Maraqlı və ibrətamiz hekayələr
Bir qəzet müxbiri tibbdə yeni ixtira etmiş bir alimdən: "Siz bu ixtiranız üçün ən çox kimə borclusunuz?" - deyə soruşdu. Alim bu suala: "Anama", - deyə cavab verdi və davam etdi: "Uşaq vaxtı soyuducudan süd götürmək istəyəndə şüşə əlimdən sürüşüb düşdü. Hər tərəf süd gölünə çevrilmişdi. Anam mətbəxə gəlib məni cəzalandırmaq əvəzinə: "Nə gözəl bir iş görmüsən. Əvvəllər heç belə süd gölü görməmişdim. İndi yəqin ki, südü təmizləməzdən əvvəl onunla oynamaq istəyəcəksən?" - dedi. Sonra mən də, anam da yerə tökülən südlə oynadıq. Bir azdan anam: "Artıq südü təmizləmək vaxtıdır. De görüm, südü nə ilə təmizləmək istəyirsən? Süngərdən istifadə edək, yoxsa parçadan?" - deyə soruşdu. Mən süngəri seçdim və birlikdə yerə tökülən südü təmizlədik. Sonra anam: "Bilirsən, sən südlə dolu şüşəni qaldıra bilmədiyin üçün bu hadisə baş verdi. İndi birlikdə həyətə gedək və şüşəni su ilə doldurub götürməyi öyrənək". Bu hadisə mənim üçün böyük bir dərs oldu. Bundan sonra səhv etsəm də, qorxmadım. Əksinə hər bir səhvin yeni bir şey öyrənmək üçün gözəl bir fürsət olduğunu anladım. Əslində elmi təcrübələrdə də belədir. Bir təcrübədə uğursuzluğa məruz qalırsan, ancaq əvəzində o təcrübədən çox qiymətli məlumatlar əldə edirsən"...
P.S: Təhsil nazirimizin "Səhv etmək çox vacib elementdir, səhv edərək öyrənmək özü də bir bacarıqdır" fikri bir mənalı qarşılanmadı. Amma bu hekayəni oxuduqca...
Şahin Nağıyev
"Paralel.az"