Hələ gediləsi çox uzun yolumuz var 

Hələ gediləsi çox uzun yolumuz var 
 

İnkişafın təməli təhsil, davamı isə təcrübədir

 “...Təhsil prosesi lazımi səviyyədə təşkil edilməyibsə, tədrisin səviyyəsi axsayırsa, tələbələr bilik qazanmağa nə qədər can atsalar da, nəticə əldə etmək çətin olacaqdır...”- Prezident İlham Əliyev

 Təhsil strateji əhəmiyyətli fəaliyyət sahəsi olmaqla yanaşı, həm də dövlətin siyasi-iqtisadi, sosial və mədəni inkişafını müəyyən edir, cəmiyyətin mənəvi dəyərlərini formalaşdırır. Ona görə də, suveren dövlətlər təhsilin inkişafına xüsusi diqqət yetirirlər.

Amma gerçəkliyi qədər deyilişi və səslənişi gözəl olan bu fikirləri ölkəmizə də şamil etmək olarmı? Vətənini, dövlətini sevən vətəndaşın bu suala cavab axtarması sanıram nörmaldı.

Məsələn, bir halda ki, təhsil gerçəkdən də cəmiyyətin tərəqqisinin hərəkətverici qüvvəsidir və intellektual potensialı formalaşdırır, xalqın ümidli gələcək sferasını yaradır, yoxsulluğun aradan qalxmasını təmin edir və xalqın rifah halını yaxşılaşdırır, hüquqi cəmiyyətin qurulmasında əvəzsiz rol oynayır, vətəndaşı cəmiyyətdə təfəkkürlü qüvvəyə çevirir və fərdin, kollektivin inkişafını təmin edir, milli-mənəvi dəyərlərimizi qoruyur və ən əsası insan kapitalını formalaşdırırsa – o zaman niyə Azərbaycanımızda bu gözəl fikirlər elə söz olaraq qalır, reallaşmır, həyatımıza, yaşamımıza tətbiq olunmur. Məyər bu sahədə səlahiyyətli olanlar vətənini, dövlətini, xalqını sevmir? Sevmirsə bizlər niyə onları sahibləndikləri yerlərindən elbirliyi ilə uzaqlaşdırmırıq, nəyi, kimi gözləyirik?

 Bacarığı, savadı, mənəvi-əxlaqi keyfiyyəti aşağı adamların yüksək dövlət vəzifələrində yer almasını insanlarımız istəmir. Çünki onların özbaşınalığı üzündən emosional cəmiyyətdə sabaha inamsızlıq toxumu səpilir. Xüsusilə də təhsil sahəsində...

Təhsilin daim ümummilli məsələ olduğunu bildirən, bu gün təhsili zəif olan ölkənin sabah elminin də olmayacağını  vaxtaşırı KİV-də qeyd edən, bu iki amili milli təhlükəsizlik məsələlərinin əsası hesab edən və sairə bu kimi digər maraqlı məqamlar musahibim, dos. İlham Əhmədovun şərhində.  

- İlham müəllim, sizcə təhsilin təməlinə əsl xidmət müəllim yetişdirməkdən keçir yoxsa başqa ciddi hesab etdiyiniz yollar var?

  - Mən hesab edirəm ki, təhsilə köklü, fundamental dəstək vermək üçün təhsil sisteminin özünü bütünlükdə təkmilləşdirmək, saflaşdırmaq, gücləndirmək lazımdır. Çünki təhsil sistemi özü zəif olanda yaxşı müəllim yetişdirmək olmur. Sistem özü mükəmməl olmalıdır ki, o sistem normal müəllim yetişdirsin. Necə deyərlər, pis məktəb, pis müəllim, pis şagird yoxdur. Pis təhsil sistemi var. Sistemin özünü düzəldəndən sonra müəllimi təkmilləşdirmək, müəllim hazırlamaq, daha yüksəyə qaldırmaq mümkündür. Əgər sistem keyfiyyətsizdirsə, indiki kimi iflic vəziyyətindədirsə, müəllim yetişdirmək mümkün olmayacaq. Ona görə ki, müəllimlik ixtisasına gələn abituriyent məktəbdən 250 balla gəlir. 250 balla gələni heç bir universitet keyfiyyətli ali təhsilli mütəxəssis kimi yetişdirə bilməz. Yəni bütünlükdə sistemə elə yanaşma olmalıdır ki, müəyyən tədbirlərlə sistemin bütün səviyyələrində keyfiyyəti, real durumunu yaxşılaşdırmaq mümkün olsun. İlkin yanaşmada bu olmalıdır. Ondan sonra bu işlərin davamı ilə müəllim yetişdirmək və digər məsələlər daha asan həll olunacaq.

 - Müəllim məşğulluq predmeti olmamalıdır. Saya deyil, keyfiyyətə işləməlidir. Lazım gəlsə tam yarısını ixtisar edib, “ələkdən” keçənləri saxlamalı və onlara da yüksək məvacib verilməlidir...

