Nə üçün yola çıxan adamın arxasınca su atılır?
Maraqlı məlumatlar
Nə üçün yola çıxan adamın arxasınca su atılır? Bu addımın “Su kimi get, su kimi gəl” ifadəsi ilə nə əlaqəsi var?
Sasani hökmdarı II Xosrovun ögey qardaşı, Xuzistan əyalətinin başçısı Hörmüzan ərəblərlə aparılan Qadsiyyə döyüşündə fars ordusuna başçılıq edirdi. Döyüşün gedişində Hörmüzanın ordusu xəyanət nəticəsində mühasirəyə düşür. O, ərəblərə rəhbərlik edən Əbu Musa Əşəridən sağ qalacaqlarına dair təminat aldıqdan sonra təslim olur.
Əbu Musa Əşəri isə sözünün üstündə durmayaraq onu hökm oxunması üçün Mədinəyə‐xəlifə Ömər ibn Xəttabın yanına göndərir. Beləliklə, Hörmüzan zərli sapla tikilmiş ipək əbası ilə Mədinəyə xəlifənin yanına gətirilir. Xəlifə onunla bir qədər söhbət etdikdən sonra edam olunması barədə fətva verir. Hörmüzan edam meydanına gətirilərkən ölümündən əvvəl ona bir içim su vermələrini xahiş edir. Xəlifə razılıq verir. Hörmüzan qabı alıb əlində saxlayır və suyu içmir. Xəlifə ondan bunun səbəbini soruşduqda deyir:
— Qorxuram ki, suyu içib qurtarmazdan əvvəl məni öldürəsiniz.
Xəlifə deyir:
— Sənə söz verirəm, nə qədər ki, əlindəki suyu içib qurtarmamısan, səni kimsə öldürməyəcək.
Bunu eşidən Hörmüzan əlindəki suyu yerə tökür. Belə olduqda Ömər verdiyi sözə əməl edərək Hörmüzanı öldürmək fikrindən əl çəkir, çünki o, hökmün icrasını məhz Hörmüzanın suyu içib qurtarmasından sonraya təyin etmişdi. Hörmüzan suyu yerə tökdüyü üçün hökmün icrası təxirə salınmalı idi.
Bu hadisədən sonra suyun yerə tökülməsi həyata qayıdış kimi qəbul olunmağa başladı. Sonradan qonaqların öz el-obasına qayıtması üçün arxasınca su atmaq adət halına düşdü və nəticədə “Su kimi get, su kimi gəl” (yəni sağ-salamat) deyimi yarandı.
Şahin Nağıyev
"Paralel.az"