Kiyev Qərbin yalanına görə yeni taktikaya əl atdı - Kreml məqam gözləyir

Kiyev Qərbin yalanına görə yeni taktikaya əl atdı - Kreml məqam gözləyir
 

Əks-hücum əməliyyatında istənilən nəticəni əldə edə bilməyən Ukrayna müharibədə yeni taktikaya əl atmaq məcburiyyətində qalıb. Buna isə səbəb Qərbin Ukraynaya söz verdiyi halda ona lazım olan hərbi texnika və silah-sursatla təmin etməməsidir. Kiyev Qərbdən uzaqvuran artileriya qurğuları, raketlər, hava hücumundan müdafiə sistemləri, F-16 təyyarələri, elektron döyüş avadanlığı istəsə də, Ukrayna lazımi səviyyədə istəyinə nail olmadı. Verilən silahlar isə əks-hücum əməliyyatını uğurlu nəticə ilə yekunlaşdırmağa imkan vermədi. Ona görə də uğurlu nəticəni əldə edə bilməyən Kiyev döyüş taktikasını dəyişmək məcburiyyətində qalıb. 

Digər tərəfdən isə artıq hava şəraitinin dəyişməsi, yağıntılar və soyuqların düşməsi, uğurlu hücum əməliyyatını həyata keçirməyə imkan vermir. 

Növbəti məqam isə müharibə əməliyyatının aparıldığı coğrafiya, ərazinin minalanmasıdır. Bu da əks-hücum zamanı cəbhəni yarıb genişləndirməyə imkan vermir. Bütün bu və digər amillər Kiyevi mövqeli və uzun mərhələli taktikaya keçməyə vadar edir. 

Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı, general Valeri Zalujnı Britaniyanın “The Economist” qəzetinə yazdığı məqaləsində də Kiyevin yeni döyüş mərhələsinə keçidi təsdiqləyərək qarşıda duran vəzifələri barədə mövqeyini bildirib. O qeyd edib ki, bu gün Moskva və Kiyev arasında hərbi münaqişə yeni mərhələyə qədəm qoyur. Bu, hərəkət və sürəti ehtiva edən manevr döyüşündən fərqli olaraq, statik və uzunmüddətli döyüş mövqeyi mərhələsidir.  

General bildirib ki, vəziyyətdən çıxmaq üçün Ukrayna beş əsas mövqe vəzifəsini həll etməlidir. “Hava üstünlüyünə nail olmaq, radioelektron müharibə imkanlarını gücləndirmək, düşmən artilleriyasının məhvinin sayını artırmaq (batareyaya qarşı mübarizə), mina təmizləmə prosesində yeni texnologiyalarının tətbiqi və təlim və səfərbərliyə çağırıla bilən Ukrayna vətəndaşlarının kateqoriyalarının genişləndirilməsidir”.

Cəbhədə yaranmış problemlərə görə Ukraynanın hərbi rəhbərliyində ciddi dəyişikliklər baş verə bilər. 

“Time” jurnalı prezident Volodimir Zelenskiyə yaxın mənbələrə istinadən yazır ki, qışda cəbhədəki çətin vəziyyətə görə Ukraynanın hərbi rəhbərliyində mühüm dəyişikliklər baş verə bilər.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, nazirlərdən biri və yüksək rütbəli generallardan biri tutduqları vəzifələrdən uzaqlaşdırılacaq və əks-hücum zamanı “cəbhədə ləng irəliləyiş”ə görə məsuliyyət daşıyacaq. 

Belə demək mümkünsə, uğursuzluğa görə kimsə “qurbanlıq keçi” olacaq.

Nəşr eyni zamanda bəzi müttəfiqlərin Ukraynadakı müharibənin uzanması və istənilən nəticəni verməməsindən yorulduqlarını da qeyd edib. 

Məhz Moskva da müharibəni uzatmaqla Kiyevin müttəfiqlərini yorub əldən salmaq və onların Ukraynaya dəstək verməsindən imtina etməsini gözləyir. Qərb Ukraynaya dəstəyi azaldan kimi, Kreml əks-hücumla Kiyevi danışıqlara məcbur etməyi planlaşdırır.

O da bəllidir ki, Qərb Ukraynaya istədiyi dəstəyi verməyəcəyi təqdirdə Kiyevin qələbə əldə etməsi sual altındadır. Çünki Kiyev istər hərbi texnika, istərsə də canlı resurs baxımdan tükənməkdədir.  Proseslər necə inkişaf edəcək, bunu zaman göstərəcək.

Mürtəza
Ölkə.Az

 

0.01269006729126