 - Mən belə düşünürəm ki, müəllimlik peşəsi bu gün ən kütləvi peşədir. Ölkədə 200 minə yaxın müəllim var. Və bunları da ələkdən keçirib, 50%ni işdən çıxartmaq həm böyük sosial gərginlik yaradacaq, həm də indiki çətin dövrdə 100 minə yaxın ali təhsilli vətəndaş işsiz qalacaq. Bu böyük bir problemdir. İkincisi, bu ələkdən keçirmə indiyə qədər olanların tayı olacaqsa (azərbaycansayağı), yəni testin də keyfiyyəti səviyyəsiz olacaqsa, müsahibədə də narazılıqlar, ziddiyətlər yaranacaq, səhv suallar, səhv testlər və s. bunlar da sosial gərginlik yaradacaq. Ona görə də müəllimlərin səviyyəsinin yüksəldilməsi fasiləsiz olmalıdır. İşləyən müəllimlər üçün mütəmadi təkmilləşdirmə, ixtisasartırma kursları aparılmalıdır, abituriyent səviyyəsində oxuyan, gələcəkdə pedaqoji ixtisasa yiyələnəcək olanlara pedaqoji universitetdə islahatlar aparılmalıdır. Beynəlxalq təcrübə sisteminə uyğun daha mükəmməl təhsil sistemi təqdim olunmalıdır. Universitetə qəbul da yüksək seçimlərlə olmalıdır. 200-250 balla yox, 400-450 balla. Ən azı 400 balla da abituriyentlərin pedaqoji universitetə gəlməsi üçün müəllimin cəmiyyətdə yüksək nüfuzu, məvacibi, güzəştlər olmalıdır. Belə güzəştlər 30 il əvvəl müəllimlər üçün var idi. Müəllimlərə kommunal xərclərdə, nəqliyyatda və s. sahələrdə güzəştlər var idi. Təəssüf ki, bu güzəştlər ləğv olundu. Bu gün sosial mənada ən zəif peşə sahibləri müəllimlərdir.

 - Dövlət hesabına xaricdə təhsil almağa gedənlərin bütün növ xərcləri qarşılanır. Onların göndərilməsi öz effektini verirmi?

- Xaricdə oxuyanların arasında müəllim peşəsi yoxdur. Dövlət proqramı ilə xaricə oxumağa göndərilənlərdən  müəyyən sahələr üzrə mütəxəssislər yetişdiriləcək. Azərbaycanda bu gün 100 minə yaxın işsiz müəllim var. Yəni bu bazar onsuzda sıxlıqdır. Əlavə də xaricdə oxutdurub gətirib burda müəllim kimi işləməyə gənclər meyl etməzlər. Xüsusən də müəllimlərin maaşı və digər şeyləri az əvvəl qeyd elədim. Ona görə də bu gün özümüz burda hazırlaşdırmalıyıq. Hətta ola bilər ki, xaricdə müəllim hazırlığı bizə uyğun olmasın. 

Ümumən isə təhsilimizin problemləri çoxdur və sistem xarakterlidir. Və bunların həllini mən belə görürəm ki, Azərbaycanda indiki kadrlarla bunu həll etmək mümkün deyil. Nə nazirlik, nə universitetlər, nə ekspertlərin verdikləri təkliflər və s. Pedaqoji elm də bunun qarşısında acizdir. Onsuz da pedaqoji elm elmi tədqiqat sahəsində yox səviyyəsindədir.  Olanlar da bu problemlərin düzgün həll yollarını təklif edə bilmirlər. Ona görə də hesab edirəm ki, necə qardaş türkiyədən gələn hərbçilər ordumuzu ayağa qaldırdılar, mükəmməl ordu yaratdılar, təhsil sistemimizə də türkiyədən belə bir dəstək lazımdır. Türkiyədən yüksək səviyyədə  ekspertlər gəlməlidir. Bir qismi təhsil nazirliyində, bir qismi universitetlərdə, bir qismi isə regional təhsil idarələrində - bax, belə dəstəklə həm idarəetmədə, həm məzmunda, həm texnologiyada, həm elmi -tədqiqatlarda peşəkar səviyyədə dəstək lazımdır. Düşünürəm ki, bunların heç biri yoxdur. Olan söhbətlər də hamısı primitiv məişət səviyyəsində söhbətlərdir. Bu gedişatla heç vaxt biz təhsili uçurumdan çıxara bilməyəcəyik. Xüsusən də müəllim hazırlığında... Cənab prezident deyirdi ki, əgər müharibə vəziyyəti olmasaydı, bizdə təhsil xərcləri hərbi xərclərdən çox olardı. İndi faktiki olaraq müharibə vəziyyətinə son qoyulub. Bundan sonra təhsilin büdcəsini 2 dəfə artırmaq lazımdır. Beynəlxalq səviyyədə ÜDM 7%-i təhsilə ayrıldığı halda, təhsilin inkişafı mümkündür. Bizdə bu 2 dəfə azdır. Və uzun illər bu belə olubdur. Ona görə də bizim təhsilimiz normal maliyyələşməyib. Kadr məsələsi də həmçinin. Müasir düşüncəli, müasir təhsili bilən, dünya səviyyəli prosesləri bilən insanlara ehtiyacımız var.

Söhbətləşdi: Şahnaz Salehqızı

1.3997409343719