Qaynayan dünyada bizim yerimiz...
Müasir mərhələdə dünya qaynar qazana dönüb, sabah nələrin baş verəcəyini bu gün təxmin etmək çox çətindir. Amma dünyanın bu keçməkeşi bir dövlət olaraq Azərbaycana töhfə verdi - torpaqlarımızı işğaldan azad edib, ərazi bütövlüyümüzü bərpa etməyimizə kimsə mane olmadı. Düzdür, Qarabağdakı məhdud antiterror əməliyyatı bütün Avropanın əndişələndirdi. Əleyhimizə heç nəyə təsiri olmayan, qaragüruh bir bəyanat da səsləndirdilər. Lakin hamıya gün kimi aydındır ki, Qafqaz hələlik Moskvanın nüfuz dairəsinə aid məkandır. Zaman-zaman Qərb Gürcüstanı, indi isə Ermənistanı Rusiyanın caynağından çıxarmaq adı ilə müəyyən monipulyadiyalarla öz maraqlarını Qafqaza daşımaq istəyir. Əməliyyat alınmayanda isə ayağını qurbanının başına qoyub çayın o tayına tullanır. Əsrin əvvəlində Qərb Gürcüstanı Mixail Saakaşvili vasitəsilə ələ keçirmək istədi - əməliyyat alınmadı. Gürcüstan bir yana, Saakaşvili haradadır? İndi isə oxşar layihə Ermənistana tətbiq edilir. Avropa bir tərəfdən Ukraynanı, digər tərəfdən isə Ermənistanı Rusiyaya qarşı istifadə edir. Rusiyaya qarşı istifadə edilən hər iki dövlətin xalqları isə elə bilir ki, Qərb və Amerika onlara xoşbəxtlik gətirmək üçün miyardlar xərcləyir. Ancaq ABŞ və Avropa dövlətlərinin hər hansı bir ölkəyə yönəlik davranışlarını müəyyən zaman kəsiyində izlədikdən, aydın olur ki, onların cəhdləri yalnız öz maraqları naminədir. Sadəcə olaraq hansı dövlətinsə inkişafı və ya mənafeyinin müdafiə edilməsi müəyyən zaman kəsiyində onların maraqlarına uyğun gəlir. Bəzilərinin isə bədbəxtliyi bu ölkələr üçün münasib olur. Məsələn, İraq, Suriya və Əfqanıstan kimi. Müəllifinin adını unutduğum bir ifadə müasir mərhələdə dövlətlərarası münasibətlərin real formulasını özündə mükəmməl ifadə edir: "Daimi dost və düşmən dövlət yoxdur, sadəcə maraqları uyğun gələn və ya maraqları üst-üstə düşməyən ölkələr var". Hansı dövlətlər bir-biri ilə dost münasibətdədisə, onların maraqları üst-üstə düşür, düşmənlərin isə maraqları uyğun gəlmir. Yəni dövlətlər arası münasibətlərin məzmunu onların maraqları ilə düzmütənasibdir. Burada millətlərin eyni kökdən gəlməsi, qardaş və ya bacı olması heç bir əhəmiyyət kəsb etmir. Məsələn, ukraynalılarla ruslar bizimlə səlcuq türklərinə nisbətən bir-birinə daha yaxındır, demək olar ki, eyni millətdirlər. Amma bu gün ruslarla ukraynalılar döyüşür, bizimlə səlcuq türkləri isə özümüzü "Bir millət, iki dövlət" elan etmişik. Mədəni əlaqələr burada köməkçi vasitə ola bilər, amma əsas məsələ dövlət maraqlarıdır. Artıq bu dünyada qəbul edilmiş sərt qaydadır, lakin siyasətçilər bunu müxtəlif vasitələrlə cəmiyyətin diqqətindən yayındırmağa çalışırlar. Məsələn, bu gün cəmiyyətə sirimağa çalışırlar ki, bizim Türkiyə ilə isti münasibətimizin səbəbi xalqlarımızın qardaş olmasıdır. Lakin bu heç də belə deyil, bariz nümunə - Türkiyə 90-larda qaçqınları erməni təcavüzündən xilas etmək üçün bizə iki helikopter vermədi. Necə məgər, 90-larda qardaş deyildik, indi qardaşlaşdıq olduq, dəyişən nədir? Əlbəttə, mənafelər...
Bir misal da bu günlərin olaylarından gətirim. HƏMAS İsrail vətəndaşlarının evinə girib, uşağın gözü qarşısında valideyinin, valideyninin gözü qarşısında uşağın başını kəsəndə İranda əhaliyə şirinlik könfet paylayırdılar. İndi - bir gecədə İsrail bes min ərəbi, o cümlədən 2050 uşağı, 1119 qadını qətlə yetirəndə İranın səsi çıxmadı. Nədən? Çünki Fələstin ərəblərinə yönəlik İsrail təcavüzünə qarşı İranın müqavimət göstərməsi o dövlətin maraqlarına uyğun gəlmir. Baxmayaraq ki, İran vətəndaşları fələstinlilərlə həmrəylik nümayiş etdirirlər. Vətəndaş nəyisə tələb edə bilər, onun məsuliyyəti yoxdur, amma dövləti idarə edən hökumət məsuliyyət daşıyır və bu məsuliyyəti doğrultmağın ən düzgün formulası dövlətin mənafeyindən çıxış etməkdir. Əslində hökumətlərin təmsil etdikləri ölkələrin mənafeyindən çıxış etmələri beynəlxalq rakursdan nə qədər kobud görünsə də, hazırda ən doğru yol budur. Yəni biz də Azərbaycan Respublikası olaraq dostlarımızı və düşmənlərimizi dövləti maraqlardan təsnifləşdirməliyik - əsas meyar dövlət maraqları olmalıdır. Məsələn, İran əhalisinin tən yarısı bizim soydaşlarımızıdır, amma Tehranla Bakı arasında münasibətlər, Ankara ilə münasibətlərin heç 10 faizi qədər də inkişaf edə bilmir. Çünki İranla bizim maraqlarimiz zaman-zaman daha çox toqquşur, bunun da bəlli səbəbləri var.
