"Bankların əsas bağlanma səbəbi bazar paylarının kiçik olması və rəqabətə tab gətirə bilməmələridir"
Qəfil meydana çıxdıqları kimi anidən fəaliyyəti dayanan, yaxud dayandırılan banklar müştəriləri arasında müəyyən problemlərin ortaya çıxmasına səbəb olurlar. Çox zaman fəaliyyətləri dayandırılan bankların bağlanma səbəbləri də qeyd edilmir. Məsələn, bugünlərdə “Muğanbank”, “Günaybank” kimi bankların bağlanması ilə bağlı əhali bir sıra problemlərlə üzləşiblər. Bəziləri banka qoyduqları vəsaitlərin onlara gec qaytarılmasıdan şikayətlənirlər. Belə olan təqdirdə sual yaranır - bankların fəaliyyətlərini dayandırmalarına səbəb nədir? Yaxud, indiyədək bağlanmış banklardakı əmanətlər müştərilərinə tam həcmdə qaytarılıbmı?
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı fikirlərini "Paralel. az"la bölüşdü.
Ekspert N. Cəfərlinin fikirlərinə görə, bankların bağlanmasının müxtəlif səbəbləri var:
"Onların başlıca ana xətti isə bazar paylarının kiçik olması və rəqabətə davam gətirə bilməmələridir. Əgər əmanətlər sığortalanıbsa, onlarla bağlı ortada ciddi problem yoxdur. Əmanətlər dövlət tərəfindən 100.000 manata qədər sığortalanır. Əsasən, sığortalanmayan əmanətlər ilə bağlı problemlər yaşanır. Sonradan bu əmanətlərin qaytarılması prosesi müəyyən zaman alır. Bəzi hallarda aylarla bu proses davam edə bilər".
Ekspert qeyd edir ki, banklar bağlanan zaman hüquqi şəxslərin hesablarındakı pullar ilə bağlı problemlər də yaşanır:
"Ümumiyyətlə, bankların bağlanması və ya yenilərin açılması bu özündə bir problem deyil. Problem odur ki, Azərbaycan sferasında təməl gücləşməsi olmasın. Hal-hazırda 4-5 bank var ki, bank sahəsinə 70-75 faiz nəzarət edir. Bu daha ciddi məqamdır və rəqabətli mühit üçün ciddi problem yaşada bilər".
Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi
"Paralel.az"