Bəylər Əyyubovun şirkəti ehtiyat hissələrinin qiymətini 3 dəfə qaldırıb - Şikayət...
Şirkət 370 manatlıq "Subaru Forster" avtomobilinin kapotunu Qarabağ qazisinə 1100 manata satıb.
Biz media olaraq, dəfələrlə yazmışıq ki, Azərbaycanda qanunlar işləmir, əgər qanunlar işləsəydi, məmurların qanunları ayaq altına atması adi hal almazdı.
Məlumdur ki, dünyanın heç bir demokratik ölkəsində məmurların sahibkarlıqla və bizneslə məşğul olmasına qanunla icazə verilmir, lakin Azərbaycanda belə bir qanunun qəbul olunmasına baxmayaraq, bütün məmurlar açıq sahibkarlıq və biznes fəaliyyətilə məşğuldur.
Hətta ölkədə "şirkətlər kralı" kimi tanınan məmurlardan biri, bəlkə də, birincisi sayılan Bəylər Əyyubova məxsus olduğu heç kimdə şübhə doğurmayan, Abşeron rayonu, Bakı-Sumqayıt şossesinin üzərində yerləşən "Subaru-Honda" servis Mərkəzi 370 manat qiyməti olan "Subaru Forster" avtomobilinin kapotunu Qarabağ qazisinə 1100(min yüz) manata satıb!..
Fikirləşirəm, Bəylər Əyyubov niyə başa düşmür ki, özü, övladları, qohum-əqrabəsı, dost-tanışı, hətta qulluqçuları belə, bugün rahat şəkildə ölkənin sərvətlərini mənimsədikləri və eyş-işrət içində yaşadıqlarına görə, Qarabağ qazilərinə borcludurlar?!..
Qarabağ müharibəsində iştirakdan yayındığı halda, kef içində yaşayan, ölkənin bütün sərvətlərini mənimsəyən, amma düşmənlə qanlı döyüşdə neçə-neçə düşməni əlbəyaxa məhv edib, bədənində qəlpə gəzdirən Qarabağ qazisinə 370 manatlıq avtomobil hissəsini 1100 manata satan adam görəsən, hansı yolla var-dövlət qazandığını və qazandığı milyardları necə yeyə biləcəyi barədə heç dərin düşünürmü?!..
Şahnaz