“ƏLƏBAXAN” KİMDİR - 30 il deputat olan, yoxsa 5 ay sosial yardım alan?!
Tovuz rayon sakini Günay Həsənova bildirir ki, onun ailə üzvlərinə bu ilin mart ayında təyin olunmuş ünvanlı sosial yardım dayandırılıb. “Biz ailədə 7 nəfərik, həyat yoldaşımın valideynləri yaşa görə müavinət alırlar. Amma hər ikisinin səhhətində ciddi problemlər var, onlara verilən müavinət dava-dərmanı güclə görür. Yoldaşım iş tapanda günəmuzd fəhləlik edir, pay torpağımızdan əldə olunan cüzi gəlir də 3 övladımın adi xərclərinə çatmır. Amma buna baxmayaraq, sosial yardımı kəsiblər, düşünmürlər ki, bu ailə nə ilə yaşayacaq”, - o şikayətlənir.
Dövlət Məşğulluq Agentliyindən bildirilib ki, Günay Həsənovanın ailəsinə 2023-cü il ilin 13 mart tarixli müraciətinə əsasən 886,05 manat məbləğində ünvanlı sosial yardım təyin edilib. “Lakin ailə üzvləri Həsənova Günay Eldar qızı, Həsənova Zərxanım Balaca qızı və Həsənov Elçin İlyas oğlu torpaq pay mülkiyyətçisi olsa da, ardıcıl aylarda torpaqla bağlı sığorta ödənişi edilməyib. Bu səbəbdən ailənin müraciətinə 15 sentyabr 2023-cü il tarixində imtina verilib”, - məlumatda qeyd olunur.
Agentlik əlavə edir ki, qanunvericiliyə görə torpaq pay mülkiyyəti ilə hüquq yaradan şəxslər 6 ay ardıcıl olaraq MDSS ödənişlərini apardıqdan sonra yenidən ünvanlı sosial yardım üçün müraciət edə bilərlər.
Günay Həsənova isə deyir ki, bu qaydalar yenidir, ona görə də məlumatsızlıqdan belə vəziyyət yaranıb: “Bizə xəbərdarlıq edilə bilərdi, dərhal aradan qaldırardıq. Burada məqsəd imkansız, yoxsul vətəndaşa kömək etməkdirsə, xəbərdarlıq edilməliydi. İndi bir ailəni çörəyə möhtac qoyanda, dövlətə nə xeyir dəyəcək? İndi aidiyyatı qurumlar fikirləşirlərmi, bu ailənin sosial yardımını dayandırdıq, o nə ilə yaşayacaq? Axı biz ölkənin vətəndaşlarıyıq, dövlət də pul ayırır ki, ən zəruri ehtiyacları ödəyək. İlk fürsətdə kəsmək sosial siyasətin düzgün icra olunmamasından xəbər verir.
Parlamentin ən uzunömürlü üzvlərindən sayılan Siyavuş Novruzov isə Milli Məclisdə bu məsələləri qaldırmır, əksinə o hesab edir ki, ünvanlı sosial yardımları daim vermək olmaz. “1 il verilir, sonra gərək həmin adamlar işləsin”, - o əlavə edib.
Siyavuş Novruzov bildirib ki, adamları ələbaxımlı öyrədə bilmərik: “Bu vəsait yarım milyarda gəlib çatıb: “Bu gün ÜDY-ə ehtiyacı olanlara bu pul verilməlidir. Ehtiyacı olmayanlara bu pul verilməməlidir, bu sahədə islahatlar getməlidir”.
Deputat işləməyi tövsiyə etsə də, konkret ünvanlar, sahələr göstərməyib. Azərbaycanda işsizliyin ən ciddi problemlərdən biri olması məlumdur, bugünlərdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də etiraf edib ki, gənclər arasında işsizlik daha yüksəkdir. Nazirin sözlərinə görə, bu, bütün ölkələr üçün xarakterikdir. “Yəni gənclər arasında işsizlik hər zaman ölkə üzrə ümumi işsizlikdən artıq olacaq və bu, tam təbiidir”, - o əlavə edib.
Nazir deyib ki, dünyanın hər yerində gənclərin iş tapması daha çətindir: "Bunun üçün proqramlar olmalıdırmı, bəli, olmalıdır və biz bir çox proqramlar, layihələr üzərində işləyirik”.
