin üçüncü övladı olub. Könül xanımın dediklərindən:
-Atam hər üç uşağa gözəl tərbiyə verib. Demək olar ki, hər gün bizimlə tərbiyəvi mövzuda nəsə danışardı. Atam deyərdi ki, uşaqda elə tərbiyə, mədəniyyət olmalıdır ki, məktəbdə müəllimlərə, qohum və qonşularda isə böyüklərə qulaq assınlar. Bizə ailədə, məktəbdə, ictimai yerlərdə, xidmət sahələrində, habelə mədəniyyət müəssisələrində davranış və ünsiyyət qaydalarını başa salardı. Anamız isə bizə sadə, qayğıkeş, xeyirxah, səmimi, ədalətli, dürüst və ləyaqətli olmağı aşılayardı.
Könül Mehdiyeva böyük qrupun tərbiyəçisi vəzifəsində çalışır. Qrupda 20 uşaq var. İstər işçilər, istərsə də valideynlər onun işindən razılıq edirlər. Könül xanımın uşaqlara keçdiyi savad təlimi, məntiqi riyazi təfəkkür, kəsib yapışdırma, nitq inkişafı, ətraf mühitlə tanışlıq, bədii ədəbiyyatla tanışlıq və digər məşğələlər daha canlı keçir və uşaqlar tərəfindən bəyənilir. Könül xanımın keçirdiyi müxtəlif tədbirlər (Yeni il şənliyi, 8 Mart Qadınlar günü, Zəfər günü, Bayraq günü, 1 İyun Uşaqlar günü, Novruz şənlikləri və sairə) isə uşaqların marağına və dünyagörüşünə səbəb olur.
Könül Mehdiyeva ilə söhbət əsnasında öyrəndik ki, o, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 03 oktyabr tarixli 1754 nömrəli sərəncamı ilə “Tərəqqi” medalına və döş nişanına layiq görülmüşdür.
Bəli, Könül xanımın uşaqlarla keçən günləri davam edir. Ona bundan sonra da yüksək ruh, can sağlığı, işlərində nailiyyətlər arzulayırıq.
Fərhad Əsgərov (Ramizoğlu)

"Paralel.az"

0.018403053283691