Əsgərana son hücum əməliyyatı - Akif Mirsiyaboğlu yazır...

Əsgərana son hücum əməliyyatı - Akif Mirsiyaboğlu yazır...
 

1992- ci ilin yanvar ayının son günlərindən biri olsa da, yaz havası hiss olunurdu. Həmin ili xatırlayan varsa yadına düşər, Xocalı facəsinə qədər hava həddindən artıq mülayim keçsədə, 25 fevral axşamdan şiddətli qar yağdı, şaxtalı havalar başladı .Sanki həmin axşam təbiətdə Xocalıların qəsdinə durmuşdu.
Hər səhər adətən Ağdam rayon polis şöbəsinə toplaşırdıq.Şöbənin qarşısında bir canlanma vardı. Növbətçi komanda verdi ki, avtomatlarınızı götürün döyüşə gedəcəksiniz. Kalaşnikov avtomatını götürüb şöbənin qabağında gözləyən post patrul alaynın BTR - nə əyləşdik. Zirehli maşın yüksək sürətlə Əsgəran istiqamətində yola düşdü. Gözlükdən baxanda abidəni, Ozan pavliyonunu, şampan zavodunu keçməyimiz sanki bir an çəkdi. Qaraağacı qəbirstanlığına yaxınlaşanda, bu sürətlə tezliklə Əsgərana girəcəyimizi fikirləşərək, patronları avtomatın darağına doldurub, izolent ilə bir birinə sarıdım ki, döyüşdə darağı dəyişmək vaxt aparmasın.
19-cu posta çatanda BTR dayandı, bizə çatdıq, düşün dedilər. Postun ətrafında şöbənin əməkdaşları toplanmışdı. BTR yenə yüksək sürətlə Ağdam istiqamətinə yollandı. Soruşdum ki, bura elə öz maşınımızla da gələ bilərdik, zirehli maşınla döyüşə girməyəcəydiksə, ağır döyüş texnikasını bura qovmaq nəyə lazım idi.
Ətrafda şiddətli döyüş gedirdi. Səhər tezdən Əsgərana, Xramort və Naxçıvanik kəndləri istiqamətindən hücuma keçən yerli batalyonlarımız xeyli irəliləmişdilər. Artıq Xramort kəndi alınmış, əsgərlərimiz Xanabad kəndinə doğru irəliləyirdilər. Naxçıvanik kəndi istiqamətində də üğurlu döyüş getməsi haqda məlumat vardı. Polis şöbəsinin ehtiyat qüvvələrinə Rizvan Quliyev rəhbərlik edirdi.
Erməni silahlı qüvvələrinin əks hücumunu qarşılamaq məqsədi ilə qəbirstanlıqla , ermənilərin üzüm bağı arasında olan xəndəkdən səngər kimi istifadə edərək mövqe tutduq. Soldan Qara qaya istiqamətindən, sağdan isə Xramort yüksəkliyindən ermənilər bizi iri çaplı pulemyotlardan , Alazan və Kristal raketlərindən intensiv atəşə tuturdu. Cavab atəşimiz isə məncə səs effekti yaradırdı, yəni düşmən avtomat gülləsinin çatacağı məsafədən aralıda yerləşmişdi.
19-cu postun ratsiyası ilə Xocalı ozünümüfafiə qüvvələrinə rəhbərlik edən qardaşım Tofiq Hüseynovla əlaqə saxladım. Ermənilər başa düşməsin deyə bir qədər məxfi formada dedim ki, vəziyyət yaxşıdır, bu gün görüşəcəyik .Tofiq dedi ki, Əsgəran boşdur, səhər tezdən atəş səsini eşidən ermənilər, Boz dağının üstü ilə Stepanakertə doğru qaçdılar, hətta malqaralarınıda özləri ilə apardılar. Döyüşçülərimdən bir neçə nəfəri göndərirəm Əsgərana, tapşıracam orda olan bəzi evlərə, ot tayasına od vursunlar, Siz də baxıb inanın ki, erməni qaçdı, dayanmayın gəlin birləşək, mən Stepanakertdən əks hücum olar deyə, Xocalıdan çıxa bilmirəm. Təxminən yarım saat sonra Əsgəran qalası yanından bir neçə yerdən tüstü ucaldı. Tofiq yenidən ratsiyada, gördünüz Əsgəranda yanan evlərin tüstüsünü, dayanmayın, gəlin Əsgəran boşdur, fürsəti əldən verməyin .
Yenidən səngərə döndüm, Hindarxlı Şaban Rzayevin hədiyyəsi olan binokl ilə baxanda Əsgəran istiqamətindən gələn UAZ avtomobilini gördüm. Maşında olan ermənilərin Xanabad – Xramort yolunda maşından düşüb torpaq yolda nəsə etdiklərini müşahidə etdim. Anidən fikrimə yolun minalanması gəldi. Bir qədər sonra Xramort kəndindən çıxan zirehli texnikalarımızın həmin yol ilə Xanabada hücumu başladı.Səngərdən çıxaraq 19 – cu posta qaçdım.Dedim ki, ermənilər qarşıdaki torpaq yola mina basdırıblar, xəbər verin ehtiyatlı olsunlar. Cavab gəldi ki, o texnikalarda ratsiya işləmir, əlaqəmiz yoxdur.
Mən kor peşman səngərə qayıtdım, binoklla baxanda irəlidə gedən tyaqaçın qarşısından qara tüstünün ucalmasını və bir neçə saniyə sonra isə güclü partlayış səsini eşitdim .Zirehli maşın minaya düşüb partladı. Bizim isə bunun qarşısını almaq üçün onlara xəbər verməyə imkanımız yox idi. Səngərdən baş qaldırmağa erməni snayperləri imkan vermirdi. Atılan raketin biri beş metrliyimizdə torpağa sancılıb partlamadı. Qarşıda olan sahə isə minalanmış ərazi idi. Bir qədər keçdikdən sonra hücum dayandırıldı. 19-cu posta qayıtdıq, orda dedilər ki, müdafiə nazirliyinin yüksək rütbəli rəsmisi döyüşə başlayanları hədələyərək, döyüşü dayandırıbdır. Dediyinə görə nazirlik tərəfindən geniş miqyaslı hücum planlaşdırılır, özbaşına başlanan hücumlar erməniləri duyuq salır.
Bu Xocalının mühasirədən çıxarilması uğrunda keçirilən son döyüş əməliyyatı oldu.Ona qədərdə bir neçə dəfə belə uğursuz cəhdlər olmuş, görüntü yaradılmış , itkilərlə nəticələnmiş və yarımçıq dayandırılmışdı.
Əsgəranın götürülməsi nəinki Xocalını mühasirədən çıxarırdı , hətta ölkəmizə və xalqımıza qarşı bütün məkrli əməliyyatların planlaşdırıldığı daşnak yuvası Stepanakertin, Şuşa və Ağdam arasında mühasirəyə düşməsinə gətirib çıxarar, Qarabağ münaqişəsinin tezlıklə həll olunmasına gətirib çıxarardı .Bu isə yəqin ki , hansı qüvvələrinsə marağı xaricində olduğu üçün düyünə salınmışdı .

"Paralel.az"

0.020344018936157