"Cihazlara xidmət göstərilməyən zaman sıradan çıxmağa məruz qalır"
Gündəlik həyatımızda Bakı kartlar ilə bağlı əhali müəyyən problemlər ilə üzləşirlər. Bəzən Bakı kartlarına ödəniş edən zaman aparatların biri ancaq qəpik, digəri isə nəğd pul qəbul edir. Digər bir problem isə aparatların prospektlərdən, küçələrdən yığışdırılıb marketlərə salınmasıdır. Əhali kartlara ödəniş etmək üçün marketlərə və ya metroya geyməyə məcbur olurlar. Nəticədə, əhali hər gün bu problem ilə üzləşməli olurlar. Bəs bu problemlərin aradan qaldırılması üçün həll üsulları var mı? Nəqliyyat eksperti Elməddin Muradlı mövzu ilə bağlı fikirlərini "Paralel.az"la bölüşdü.
Ekspertin fikirlərinə görə, Bakı kart aparatları artıq bu dövr üçün köhnə cihaz sayılır.
"Həmin cihazların istifadə müddəti bitə bilər. Bakı Nəqliyyat Agentliyi(BNA) həmin cihazları gətirən zaman onun istismar dövrünü, texniki xidmətini də nəzərə alması daha uyğun olardı. Cihazları əldə etdiyi şirkət ilə uzun müddətli müqavilə də bağlaya bilərdi. Nəticədə, mənfi halların baş verməsi ilə cihazlara xidmət göstərilmir və hər gün biri sıradan çıxmağa məruz qalır".
Ekspert qeyd edib ki, bəzən vətəndaşlar cihazları yararsız hala sala bilir.
"Avtobus dayancaqlarında aparatın içinə siqaret kötüyü, başqa ölkərə məxsus qəpiyi atmaqla cihazın tez sıradan çıxmasına səbəb olurlar. Bu baxımdan həmin aparatlar bərbad vəziyyətdədir. İstismar olunan zaman bunun qarşısını almaq mümkün deyil. Aidiyyəti qurumlar yeni bir sistem yaradıblar. Həmin sistemin yeniliyi ondan ibarətdir ki, onlayn qaydada kartlarına ödəniş edə bilmə imkanı var. Lakin bəzi insanlar hələ də bu yeniliyə alışa bilmirlər. Gündəlik həyatda daha çox köhnə üsul ilə ödəniş etməyə cəhd göstərirlər. Həmçinin, MilliÖn aparatları və digər vasitələr ilə bakı kartlarına ödəniş etmək mümkündür".
Fatimə Mustafayeva,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi
"Paralel.az"