Carlsberg”in rəhbəri Rusiyanı oğurluqda ittiham edir

“Carlsberg”in rəhbəri Rusiyanı oğurluqda ittiham edir
 

"Carlsberg Group”un baş direktoru Ceykob Aarup-Andersen bildirib ki, Rusiya şirkətin ölkədəki biznesini oğurlayıb. Bu, Ukraynada müharibə başlayandan sonra Rusiyada biznesini itirmiş Qərb şirkəti rəhbərliyinin ən kəskin reaksiyasıdır.

Bu barədə Reuters yazır. 

Şirkətin baş direktoru bildirib ki, Carlsberg Group Rusiya biznesi ilə bütün əlaqələri kəsib. Onun sözlərinə görə, şirkət Rusiya hakimiyyəti ilə sövdələşmədən imtina edir, çünki belə bir razılaşma aktivlərin ələ keçirilməsini qanuniləşdirəcək. O, bu barədə rüblük hesabat dərc edildikdən sonra jurnalistlərlə söhbətində bildirib. Putinin Carlsberg Group-un aktivlərini Federal əmlakın idarə olunması agentliyinə ("Rosimuşestvo”) verilməsi qərarından əvvəl şirkət Rusiya biznesini satmaq niyyətində idi və 2023-cü ilin iyununda müvafiq müqavilə imzalayıb.

"Rusiyanın bizim biznesimizi oğurlaması faktını aradan qaldırmaq üçün heç bir yol yoxdur və biz onlara bunu qanuniləşdirməyə kömək etməyəcəyik", - Aarup-Andersen bildirib.

O qeyd edib ki, müvafiq lisenziyaların müddəti bitdikdən sonra Rusiya şirkətləri şirkətin brendləri altında məhsul istehsal edə bilməyəcəklər. Carlsberg Group-un rəhbəri vurğulayıb ki, o, şirkətin məhsulunun istehsalının dayandırılacağına zəmanət verə bilməz, lakin buna ümid edir.

Xatırladaq ki, yayda Rusiya hakimiyyəti "Carlsberg Group”un Rusiyanın "Baltika”sındakı payını, həmçinin xarici şirkətlərin "Danone Russia”dakı səhmlərini Federal əmlakın idarə olunması agentliyinin müvəqqəti idarəçiliyinə verib. Bu barədə Vladimir Putin fərman imzalayıb. Həmin zaman "Baltika”ya Putinin 90-cı illərdən tanışı Taymuraz Bolloyev, "Danone”yə isə Ramzan Kadırovun yaxın qohumu Yakub Zakriyev rəhbərlik edirdi. Fransanın "Danone” şirkəti sonradan Rusiya biznesini şirkətin balansından silib, lakin aktivlərin qanuni sahibi olaraq qaldığını bildirib.

Oktyabr ayında "Carlsberg Group” Putinin fərmanını biznesin "qanunsuz ələ keçirilmə” adlandırıb. Eyni zamanda, şirkət "Baltika"nın məhsullarını satmaq üçün lisenziyasını ləğv edib, lakin 2024-cü il aprelin 1-dək keçid dövrü təyin edib, bu müddət ərzində Rusiya şirkəti mövcud ehtiyatlar və materiallardan istifadə edə bilər.

"Baltika”nın Rusiyada səkkiz fabriki var. "Kommersant”ın məlumatına görə, 2022-ci ildə şirkət 197,42 milyon dekalitr pivə və pivə içkiləri istehsal edib ki, bu da onu ölkədə ikinci ən böyük pivə istehsalçısı edir.(Qaynarinfo)

 

0.017897129058838