Sülh prosesində “platforma böhranı”

Sülh prosesində “platforma böhranı”
 

Brüssel prosesi yerində saydıqca Azərbaycan-Ermənistan sülh danışıqlarında Qərb formatlarının gələcəyi qeyri-müəyyənliyə qərq olur. Ermənistanın Rusiyanın müttəfiqlik və vasitəçiliyini şübhə altına alması ilə Moskva formatının faktiki olaraq rəfə qaldırılması, Bakı-İrəvan dialoqu üçün Tiflis variantının bəyənilməməsi və “3+3” formatının adekvat və effektivliyinin sual altında olması bütünlükdə sülh prosesini “platforma böhranı” ilə üzləşdirib.
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə oktyabrın sonlarına planlaşdırılan görüş Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın sözlərinə görə, "vaxt çatışmazlığı“ səbəbindən alınmadı. Çərşənbə günü Kanadanın xarici işlər naziri Melani Joli ilə keçirdiyi birgə brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana belə bir sual verildi ki, "söhbət vaxt yoxluğundan gedirsə, görüşə getməyə kimin vaxtı olmayıb?". Mirzoyan iddia edib ki, Brüsselə getməyə “vaxt tapmayan” Prezident İlham Əliyev olub: "Aydındır ki, Azərbaycan prezidentinin, çünki biz bu görüşə indi də hazırıq. Ümid edirəm ki, problem, həqiqətən də, konkret tarixlərdədir və ən yaxın vaxtda bu görüşün yeni tarixini razılaşdırmaq mümkün olacaq”.
Azərbaycan XİN Ararat Mirzoyanı cavabsız qoymayıb və onu “siyasi manipulyasiya”da, Rəsmi İrəvanı isə “bir sıra təxribatçı addımları ilə prosesə mane olmaqda” günahlandırıb: “Azərbaycanın planlaşdırılan Brüssel görüşünə getməyən tərəf olduğunu iddia edən nazir Mirzoyana xatırlatmaq istərdik ki, Ermənistandan fərqli olaraq, Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib”.
Oktyabrın 13-də MDB dövlət başçılarının Bişkek sammitində Putin Azərbaycan və Ermənistan liderlərinə sülh müqaviləsi danışıqları üçün Moskvanı platforma kimi təklif etmişdi. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov srağagünki açıqlamasından belə çıxır ki, Putinin çağırışı qulaq ardına vurulub: “Hələ ki heç nə yoxdur. Dəqiq anlaşma yoxdur. Kontaktlarımızı davam etdiririk”.
Brüssel görüşünün baş tutmamasını və ya sülh sazişinin imzalanmasının yubadılmasını maraqlı tərəflər və ekspertlər fərqli rakurslardan müxtəlif səbəblərlə şərh və izah etməyə çalışırlar. Bəzilərinə görə, “Bakı yaranmış situasiyada təcili saziş imzalamağa az ehtiyac hiss edir”, digərlərinə görə, “Paşinyanın daha yaxşı bir nəticə ümidilə sazişin imzalanmasını gecikdirir”. Şübhəsiz ki, Qranadada qəbul edilən bəyannamə, Avropa İttifaqının Qarabağ məsələsinə yanaşması və Parisin bu kontekstdə canfəşanlığı da Bakını qəzəbləndirib. Hakimiyyətin opponentlərinin paradiqma və narrativlərində yenilik yoxdur: “Hakimiyyət böyük sülh sazişinin imzalanmasını istəmir, Brüssel prosesindən yan qaçır, çünki Qərbi Cənubi Qafqazdan uzaqda saxlamağa çalışır ki, avtoritarizmi xilas etsin” və s. və i.a.
Platformalar arasında vurnuxan sülh prosesi bu gedişlə Buridan eşşəyinin gününə düşüb acından, pardon, formatsızlıqdan canını tapşırmaq, daha doğrusu, açı bağırsaq kimi uzanmaq riski ilə üzləşə bilər.
Bununla belə, tərəflərin açıqlamalarında sülh ümidlərini artıran pozitiv məqamlar da yox deyil. Hər halda Bakı regional əlaqələr və tezliklə sülh sazişinin inzalanması üçün “real şanslar” olduğunu vurğulamaqda davam edir. Prezidentin köməkçisi Hikmət Hacıyev “Politico”ya dediyinə görə, Bakının Naxçıvana dəhliz (Zəngəzur) açmaq üçün Ermənistanın Sünik ərazisini zəbt etmək planı yoxdur, hətta Zəngəzur dəhlizi Azərbaycan üçün artıq “cazibədarlığını itirib”.
Rusiyanın "Birinci kanal"ının təhqir etdiyi ("Никол Пашинян: предвестник беды. Куклы наследника Тутти”) Paşinyan isə Moskvanı cin atına mindirməkdə davam edir və The Wall Street Journal-a müsahibəsində bildirib ki, Ermənistanda Rusiya hərbi bazalarını saxlamaq mənasız işdir. Azərbaycanla münasibətləri sülh yolu ilə sahmanlanmasına nikbin yanaşan baş nazir Bakı və Ankaranın ünvanına növbəti xüsusi jest edib. WSJ-nin müxbiri erməni-rus tarixi əlaqələrinə dair sual verib, Paşinyan isə bunun yerinə “Ermənistanın türk qonşuları, Türkiyə və Azərbaycanla daha uzun tarixinə” diqqət yetirməyə çağırıb: "Bütün suallar və bütün cavablar buradadır. Biz ilk növbədə regional əlaqələrimizi yaxşılaşdırmağa çalışmalıyıq”.
Paşinyan bu bəyanatı ilə Moskvanın uydurduğu, İrəvan siyasətçilərinin təbliğ etdiyi “xeyirxah rusların əzabkeş erməniləri qaniçən türklərdən qoruması”, “bicarə ermənilərin Rusiyanın himayəsi altında Osmanlıda olduğundan təhlükəsiz yaşamaları”, ermənilərin Anadoludan qovulmasının səbəbləri ilə bağlı mifləri, psevdonarrativləri, Köçəryanın "ermənilərlə azərbaycanlıların genetik uyğunsuzluğu, eyni ərazidə yaşaya bilməyəcəkləri” haqqındakı nasist sarsaqlamasını faktiki olaraq alt-üst edir...
Əlbəttə, vasitəçi, platforma, diplomatik meydança vacib şeylərdir, amma sülh prosesi üçün əsas olan kimsənin burnunu soxmadığı, qarışdırmadığı, oyun qurmadığı birbaşa dialoqdur. Bunsuz sülhün yolu platformadan platformaya, formatdan formata, Brüssel-Vaşinqtondan Moskva-Soçiyə, ordan da Tehrana səkə-səkə uzanacaq...

Qəzənfər Həmidoğlu 

"Paralel.az"

0.059613943099976