Bakının simasını və panoramasını əks etdirən ərazi nə vaxt abadlaşdırılacaq?

Bakının simasını və panoramasını əks etdirən ərazi nə vaxt abadlaşdırılacaq?
 

Bakı şəhərinin Baş Planının icrası ilə əlaqədar Yasamal rayon İcra Hakimiyyəti tərəfindən “Sovetski” adlanan ərazidə köçürmə və daşınmaz əmlakın sökülməsi işləri tam yekunlaşmayıb. Ərazinin bir hissəsi Prezident İlham Əliyevin xüsusi tapşırığı və sərəncamı ilə illər əvvəl abadlaşdırılsa da, digər ərazi hələki boş olaraq qalır. 

Söhbət Abdulla şaiq küçəsi ilə “Təzəpir” məscidi arasındakı ərazidən gedir. Bakının simasını və panoramasını əks etdirən ərazi nə abadlaşdırılır, nə də boş sahədə tək-tük qalan gecəqondular sökülür. 

Halbuki müvafiq sərəncama görə ərazi illər əvvəl salınan Mərkəzi Parkın davamı olaraq nəzərdə tutulub. Hazırda uçuq-sökük mənzərəsi ilə seçilən boş sahə sahibsiz itlərin, küləyin gətirdiyi məişət tullantılarının məskəninə çevrilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin “Bakı şəhərinin Yasamal rayonu ərazisində Füzuli meydanının ətrafındakı yol-nəqliyyat infrastrukturunun yaxşılaşdırılması və abadlıq işlərinin aparılması ilə bağlı bəzi tədbirlər haqqında” 2016-cı il 4 avqust tarixli, eləcə də “Təzəpir məscidi kompleksinin ətraf ərazisinin abadlaşdırılması ilə əlaqədar tədbirlər haqqında” 2016-cı il 5 avqust tarixli sərəncamları var. 

Həmin sərəncamların icrası olaraq, “Təzəpir məscidi kompleksini ziyarət edənlər üçün parklama imkanlarının yaradılması işləri” layihəsinin II mərhələsi tam yekunlaşdırılsa da, Abdulla Şaiq küçəsi ilə “Təzəpir” məscidi arasındakı ərazidə nə yaşıllaşdırma, nə də abadlaşdırma işlərinə başlanılıb. 

Halbuki istirahət məkanı və əhaliyə xidmət göstərən müasir infrastrukturun qurulması, yeni parkın salınması Bakının simasının daha da gözəlləşməsi baxımından mühüm rol oynayır.

Bəs, Mərkəzi Parkın davamı nə vaxt salınacaq? 

Məsələ ilə bağlı Yasamal rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Elnur Tağıyev Bizim.Media-ya açıqlamasında bildirib ki, abadlaşdırma işlərinə nə zaman başlanılması Maliyyə Nazirliyindən asılıdır. 

Maliyyə Nazirliyinin mətbuat katibi Mayis Piriyev isə bununla bağlı sorğunun email ünvanına göndərilməsini istəyib. 

Xatırladaq ki, ölkə başçısının göstərişlərinə əsasən ümumilikdə 26 hektar ərazini əhatə edən keçmiş “Sovetski” adlanan ərazidə abadlıq və yenidənqurma işlərinə 2013-cü ilin noyabr ayında start verilib və işlər mərhələli şəkildə icra olunur. 

2019-cu il mayın 22-də Yasamal rayonu ərazisində yerləşən Təzəpir məscidinin qarşısındakı yeni bağın və Füzuli küçəsi boyunca salınan Mərkəzi Parkın açılışı olub. Açılışda Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.

Ərazi orijinal layihə əsasında yüksək səviyyədə abadlaşdırılıb və müasir tələblərə uyğun yeni istirahət parkı salınıb. Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi Mərkəzi Parkın ən mühüm xüsusiyyəti Nəriman Nərimanov prospektindən Heydər Əliyev Sarayınadək olan ərazidə piyadalara yol keçmədən maneəsiz hərəkət imkanının yaradılmasıdır. Eyni zamanda şəhərin simasını daha da gözəlləşdirmək, paytaxt sakinlərinin və turistlərin mədəni istirahətinə xidmət etməkdir.

 

0.015621185302734