"Nəzarət yalnız xərclərə deyil, həm də..." – Komitə sədri 

 

Azərbaycanda artıq büdcə təşkilatları üçün vərdiş halını almış bu və yaxud digər istiqamətlər üçün büdcə vəsaitinin istənilməsi və ayrılması təcrübəsindən tədricən uzaqlaşmaq, sosial-iqtisadi siyasətin məqsədlərinə çatmaq üçün maliyyə təminatının istənməsinə, ayrılmasına və icrasına nəzarətə nail olmaq lazımdır.

"Paralel.az" xəbər verir ki, bunu Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Komitə sədri deyib ki, büdcə planlaşmasında və icrasında hər il tətbiq olunan yenilikləri və təkmilləşmələri təqdirəlayiq hal hesab edir. 

“Büdcə dayanıqlılığının qorunub saxlanılmasını da iqtisadi siyasətdə mühüm uğur hesab edirik. Eyni zamanda, müasir texnologiyaların inkişafı, ölkəmizdə bunun hər sahədə tətbiqi bu sahədə yeni imkanlar yaradır. Azərbaycanda təkcə büdcə vəsaitlərindən deyil, bütövlükdə dövlət vəsaitlərindən istifadəyə nəzarətin gücləndirilməsi vacibdir. Büdcə xərclərində qeyri-neft-qaz məhsullarının ixracının, müxtəlif iqtisadi dəstək tədbirlərinin həyata keçirilməsi üçün ayrılan vəsaitləri vacib hesab etməklə yanaşı, cari xərclərin artım dinamikasının, publik hüquqi şəxslərə ayrılan subsidiyaların artım dinamikasının, nəticə əsaslı büdcə planlaşdırılması və icrası üçün büdcə təşkilatlarının strateji planlama sahəsində davranışlarının arzu olunan həddə olmamasının da bizi narahat etdiyini demək istərdim. Hesab edirik ki, nəzarət yalnız xərclərə deyil, həm də gəlirlərin formalaşmasında hansı prinsiplərə əməl edildiyini əhatə etməlidir",11:39:19 - deputat bildirib.

 

 

0.031852006912231