Sülh danışıqları kritik dalanda:
Tərəfkeş vasitəçilər və tərəflər vasitəçilərə qarşı...

Sülh danışıqları kritik dalanda:Tərəfkeş vasitəçilər və tərəflər vasitəçilərə qarşı...
 

Sülh danışıqları kritik dalanda:
Tərəfkeş vasitəçilər və tərəflər vasitəçilərə qarşı...

Azərbaycan-Ermənistan sülh danışıqları yayda girdiyi dalana dirənib qalıb. Vasitəçilərin regiondakı maraqları, danışıq format və platformaları arasında rəqabət, tərəflərin vasitəçiləri fərqli dəyərləndirmələri və geosiyasi seçimləri sülh prosesində kritik vəziyyəti dərinləşdirir.
Rusiyanın xarici işlər nazirinin müavini Sergey Verşinin ilə Braziliyanın Moskvadakı səfirinin “Qarabağ regionundakı vəziyyətlə bağlı məsələyə BMT Təhlükəsizlik Şurası meydançası kontekstində baxılmasına dair fikir mübadiləsi” aparması bu məlumu bir daha təsdiq etdi ki, Cənubi Qafqazdan çıxmamaq üçün Rusiya öz sülhməramlı kontingentini (RSK) regionda hansısa formada saxlamaqda israr edəcək. Qarabağda erməni qalmadığı üçün Moskva istərdi ki, öz qoşunlarını Azərbaycan-Ermənistan sərhəddə yerləşdirsin və bunun üçün BMT-dən mandat alsın. Təbii ki, BMT TŞ-dən Moskva üç barmağın konfiqurasiyasından ibarət nəsə ala bilər, mandat almaz. Amma rus demişkən, cəhd işgəncə deyil, Lavrovun diplomatları isə it milçəyindən betərdirlər...
Digər tərəfdən Qərb dairələrindəki ziddiyyətli mövqelər, “etnik təmizləmə” insinuasiyaları, xüsusilə də okeanın o tayında “Azərbaycanın Ermənistana hücum edəcəyi” ilə bağlı iddiaların ortaya atılması və bu fonda Azərbaycanın “aqressor obrazı”nın yaradılması cəhdləri Bakını ABŞ-Aİ vasitəçiliyinə skeptik yanaşmağa məcbur edir. “Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin ABŞ Dövlət Departamenti rəsmilərinin Azərbaycan əleyhinə bəyanatlarına cavabı” adı altında cümə axşamı yayılan rəsmi məlumat Birləşmiş Ştatların ünvanına yetərincə sərt ritorikası ilə seçilir. Oktyabrın 31-də ABŞ Senatının Təxsisatlar Komitəsində çıxışı zamanı ABŞ dövlət katibi Antoni Blinkenın “münaqişə nəticəsində Ermənistanda yaranmış ağır humanitar ehtiyacların həlli üçün əlavə maliyyəyə ehtiyac olduğunu” bildirməsi və noyabrın 2-də ABŞ Dövlət Departamentindən “Amerikanın Səsi”nə verilən “ABŞ Ermənistanın suverenliyini və ərazi bütövlüyünü qəti şəkildə dəstəkləyir, bu suverenliyin və ərazi bütövlüyünün istənilən şəkildə pozulması ciddi nəticələrə gətirib çıxaracaq” açıqlama Azərbaycan XİN-i xeyli qəzəbləndirib və Vaşinqtona, bizim medianın sevimli təbiri ilə desək, od püskürülüb. Bakının irad və ittihamlarından bəzi məqamlar:
“* Təəssüflər olsun ki, ABŞ onilliklər ərzində vasitəçi olsa da, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün dəstəklənməsini, Ermənistan tərəfindən həyata keçirilən etnik təmizlənmənin qurbanı olmuş azərbaycanlı qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məsələsini heç zaman bu qədər qətiyyətlə təşviq etməyib...
* ABŞ beynəlxalq öhdəliklərə uyğun olaraq, o cümlədən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi çərçivəsində Azərbaycan ərazilərinin işğaldan azad edilməsinə, Ermənistan silahlı qüvvələrinin çıxarılmasına, o cümlədən erməni qondarma rejiminin ləğvinə heç vaxt çağırış etməyib...
* ABŞ Ermənistanı yanlış istiqamətə yönəldib, separatçıların qeyri-qanuni fəaliyyətinin müdafiəsi məqsədilə ABŞ-a səfər etmələri üçün imkanlar yaratmaqla və maliyyə vəsaiti ayırmaqla Azərbaycan ərazilərində qanunsuz rejimin saxlanılmasına dəstək verib...
* ABŞ da keçmiş münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətsizliyinə görə məsuliyyət daşıyır.
* Təcavüzkar dövlət Ermənistanı regionumuzda cəsarətləndirmək siyasətinə son qoyulması vacibdir. Azərbaycanla təhdid dili ilə danışmaq qəbuledilməzdir. Azərbaycana qarşı hər hansı qeyri-dost hərəkət müsbət nəticə verməyəcək və bu cür hərəkətlərə adekvat cavab veriləcək...”
Yəni, Vaşinqton platforması rəfə qaldırılıb...
Vasitəçilərin rəqabəti fonunda Almaniyanın xarici işlər naziri Annalena Berbokun bu gün regiona səfəri başlayıb. Cümə günü İrəvanda görüşlər keçirən qonaq şənbə günü günorta Bakıda olacaq. Xanım Berbok son vaxtlar fransız həmkarı Ketrin Kolonnaya qoşulub Bakının xoşuna getməyəcək bəyanatlar səsləndirib və Brüssel prosesinin bərpası üçün indi Azərbaycan rəhbərliyini necə dilə tutacağı aydın deyil.
Situasiya qəlizdir: beynəlxalq danışıq platformalarındakı tərəfkeşlik tərəfləri ( həm Bakını, həm də İrəvanı) vasitəçiləri yenidən dəyərləndirməyə və başqa oyunlar qurmağa vadar edir. Açıqlama və bəyanatlarından belə görünür ki. tərəflər diplomatik təzyiq və təhdidlərə hazırda məhəl qoymurlar. Bu fonda sülh danışıqlarına yeni nəfəs vermək müşkül işdir...
Berbok Bakıdan əli ətəyindən uzun qayıtsa, Brüssel prosesi, arxasınca bütünlükdə sülh prosesi “qış yuxusu”na gedəcək.
Berbokun səfəri ərəfəsində Rusiya XİN-in sözçüsü Mariya Zaxarova cümə axşamı keçirdiyi brifinqdə tələm-tələsik Berbokdan qabağa düşməyə çalışıb: “Rusiya yaxın vaxtlarda Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazırdır”. Sonra da başlayıb “müttəfiqlik münasibətlərini dağıdan” rusofob və antirus Paşinyan və hökumətinə eninə-uzununa döşəməyə.
Paşinyansa onsuz da son vaxtlar Moskvaya ayaq basmır, “iti görüm, qurdu görüm, Putini görməyim” deyir. Yəni, Moskva formatına da bir quş...

Qəzənfər Həmidoğlu 

4.4606931209564