Xocalıya son uçuş! - Akif Mirsiyaboğlu yazır
Gözləyib, gizləyib zaman sirrini,
Dəyişib dünyanın işi,amalı.
Deyəsən, yetişir qiyamət günü,
Vədəsiz küləklər əsir, Xocalı!
Artıq Əsgəranın qala divarları arasından keçən avtomagistral yol, ermənilər tərəfindən beton bloklarla hörüldükdən sonra, Xocalı şəhəri ilə quru yolu əlaqəsi tam kəsilmişdi. Ağdamdan mühasirədə qalan şəhərə ara sıra Mi – 8 mülki vertolyotları uçuş edir, ərzaq və digər zəruri malları çatdırırdı.Bu vertolyotların birində böyük çətinliklə yoldaşımı və uşaqları çıxarıb Hindarx kəndinə gətirdim. Ermənilər mülki vertolyotları raket sistemləri ilə vurduqdan sonra isə şəhər tam mühasirəyə düşdü, yeganə əlaqə vasitəsi, hava yoluda bağlandı. Axırıncı dəfə qardaşım Tofiq Hüseynovun müdafiə nazirliyindən batalyon üçün aldığı hərbi sursatın bir hissəsi , batalyonun döyüşçüsü Nazim Abışovun idarə etdiyi pinqvin adlandırılan avtobusda, on beş nəfərə qədər qohumların məskunlaşdığı Hindaqx kəndində qalmışdı. Nazimlə batalyonun digər döyüşçüsü Valeh Abbasov, həmin yükü Hindarx kəndində mühafizə edib saxlayır, Xocalıya çatdırmaq üçün məqam axtarırdılar. Saatlarla Agdam aeroportunda vertolyot gözləyib, axşam yenidən Hindarx kəndinə qayıdırdıq. Həmin yük isə Xocalı müdafiə qüvvələrinə hava, su qədər zəruri idi. 12 fevral 1992 – ci ildə Xocalı icra hakimiyyətinin başçısı Elman Məmmədov xəbər göndərdi ki, səhər Gəncənin hərbi aeroportunda olun.Səhər tezdən yola düşüb Gəncə şəhərinə çatdıq. Hərbi aeroportda Elman müəllimlə görüşdük. Dedi ki, razılaşmışıq hərbi vertolyotlar yükü Xocalıya aparacaq, ordan geriyə isə xəstələri, azyaşlı uşaqları, qocaları gətirəcəklər. Bu gün üç reys etməyə razılıq alınıbdır. Buna görə ayrılmış Mİ – 26 hərbi nəqliyyat vertolyotunun yanina ğəldik. Avtobusu vertolyotun yanına sürüb yükü boşaltmaq istəyəndə rus hərbi pilotları mane oldudlar. Dedilər ki, biz ancaq ərzaq apara bilərik. Hərbi sursat aparmaq barədə söhbət gedə bilməz. Yenidən Gəncə şəhərinə qayıtdıq.
Elman müəllim Gəncənin o vaxtki polis rəisi Eldar Həsənovla danışdıqdan sonra onun müavini Ramiz Cahangirovla Gəncənin un dəyirmanına gəldik.Razılığa əsasən hərbi sursatı selofan torbalara doldurub, kisənin içərisində yerləşdirib üstünə un vurduqdan sonra, 70 kq un yarlığı vurur, konveyerlə aşağı mərtəbəyə göndərirdilər. Mən yükün müəyyən qisminin itə biləcəyindən çox narahat idim. Mərtəbələr arasında narahat gəzdiyimi görən yaşlı sex rəisi mənə dedi: Lələ biz gəncəliyik , bu gedən yük nədir, hara gedir, yaxşı bilirik. Burda bir patron belə itib batmaz, arxayın get birinci mərtəbədə un kisələrini təhvil al.
Hazır un kisələri ilə vertolyotun yanına gəldik,indi ruslar heç bir bəhanə tapa bilmədilər. Hərbi nəqliyyat vertolyotuna yük yığılandan sonra Elman müəllim öz xidməti maşının açarını mənə verib dedi: Xocalıya uçub geri qayıdacam ki, təşkil edib ikinci reysi göndərim. Vertolyot, krokodil adlandırdığımız iki Mİ – 24 qırıcı vertolyotlarının müşaiyəti ilə yola düşdü .Həmin gün il 76 hərbi yük təyyarələri dalbadal uçuş edir Rusiyaya nəsə daşıyırdılar. Şəhərə nahar etməyə getdik.Artıq axşam düşürdü. Vertolyotların yaxınlaşdığını görüb vaxt itirməmək üçün birbaşa uçuş xəttindən keçdim, bu zaman hər tərəf işıqlandı və maşının yaxınlığından qara kölgə sürətlə keçdi.Deməyəsən həmin anda Rusiyadan qayıdan yük təyyarəsi yeniş edibdir. Yenmə anında təyyarənin güclu projektorları uçuş zolağını işıqlandırıbdır. Vaxtında maşını saxlamağım İL 76 təyyarəsi ilə toqquşmanın qarşısını aldı. Təyyarənin qanadının bir kabus kimi, maşının üstündən keçməsi bir an çəkdi. Maşını yenidən işə salıb vertolyotun yanına çatdım.
Vertolyotda üç yüz əllidən artıq Xocalı sakini gəlmişdi.Gələnlərin arasında Elman müəllim yox idi. O, Xocalıda qalmışdı. Hər bir reys üçün əvvəlcədən pilotlara pul verməli idi. Pilotlara pul verilmədiyi üçün qaranlıq düşməsini bəhanə edib, bir daha Xocalıya uçmadılar. Polis rəisi Sabir Məmmədovu və baldızım Ceyranı iki körpəsi ilə Elman müəllimin boz rəngli xidməti volqa maşınına mindirib Ağdama gəldim. Yolda Sabir dedi ki, vəziyyət çox gərgindir, camaatı qıracaqlar. Malbəylidə, Quşçularda yandırılan meyidlərin qoxusu Xocalıya gələndən, bunu hamı hiss edir. Elman müəllimi vertolyota minməyə qoymadılar ki, bizi qoyub hara gedirsən, bizimlə qal.
Bundan sonra Xocalıya heç bir uçuş olmadı.
Əsrin faciəsi Xocalı soyqırımına isə cəmi 12 gün qalırdı...
"Paralel.az"