Bütün bunları yazmaqda məqsədimiz onu diqqətə çatdırmaqdır ki, bu gün biz də öz dövlət maraqlarımızla çıxış etməliyik, onu kiməsə qurban verməməliyik. Bu gün Rusiya ilə İran iqtisadi münasibətlərini dərinləşdirmək barədə razılığa gəliblər. Bu iki ölkə arasında dərinləşən iqtisadi münasibətlərin nəticəsində yüksələn mal dövriyyəsi məhz Azərbaycan üzərindən - Şimal-Cənub dəhlizi vasitəsi ilə həyata keçiriləcək. İki ölkə arasında artan dövriyyə bizim maraqlarımıza uyğun gəlir, çünki ən azı milyonlarla dollar tranzit haqqı, gömrük rüsumu və s. kimi gəlirlər əldə edəcəyik. Digər tərəfdən, bizimlə siyasi mənafeləri heç də həmişə üst-üstə düşməyən bu iki ölkə müəyyən mənada bizdən asılı vəziyyətə düşəcək. Hər ikisi dünyadan təcrid edilib, bir-birinə möhtacdır - onların bu istəyi isə yalnız Azərbaycan vasitəsi ilə reallaşa bilər. İran və Rusiya bizim düşmənimizin dostu olsa da, dövlət maraqları bizi onlarla müttəfiq edir.
Müəyyən geosiyasi proseslərin inkişafı bizə imkan verdi ki, ərazi bütövlüyümüzü bərpa edə bilək. Biz də bu tarixi imkandan yetərincə faydalandıq, ən azı bir xalq olaraq alnımızdakı "məğlub xalq" ləkəsini silə bildik. İndi biz bu həssas məqamdan məharətlə keçərək sərhədlərimizi möhkəmləndirməliyik və diplomatik müharibədə qələbəni təmin etməliyik. Hazırda bizim qələbəmiz həssaslıq mərhələsini yaşayır. Ona görə ki, yuxarıda qeyd etdiyimiz kimi hələ də Moskva bölgədə hakimi-mütləqdir. Rusiya isə tarix boyu özünü dünyanın ən etibarsız ölkəsi kimi aparıb və bu gün də o strategiyanı davam etdirir. Rusiyanın daxili və xarici siyasətində müqəddəs və toxunulmaz heç bir şey yoxdur. Sabah Paşinyanın yerinə rusiyapərəs birisi gətirilsə, Rusiya yenidən erməni cildinə girib, bizimlə torpaq davası aparacaq. Bu səbəbdən də Rusiya ilə elə "öz dilində danışmaq" lazımdır. Nə ona etibar etmək lazım deyil, nə də ona imkan vermək olmaz ki, bizi vassalına (!?) çevirə bilsin.
Bir qədər də dövlətin idarə edilməsində hökumət və cəmiyyət münasibətlərindəki qusurlarımıza toxunmaq istərdik. Yuxarıda qeyd etdiklərimizdən elə anlaşılmamalıdır ki, biz Qərbdən və ABŞ-dan üz çevirməliyik. Əsla belə deyil, bu dövlətlərin daxili siyasət təcrübəsi bizim üçün hələ də nümunə olaraq qalmalıdır. Xarici siyasətimizin uğurları bizə daxildə eyfarik başgicəllənmə verməməlidir. Ölkədə demokratiya, soz azadlığı, iqtisadi azadlıqlar, qanunun aliliyi, şəffaflıq, hesabatlılıq, korrupsiya, qeyri-müstıqil məhkəmələr və s. bu kimi problemlər cəmiyyət və hökumət qarşısında ciddiliyi ilə dayanmaqdadır. Bu gün dövlət məmurları Müzəffər Ali Baş Komandanın Qələbəsi adından sui-istifadə edərək, vətəndaşlara qarşı bir qədər də azğınlaşıb. Bu yolverilməzdir. Qələbəmizi hər halda dövlət məmurları deyil, bu xalqın övladları təmin edib. Ona görə də, əksinə, Qələbəyə görə məmurlar özünü vətəndaş qarşısında daha çox borclu saymalıdır. Qərb də, ABŞ da məhz bizi yuxarıda sadaladığımız zəif yerimizdən - "Axilles dabanı"mızdan vurur. Bizim bir dövlət olaraq bu zəif nöqtələrimiz gücləndirilsə, qısa bir zamanda biz dünyanın qüdrətli və inkişaf etmiş ölkələri sırasında yer ala bilərik.
Demokratiya heç də iddia edildiyi kimi, xristian mədəniyyətinin məhsulu deyil, baxmayaraq ki, ondan daha çox xristianlar yararlanır. U. Çörçilin bir ifadəsi var: "Demokratiya o qədər də ideal idarəetmə üsulu deyil, amma bəşər sivilizasiyası hələ ondan yaxşısını icad edə bilməyib". Yəni bu bəşər sivilizasiyasının məhsuludur, bizim də ondan yararlanmağa haqqımız var.
Akif Nəsirli