Nazirin dediklərindən belə nəticə çıxarmaq olar ki, S.Novruzov sosial yardımlarla bağlı təklif verməklə yoxsulların qanını qaraltamağa tələsib. Çünki Sahil Babayev hökumətin yeni iş yerləri ilə bağlı proqramların üzərində hələ iş apardığını deyib. Yəni iş məsələsi hələ ki, qəlizdir...
Xatırladaq ki, Azərbaycanda ünvanlı sosial yardım alanların sayı elə də çox deyil. Dövlət Statistika Komitəsinin 2023-cü ilin 1-ci rübü ilə bağlı açıqladığı rəqəmlərə görə, 72,6 min aztəminatlı ailənin 321,1 min üzvü ünvanlı dövlət sosial yardımı alıb və onun bir nəfərə düşən orta aylıq məbləği 95,50 manat təşkil edib. Yəni bu istiqamətdə dövlət xərcləmələri 300 milyon manat civarındadır. Bu rəqəm isə 30 milyardlıq illik büdcəyə malik olan Azərbaycan hökuməti üçün elə də ağır yük deyil. Yoxsul vətəndaşları ən zəruri ehtiyaclarla təmin etmək dövlətin, hökumətin əsas vəzifələrindən biridir. Siyavuz Novruzov ünvanlı yardımlar haqda elə danışır ki, elə bil sosial qurumlar kisəni açıb gələnə pul paylayır. Bu yardımı almağın kifayət qədər ağır şərtləri var, müvafiq dövlət orqanı hər şeyi elektronlaşdırıb, dövləti aldadıb havayı pul almaq çətin məsələdir. Şikayətçi Günay Həsənova cəmi 7 manat torpaq sığorta ödənişi etmədiyinə görə yardımdan məhrum edilib. Məmurlar bildirirlər ki, onu yalnız 6 aydan sonra bərpa etmək mümkündür. Niyə 1 ay deyil, 6 ay? Bu sualın cavabı yoxdur, ölkənin vətəndaşı 6 ay nə ilə dolanacaq, bu da aidiyyatı qurumu maraqlandırmır.
Azərbaycanda ünvanlı sosial yardım üçün müraciət edənlərin sayı onu alanlardan qat-qat çoxdur. Əhalinin təqribən 47 faizi kəndlərdə yaşayır, 10 sot torpaq mülkiyyətçisi olan şəxs işsiz sayılmır, amma onların əksəriyyəti yoxsulluq həddindən aşağı səviyyədə yaşayan insanlardır. Nəinki 10 sot, heç adambaşı 1 hektar ərazi də bir ailəni dolandıra bilmir. İndi əkin-biçinlə məşğul olmaq çox bahalı, amma az gəlirli işdir...
Statistika göstərir ki, əsasən regionlarda yaşayan əhali dövlətin bu yardımına ehtiyac duyur, onu əldə etmək üçün ciddi mübarizə aparır. Rayonlarda müvafiq sosial qurumların qarşısı həmişə qələbəlik olur, bəzən narazılıqlar, dava-dalaşlar polis müdaxiləsi ilə sakitləşdirilir. Heç kim kefindən qapı-qapı düşüb sənəd toplayıb aylarla dövlət qurumlarında sürünmür. Yaşamaq, ən vacib qidanı, dərmanı almaq üçün pul lazımdır. Rayonda sabit gəlir ancaq büdcə təşkilatlarında çalışanlarda, bir də ticarətlə məşğul olanlardadır. Qalan insanların gəliri Rusiyadan, Bakıdan göndərilən vəsaitlər, müəyyən qism də təsərrüfatlardan, günəmuzd əməkdən formalaşır.
Deputatların isə çörəkpuluna möhtac olan insanları “ələbaxımlılığa öyrəşiblər” deyərək, aşağılamaq əvəzinə vətəndaşın sosial rifahını təmin etməyə borclu olan dövlət qurumlarını tənqid etmələri daha doğru olardı. Azərbaycanda sosial ədalət prinsipi pozulub, milli gəlirlərin ədalətli bölünməsində ciddi problemlər var, sosial qurumların rəhbərləri büdcədən ayrılan xərclərdən daha çox qənaət etməklə öyünürlər – parlament tribunasından tənqid olunası məqamlar bunlardı.
Siyavuş Novruzov 30 ilə yaxındır, Milli Məclisin üzvüdür, maddi təminatlı həyat yaşayır. Onun da gəliri büdcədən çıxır. İndi necə olur, o özünü “ələbaxan” saymır, amma dövlətin 5-10 manatına möhtac olan vətəndaşın “ələbaxımlılığa öyrəşməsini” dövlət büdcəsinə təhlükə sayir?!
E.Rüstəmli